Sabiq deputatla şirkət rəhbəri arasında “monopoliya” məhkəməsi

Sabiq deputatla şirkət rəhbəri arasında “monopoliya” məhkəməsi5 min manatlıq təzminat qərarı tərəflərin heç birini razı salmayıb

“Baku Steel Company” MMC-nin sədri Rasim Məmmədovla keçmiş deputat Nazim Bəydəmirli arasında məhkəmə çəkişməsi davam edir. Nizami Rayon Məhkəməsi sabiq deputatın şirkət rəhbərinə 5 min manat təzminat ödəməsi, özünün “Facebook” səhifəsində təkzib verməsi barədə qərar çıxarıb.

Sabiq deputatın ötən il oktyabrın 18-də “Facebook” səhifəsində paylaşdığı yazıda şərəf və ləyaqətinin ləkələndiyini, işgüzar nüfuzuna xələl gəldiyini iddia edən R.Məmmədov isə ondan 100 min manat tələb edirdi. Bu baxımdan 5 min manatlıq qərar onu qane etməyib və apelyasiya şikayəti verib.

N.Bəydəmirli isə ümumiyyətlə, yazısında kimsənin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gəlmədiyini deyir və Nizami Rayon Məhkəməsinin çıxardığı qərarı qanunsuz və əsassız sayır. O da qərardan apelyasiya şikayəti verib.

N.Bəydəmirli mübahisə predmeti olan paylaşımında bunları yazıb: “Monopoliya imkan vermir ki, Azərbaycana İrandan daha keyfiyyətli, daha ucuz armatur, katanka idxal olunsun. Təsəvvür edin ki, “Baku Steel” deyilən şirkət metallomdan hazırlanan malını daxili bazara 780 dollar ekvivalentində manata satır, İranın dəmir filizindən istehsal olunan malını biz Gürcüstan bazarına yol xərci daxil, 385 dollara – o da ƏDV-sini ödəyib inşaata başlayanda 454 dollara maya dəyərilə, keyfiyyətli mal çıxarırıq. Aradakı 326 dollar Gürcüstanda evləri ucuz edir, Bakıda isə bahalaşdırır. Baxın, Azərbaycanda bahalığın daha bir səbəbinə…

P.S. Bizdə Gürcüstandan fərqli olaraq “monopolistə” xidmət etmək üçün 15%-lik idxal gömrük rüsumu da var, hətta onu da alıcı ödəmiş olsa, hal-hazırda Azərbaycan bazarına daha keyfiyyətli və “Baku Steel”in malından 250 dollar ucuz mal idxal etmək olar. Ancaq imkan verilmir”.

“Baku Steel Company”in Müşahidə Şurasının sədri R.Məmmədov iddia edir ki, keçmiş deputat bu yazısında onun rəhbərlik etdiyi şirkəti “monopolist” kimi təqdim edib.

Məhkəmənin qərarında N.Bəydəmirlinin üzərinə bu yazıya görə öz “Facebook” səhifəsində təkzib verməsi öhdəliyi də qoyulub.

Hər iki tərəfin şikayətinə oktyabrın 31-də Bakı Apelyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyilə baxılıb. Məhkəmədə N.Bəydəmirlinin vəkili Kənan İsmayılov sabiq deputatın yazısında şərəf və ləyaqəti ləkələyən ifadələr olmadığını vurğulayıb və linqvistik ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin edilməyib.

Prezidentin bir neçə gün öncə İqtisadiyyat naziri təyin edilən Mikayıl Cabbarovu qəbul edərkən görüşdə monopoliyaların mövcudluğu, sahibkarlara yaradılan maneələr, azad rəqabətə imkan verilməməsi barədə səsləndirdiyi fikirləri yada salan vəkil Dövlət Gömrük Komitəsinin sədrindən də sitat gətirib. Komitə sədri Səfər Mehdiyev Azərbaycanda və qonşu ölkələrdə armatur istehsalı barədə danışarkən belə deyib: “Daxili istehsalçılarla, bizdə bu sahədə ən böyük istehsalçı “Baku Steel Company”dir, onlarla danışıqdan sonra qərara gəldik ki, rüsumu nə qədər qaldırsaq, daxili istehsalçıları qoruya bilərik?”

Vəkilin sözlərinə görə, bazarda hansısa sahədə 35 faizdən çox payı olan sahibkarlıq subyekti hökmran mövqeyə malik sayılır. Müdafiəçinin fikrincə, Dövlət Gömrük Komitəsinin sədri də bu çıxışıyla “Baku Steel Company”nin hökmran mövqeyə sahib olduğunu dolayısıyla təsdiqləyib.

Vəkilin dediklərinə baxmayaraq, Bakı Apelyasiya Məhkəməsi qərarı dəyişməyib. Daha doğrusu, Nizami Rayon Məhkəməsinin qətnaməsindən bir cümlənin çıxarılması, qalan hissədə dəyişdirilmədən saxlanmasına qərar verilib. O bir cümlə də şirkətin digər əməkdaşlarına aiddir. Birinci instansiya məhkəməsi qərarında yazır ki, “Baku Steel Company”nin Müşahidə Şurasının sədri Rasim Məmmədov və digər əməkdaşların işgüzar nüfuzuna xələl gəlib. Apelyasiya Məhkəməsi “digər əməkdaşlar” hissəsini çıxarıb.

Bu qərarın sifarişlə çıxarıldığını düşünən sabiq deputat N.Bəydəmirli Ali Məhkəməyə şikayət vermək niyyətindədir: “Ümid edirəm ki, Ali Məhkəmə prezidentin bugünlərdəki çıxışından nəticə çıxarıb, sahibkarlara münasibətdə daha qanuni və ədalətli qərarlar qəbul edəcək. Çıxarılan məhkəmə qərarı qanunsuz və əsassız olmaqla, həm də bir ictimai xadimin ifadə azadlığına – “Facebook” statusuna görə cəzalandırılması anlamına gəlir”.

Sabiq deputatla şirkət rəhbəri arasında “monopoliya” məhkəməsi

  • 1-11-2019, 16:55
  • 164


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Deputat oğlu model xanıma 50 min dollar verib foto çəkdirib – FOTOLAR
  2. SOS: Şamaxıda bir ailənin 17 ildən sonrakı dramı – Asif və ailəsinin sabahdan küçədə yaşam mücadiləsi başlayır
  3. “Çox təəssüf ki, bacarmadım” –Yadigar Sadıqlı "Miqrant alveri"nə görə tutulan müsavatçılardan yazdı
  4. "Onlar peşəkarlıqda bizdən geri qalırlar" - Azər Xudiyev
  5. “Yayılan videgörüntülərlə bağlı araşdırma aparılır” – Bakı polisi
  6. Gürcüstanda 8 min nəfər QİÇS-ə yoluxub – Onlardan 43-ü uşaqdır
  7. Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarlara müraciət etdi:"Bizneslərinizi şəffaflaşdırın"
  8. Bakıda doğulan qəribə körpə ÖLÜB - Baş həkimdən AÇIQLAMA (VİDEO)
  9. Rafael Cəbrayılov barəsində qaldırılan iddia üzrə məhkəmə başlayıb
  10. Sabah hava necə olacaq? –PROQNOZ
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI