Azərbaycan jurnalistlərinin də Ermənistana səfəri məxfi saxlanır

626 19-11-2019, 15:02 cemiyyet

Azərbaycan jurnalistlərinin də Ermənistana səfəri məxfi saxlanırErmənistan və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfəri eyni vaxtda Azərbaycanda və Ermənistanda baş verir və eyni vaxtda başa çatmalıdır. Bu, hər iki ölkə Xarici İşlər Nazirliyi arasında razılaşmanın əsas şərtlərindəndir.

Hər iki tərəfdən tədbirdə üç jurnalist iştirak edir. Azərbaycanlı jurnalistlər Ermənistan paytaxtına bazar günü çatıblar.

Axşam onları Yerevanın mərkəzində gəzinti zamanı görən olub və jurnalistləri müşayiət edənlər arasında Rusiya XİN və Rusiya səfirliyi nümayəndəsi müşahidə olunmayıb, BBC News Azərbaycancanın Yerevan müxbiri xəbər verir.

Daha əvvəl belə məlumat yayılmışdı ki, bu səfərlərin təşkilatçısı Rusiya Xarici İşlər Nazirliyidir.

Səfərin neçə gün davam edəcəyi və jurnalistlərin Ermənistanda kimlərlə görüşəcəyi məlum deyil. Səfər tam məxfi şəraitdə keçir və bu qarşılıqlı səfərlərin, şübhəsiz, təşkilatçısı olan XİN-dən heç bir məlumat öyrənmək mümkün deyil.

Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri arasındakı razılaşmaya əsasən, hər iki ölkədə təşkil edilən görüş və tədbirlər haqqında səfərlər başa çatdıqdan sonra məlumat veriləcək.

Yerevan müxbirimizin müraciətinə cavab olaraq, Ermənistan XİN mətbuat katibi Anna Nağdalyan heç bir məlumat verə bilməyəcəyini deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva da BBC News Azərbaycancaya deyib ki, Ermənistandan olan jurnalistlərin Bakıya səfər etməsi barədə onda məlumat yoxdur.

Jurnalistlərin adları və təmsil etdikləri informasiya vasitələrinin adları da məxfi saxlanılır.
Adının çəkilməsini istəməyən mənbə BBC Azərbaycancanın Yerevan müxbirinə bildirib ki, iki gün ərzində Azərbaycandan olan jurnalistlərin heç bir rəsmi qurum nümayəndələri ilə görüşməyib. Və görünür, nə azərbaycanlı nə də ermənistanlı jurnalistlər üçün belə görüşlər nəzərdə tutulur.

Yerevan müxbirimizdən aldığımız və daha əvvəl "Turan" agentliyinin məlumatlı diplomatik mənbələrdən verilən xəbərə görə, jurnalistlərin Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri planlaşdırılıb.

Yerevan müxbirimiz deyir ki, görüşlər zamanı heç bir rəsmi şəxs olmur. "Lakin məxfilik şərtinə son dərəcə ciddi əməl olunur. Görüşlər zamanı audio yazı və video çəkiliş vasitələrindən istifadə etmək olmaz", o bildirib./BBC/

XƏBƏR LENTİ