“DEDİ Kİ, PROKUROR 15 MİNDƏN AŞAĞI DÜŞMÜR…” – Prokuror tərəfindən evi zəbt olunan vətəndaş Prezidentdən kömək istəyir

619 4-09-2019, 15:20 cemiyyet

“DEDİ Kİ, PROKUROR 15 MİNDƏN AŞAĞI DÜŞMÜR…” – Prokuror tərəfindən evi zəbt olunan vətəndaş Prezidentdən kömək istəyir“Sabunçu rayon prokuroru Ceyhun Şirinov məhkəmənin fəaliyyətinə müdaxilə edərək, mənim qanuni şəkildə aldığım mənzilimin üzərində hüquqlarımın tanınmasına, onun tərəfindən zəbt olunmuş evimin geri qaytarılmasına imkan vermir. Buna görə də, mətbuat vasitəsilə səsimi ölkə rəhbərliyinə catdırmaq istəyir, mənə kömək göstərilməsini xahiş edirəm”.

Bu fikirlər 6 ildir mənzili əlindən alındığı üçün ailəsilə birlikdə kirayədə yaşamağa məcbur olan İsmayıllı rayon sakini Səfər Soltanovun Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla, səlahiyyətli dövlət orqanlarının rəhbərlərinə, o cümlədən Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Baş prokuror Zakir Qaralova və Bakı şəhər prokuroru İlqar Abbasova müraciətindən götürülüb. Şikayət ərizəsinin surətini “AzPolitika.info”-ya da təqdim edən Səfər Soltanov artıq kirayə üçün verməyə pul tapa bilmədiyindən, problemini mətbuat vasitəsilə ictimailəşdirərək, qısa müddətdə həllinə nail olmaq istədiyini deyir.
“DEDİ Kİ, PROKUROR 15 MİNDƏN AŞAĞI DÜŞMÜR…” – Prokuror tərəfindən evi zəbt olunan vətəndaş Prezidentdən kömək istəyir
Qeyd edək ki, Səfər Soltanov bir müddət əvvəl də mətbuata müraciət edərək, Sabunçu rayon prokurorunu onun qanuni mülkünü əlindən almaqda ittiham etmişdi. Həmin şikayət də “AzPolitika.info” saytında dərc olunmuşdu.

Xatırladaq ki, Səfər Soltanov Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Yavər Əliyev 24, mənzil 42-də yerləşən bir otaqlı mənzili 2013-cü ildə evin sahibi Lixovsen Roman Oleqoviçdən alqı-satqı müqaviləsi ilə qanuni şəkildə alsa, əlində “Çıxarış” olsa da, evinə köçə bilmədiyindən şikayət etmişdi. Buna Sabunçu rayon prokuroru Ceyhun Şirinovun imkan vermədiyini bildirmişdi.

Səfər Soltanov şikayəti mətbuatda dərc olunsa da, probleminin həll edilmədiyini, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirir: “Bir daha xatırladım ki, həmin mənzili mən almazdan öncə onun sahibi Oleq Lixovsen bu evdə vəfat etmişdir. Onun oglu Roman Lixovsen varislik hüququ əsasında öz adına “Çıxarış” alaraq, evi mənə satmışdır. Bunun üçün Rusiyanın Rostov şəhərində yaşayan anası Tatarxanova Marina Zulumovna bu məqsədlə Bakıya gələrək evə aid sənədləri qaydasına salmışdı. “Çıxarış”ı qanuni şəkildə oğlu Romanın adına keçirdi və evi alqı-satqı etdik.

Ancaq mən evi alarkən Oleq Lixovsenin ölümü ilə bağlı mənzildə araşdırma hələ başa çatmamışdı. Evi mənə satan ailə üzvləri isə Rusiyada Rostov şəhərində yaşadıqlarından, araşdırmanın qurtarmasını gözləyə bilməyəcəklərini bildirdilər. Ona görə də qanuni şəkildə alqı-satqını edib, pullarını alıb Rusiyaya geri döndülər. Ancaq Sabunçu Rayon Prokurorluğu araşdırma aparıldığını bildirərək mənim evimə köçməyimə imkan vermədi. Bu araşdırma isə xeyli uzandı. Sonra mənə məlum oldu ki, Sabunçu rayon prokuroru Ceyhun Şirinov araşdırma adı ilə evi zəbt edərək, ora bir-iki nəfər yerləşdirib. Mənim şikayətlərimdən sonra onları çıxarıb başqa bir ailə yerləşdirdi. Deyir ki, şəhid ailəsidir. Mən bilmirəm, düz deyir, ya yox.
“DEDİ Kİ, PROKUROR 15 MİNDƏN AŞAĞI DÜŞMÜR…” – Prokuror tərəfindən evi zəbt olunan vətəndaş Prezidentdən kömək istəyir
Ancaq Ceyhun Şirinov doğrudan da şəhid aləsinə kömək etmək istəyirsə, öz mülklərindən birinə yerləşdirsin. Mən onun siyahısını da verə bilərəm. Niyə mənim bir otaqlı evimi əlimdən alır? Bəs mənim ailəm harda qalsın?

Borc-xərclə ev almışam, ancaq yenə də kirayələrdə qalmışam. Bu illər ərzində kirayəyə 20 mindən artıq pul vermişəm. Borcum elə həddə çatıb ki, artıq kirayə pulu ödəmək imkanında da deyiləm…”

S.Soltanovun sözlərinə görə, Ceyhun Şirinov onun mənzilinə həmin ailəni Sabunçu Rayon İcra Hakimiyyətinin başçısi Adil Vəliyevin tapşırığı ilə yerləşdirdiyini iddia etsə də, bu da yalan çıxıb: “Mən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısi cənab Adil Vəliyevə müraciət edərək, Ceyhun Şirinovla telefon danışığımızın səs yazısını ona göndərdim. Adil müəllim doğrudan da çox dürüst bir məmurdur. Özü şəxsən mənə bildirdi ki, bu ünvanda yaşayan adamlar şəhid ailəsi olaraq Sabunçu Rayon İcra Hakimiyyətinə yerləşmə barədə müraciət etməyiblər. Bildirdi ki, İcra Hakimiyyəti bundan xəbərsizdir və rayon prokurorluğunun da hansısa bir ailəni yerləşdirmə səlahiyyəti yoxdur. Bunun qanun pozuntusu olduğunu da vurğuladı və mənə mənzilimə sahib çıxmağı tövsiyə etdi. Həmin bina Bakı şəhər Mənzil Kommunal Təsərrüffat Birliyinin balansında olduğundan Adil müəllim mənə köməklik edə bilmədi”.

Səfər Soltanov müafiq orqanlara şikayətlərinin də nəticə vermədiyini bildirir: “Baş Prokurorluğa müraciət etmişəm. Evi qanuni şəkildə, alqı-satqı müqaviləsi ilə aldığıma dair bütün sənədləri də Baş Prokurorluğa təqdim etmişəm. Evə məxsus sənədlər tam olaraq qaydasındadır. Baş Prokurorluqda araşdırma başlayarkən, Ceyhun Şirinov o mənzildəki adamlarla heç bir əlaqəsinin olmadığını və onları tanımadığını deyirdi. Lakin mən onunla telefon danışığımı Baş Prokurorluğa təqdim etdikdən sonra o, artıq boyun qaçıra bilmədi. Bu dəfə “mən şəhid ailəsinə kömək etmişəm” deyərək özünü belə bir şəkildə sığortalamağa başladı. Baş Prokurorluqdan da mənə məhkəməyə müraciət etmək tövsiyə olundu”.

Səfər Soltanovun sözlərinə görə, bundan sonra o, Ceyhun Şirinova bir daha evini geri qaytarmağı təklif edib, əks halda məhkəməyə müraciət edəcəyini bildirib: “Ötən dəfə də şikayətimdə dediyim kimi, prokuror mənzili təmir etdirdiklərini bildirərək, çıxmaq üçün məndən pul tələb edirdi. Bir tanışı var, onun vasitəsilə xəbər göndərdi. Əvvəl 10 min manat tələb edirdi. Çarəsizlikdən razılaşdım, amma indi yenə işi uzadaraq məni aldatdı. Axırda o adam mənə dedi ki, prokuror 15 min manatdan aşağı düşmür, get özün başına çarə qıl. Mən də məhkəməyə müraciət edim”.
Səfər Soltanov qeyd edir ki, Sabunçu Rayon Məhkəməsində işə baxılması iki aydır uzadılır: “Hakim mənə deyir ki, Əmlak Komitəsinə sorgu vermişik, cavab gözləyirik. Ancaq hamı bilir ki, dövlət orqanları məhkəmənin sorgusuna maksimum 15 gün ərzində cavab verir. Deməli, işə baxılması qəsdən uzadılır. Mənim bütün sənədlərim qaydasındadır. İşə baxılsa, mənim xeyrimə qərar çıxarılmalıdır. Buna görə də, prokuror müdaxilə edərək, məhkəmənin işə baxmasına mane olur”.

Sonda Səfər Soltanov bir daha ölkə rəhbərindən qanuni mənzilinin geri qaytarılması üçün kömək istəyir: “Cənab Prezidentdən, müvafiq orqanların rəhbərlərindən xahiş edirəm mənə kömək etsinlər. Prokurorun məhkəməyə müdaxilə etməsinin qarşısını alsınlar. Mənim artıq kirayə pulu ödəməyə də imkanım çatmır. Qanuni şəkildə aldığım və rayon prokuroru tərəfindəın zəbt olunmuş evimim geri qaytarılmasına kömək edin. Mən də bu ölkənin vətəndaşıyam. Əgər artıq əlində səlahiyyəti olanlar mənzillərimizi də zəbt edəcəksə, biz bu ölkədə necə yaşayaq?!”

Haqlı sualdır. Yəqin ki, səlahiyyətli orqanlar bu haqda düşünəcək.

Şikayətdəki iddialarla bağlı Ceyhun Şirinovun da mövqeyini işıqlandırmağa hazırıq.

Rasim
AzPolitika.info
“DEDİ Kİ, PROKUROR 15 MİNDƏN AŞAĞI DÜŞMÜR…” – Prokuror tərəfindən evi zəbt olunan vətəndaş Prezidentdən kömək istəyir
“DEDİ Kİ, PROKUROR 15 MİNDƏN AŞAĞI DÜŞMÜR…” – Prokuror tərəfindən evi zəbt olunan vətəndaş Prezidentdən kömək istəyir

XƏBƏR LENTİ