Azad Qaradərili dostu Fərzuq Seyidbəylidən yazdı:"ONUN GECİKMİŞ DÜHASI..."

1 049 22-11-2019, 12:59 kose / cemiyyet

Azad Qaradərili dostu Fərzuq Seyidbəylidən yazdı:"ONUN GECİKMİŞ DÜHASI..."Azad QARADƏRİLİ

(Gənclik dostum, istedadlı insan Fərzuq Seyidbəylinin vəfatının 40 günü münasibətilə)


1978-ci ilin qışı idi. Məktəblərdə qış tətili olmasından istifadə edib, qələm dostlarımla görüşmək, yeni yazdığım hekayələri qəzet və jurnallara təqdim etmək üçün Bakıya gəlmişdim. İlk olaraq Dərnəgüldə hələ də ali məktəbdə oxumaqda olan keçmiş otaq yoldaşlarımla görüşməyə getdim. İndinin tanınmış aktyoru və kino işçisi olan Arif Həkimoğlu qıvrımsaç, qaş-qabağından qar yağan bir gənci mənə göstərib dedi:

– Bu da Fərzuqdur. Siz tərəflərdən, daha doğrusu, Naxçıvandandır. Yaxşı başı var…

Bu qaraqabaq oğlana, nədənsə, qanım qaynadı. Həmin gün xeyli ədəbiyyat, fəlsəfə və siyasət söhbətləri etdik. Səhəri gün mənim “Ədəbiyyat və incəsənət” redaksiyasına, Sabir Əhmədlinin yanına hekayə aparacağımı eşidəndə, o da gəlmək istədiyini bildirdi. “Sabir müəllimi görmək mənimçün xoşbəxtlik olar” dedi. Və görüşəcəyimiz yeri, vaxtı danışıb, ayrıldıq.

Səhər nəşriyyatın 9-cu mərtəbəsindəki otaqda mən Sabir müəllimlə 15-20 dəqiqəlik söhbət edərkən, o da qapıdan bizi, daha doğrusu, Sabir müəllimi heyran-heyran seyr edirdi. Nə qədər çalışsam da, utandı onunla görüşməyə.

Beləcə, qısa vaxtda dostlaşdıq. O dərəcədə ki, bir-birimizə məktublar yazmağa başladıq. Bu dostluğun bir ucunda indiki filosof Rahid Ulusel, bir ucunda Arif Həkimoğlu, sonralar faciəli surətdə həyata vida etmiş yazıçı Tofiq Qəhrəmanov… vardı.

Biz ali məktəbi bitirəndən sonra hər birimiz öz yolunu yavaş-yavaş tutmaqdaydı. Rahid fəlsəfəni seçdi. Mən nasir olmaqdaydım. Arif kinonun ardınca getdi. Tək Fərzuq öz yolunu seçməkdə gecikdi. Hər dəfə görüşəndə bir, yaxud bir neçə fəlsəfi traktata sığası qədər fikirlər danışırdı. Bəli, bəli, sadəcə danışırdı. Və açıq deyəcəyəm, şəxsən mən onun bu söhbətlərimdən təkan alar, bir, yaxud bir neçə hekayə, bəzən isə roman mövzusu ilə ayrılardım.

Hər dəfə də ona irad tutardım ki, ay Fərzuq, belə olmaz axı, sən ki bu qədər istedad sahibisən, Rahidlə get akademiyaya, mövzu götür, işlə, müdafiə elə… Kimə deyirsən? Cavabı da bu olurdu ki, sonra da sən götür yaz ki, bir yalançı alimin də sayı artdı, hə?! Və şaqqa çəkib gülüşərdik…
Azad Qaradərili dostu Fərzuq Seyidbəylidən yazdı:"ONUN GECİKMİŞ DÜHASI..."
Fərzuqda qeyri-adi telepatiya vardı. Bəzən şəhərdə qəfil qarşılaşardıq. Mobil telefonun-zadın olmadığı zamanlar idi. İkimiz də rayonda yaşayırdıq hələ. Və qəfil Bakıda qarşılaşardıq. Mən heyrət etsəm də, o, adi şey kimi baxardı buna. “Fikirləşdim ki, Azad bu sərgiyə hökmən gələr”, deyib qımışırdı. Bakıda isə bu, gərək ki, Norveçin, ya da İsveçin ilk yarmarkası idi. İqtisadiyyat və kənd təsərrüfatı ilə yanaşı, mədəniyyətləri də təmsil olunurdu. Mərhum dostum şair Camal Yusifzadə ilə birlikdə o sərgiyə gedəndə Fərzuqla belə rastlaşdıq. Sonra İçərişəhərdəki “Karvansara” adlı restoranda yaxşıca vurduq. Camal onda Fərzuğun eridusiyasına heyran qadı və mənə dedi ki, dostun qeyri-adi adamdır. Hətta işlədiyi “Ədəbiyyat və incəsənət” qəzetinin teatr, kino və incəsənət şəbəsinə (Camal o şöbənin müdiri idi) yazı da sifariş verdi. Nə yazıq ki, Fərzuq onlarla təklif kimi bunu da cavabsız qoydu…

Fərzuq bir gün yazdı ki, evlənmişəm. Sonralar tanıdığım o xanım elə Fərzuğun özü kimi savadlı, dərin biliyə malik idi. (Adını özüm yazmadım.) Asif Atanın ocağında tanış olmuşdular, gərək ki. Və sizə deyim, o xanım Fərzuğun əsl yarısı idi. Hətta o xanım Fərzuğun yerində olmayan əsəblərini də idarə edə bilirdi. Sonralar Fərzuğun ayaqları ağrıyanda da o xanım ona ana-bacı kimi baxırdı. Amma lap sonralar bir ayağı, daha sonra ikincisi kəsiləndə o xanım ona baxa bilmədi… Çünki bundan qabaq onlar ayrılmışdılar…

Fərzuq “Yazı”nın çapını böyük şadlıqla qarşıladı. Amma o dərgiyə heç vaxt yazmadı!

Və bir gün biz dostları yenə onun başına yığışanda hiyləgər təbəssümlə dedi:

– Yadındadı, sən mənə “Mirdadın kitabı”ndan danışmışdın?…

– Hə, – dedim, – mən onu İstanbulda aldım türkcəsini… Oxuyandan sonra sənə də danışmışdım də… Dəhşət bir şeydir…

Söhbətə Rahid də qoşuldu:

– Noymən dostu Cübrandan geri qalan yazıçı deyil… İkisi də dahidir.

– Mən “Mirdadın kitabı”nı çevirsəm, jurnalda verərsən? – yenə ilginc təbəssümlə soruşdu.

– Əlbəttə… Amma inanmıram sən bunu edəsən… – Təəssüflə dilləndim.

Gülüb ciddiyyətlə dedi:

– Təxminən, otuz səhifə ruscadan çevirmişəm, bu axşam göndərəcəyəm, türkcəsi ilə də tutuşdur, ağlın kəssə davam edim…

…”Mirdadın kitabı” düz bir il sonra Rasim Qaracanın da yaxından köməyi ilə çap olundu. Bu, Fərzuqdan qalan yeganə yadigardır. O özü ilə cild-cild kitab apardı. Hər dəfə Fərzuğu və Noyməni yada salanda bu cümlələr yadıma düşür: ““Sizə çatan sizindir, gəlməkdə gecikəni isə gözləməyə dəyməz. Buraxın, o sizi gözləsin” – bu sətirlərin müəllifi ingilisdilli ərəb ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mihal Naime Azərbaycanda demək olar ki, çap olunmayan yazıçılardandır” – “Mirdadın kitabı”na Fərzuğun xahişi ilə yazdığım ön sözdəndir.

Və illər öncə “Yazı”nın beş yaşı münasibətilə dostların təbriklərini bir yerə yığıb çapa hazırlayanda Fərzuğun qeyri-adi cümlələrini görəndə diksinmişdim:

“İndisi olmayan xalqın heç nəyi yoxdur… Planetin bu adsız xalqını həmişə olmayan keçmişlə mifik gələcəyin qovşağında yaşadıblar. (Cənnət-cəhənnəm, feodalizm-kommunizm, “mənfur” AXC iqtidarı döməmi-sabahın neftli xoş gələcəyi və s.) İndiyə sahiblik həm də zamanı və hətta gərəkəndə məkanı yönəltmək qüdrəti verir.

Zamanın sahibi İndidə əyləşib və bu “taxt” hər kəsin nəsibidir. Bu xalq yazıçıları ilə bahəm hələlik zaman-məkanın gic-gici sərgərdanıdır.

Dostum Azad Qaradərəlinin buraxdığı “Yazı” dərgisi bilərəkdən-biməyərəkdən İndiyə doğru ayaq götürüb və 5 yaşı tamam olur. Azad əllincilərdəndir (yəni 1950-lərdə doğulub). Və deyilmiş sözdür ki, 50-cilər planetin (və mənsub olduqları xalqın) şüur və ruhunun genişlənməsində mühüm rol oynayırlar (kainatda dəyişim enerjisini ifadə edən 5 və 50-yə diqqətli olun)”.

(İnanıram ki, oxucular özüm və naşiri olduğum dərgi haqqında xoş sözləri burada təkar verməkdə məramımı anlayışla qarşılayacaqlar.)

Noyabrın 22-də Fərzuğun vəfatının qırx günü tamam olur. Bu alaşıq-dolaşıq cümlələrdə onun kimliyini anlada bildimmi?

Yerin pərqu olsun, dost. Axır ki, rahat ola bildin. Axı özündən əvvəl dəfn olunan ayaqlarına və əsas da Anana qovuşa bildin.

22 noyabr 2019

XƏBƏR LENTİ