Güney Azərbaycan: Bəzz yürüşləri Milli Hərəkata nə verdi?

Güney Azərbaycan: Bəzz yürüşləri Milli Hərəkata nə verdi?Hər il iyulun ayının ilk günləri Güney Azərbaycan Milli Hərəkatı Kəleybər yaxınlığında yerləşən Bəzz qalasına yürüş həyata keçirir.

Milli fəallar Azərbaycanın xalq qəhrəmanı Babək Xürrəminin və onun ərəb işğalçıları ilə mübarizə aparan qəhrəman silahdaşlarını yad edir, milli kültürəl tədbir keçirirlər. Bəzz qalasına yürüş aksiyası Azərbaycanın görkəmli ziyalıları professorlar Məhəmmədtağı Zehtabi və Həsən Dəmirci nin təşəbbüsü ilə, ötən əsrin 90-cı illərində başlanıb. 2000-ci illərdə Bəzz qalası yürüşləri daha izdihamlı keçirilirdi.

Lakin az sonra molla rejimi Babək qalasına yürüşlərin keçirilməsini əngəllədi. 2006-cı ildə Güneydə “May qiyamı” adlanan hərəkat başlandı.Milli hərəkat “dağdan şəhərə endi”.Lakin Bəzz qalasına yürüş aksiyası bu gün də aktualdır. Hər il milli fəallar qalaya toplaşır, milli şüarlar səsləndirir, Azərbaycan xalq mahnılarına qulaq asırlar.

Bəzz qalasına yürüşlər Milli Hərəkata nə verdi? Hazırki dövrdə Bəzz yürülşlərinə ehtiyac varmı?Molla hakimiyyəti sırf mədəni kültürəl tədbir olan Bəzz yürüşlərinin qarşısını niyə aldı?

Milli Hərəkatda yeni mərhələ

Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərli “Cümhuriyət”ə açıqlamasında deyib ki, Bəzz yürüşləri Milli Hərəkatda yeni mərhələnin başlanğıcı oldu:

“Azərbaycan türklərinin böyük ziyalısı, mütəfəkkiri Məhəmməd Tağı Zehtabinin Bəzz qalasına yürüş ideyası Milli Hərəkatın yeni bir mərhələyə daxil olmasına səbəb oldu. Əslində, Zehtabi şüurlu şəkildə və məfkurəvi yolla Bəzz qalasına yürüşü həyata keçirməyə başladı. Bu, hər şeydən öncə Güney Azərbaycan türklərinin birliyi üçün vacib idi. Belə ki, insanların bir araya gəlməsi, üstəlik məfkurəvi anlamda toplanması özünə inamı gücləndirir. Zehtabi Azərbaycan xalqının qədim tarixini və mədəniyyətini dərindən bilən bir ziyalı kimi yaxşı anlayırdı ki, belə bir birgəliyə ehtiyac var. Çünki fərdi qaydada mübarizə həm istənilən effekti vermir, həm də təhlükə daha çox olur. Bu anlamda Babək Atanı anmaq üçün Bəzz qalasına yürüşlərin təşkili Azərbaycan türklərinə yeni bir güc verdi. Nəzərə alsaq ki, həmin dövrdə Traxtur Təbriz komandasının oyunlarına istənilən dəstək yox idi, belə bir zamanda Bəzz qalasına yürüşün təşkili çox mühüm rol oynadı”.

Doktor Zehtabinin ölümündə müəmma

F.Ələkbərli hesab edir ki, Bəzz yürüşləri milli həmrəyliyin yaradılmasında böyük rol oynayıb:

“Molla rejimindən birmənalı olaraq narazı olan insanlar bir araya gəlib, birlik şəklində etirazlarını ifadə etmiş oldular, fikir mübadiləsi apardılar. Güney Azərbaycanın hər yerindən Bəzz qalasına yürüş edən insanlar başa düşdülər ki, Milli Hərəkat məsələsində onlar həmrəy olaraq qalırlar. Bu, onlara ikiqat güc verdi. Mənə elə gəlir ki, Zehtabinin bir ziyalı olmaqla yanaşı, eyni zamanda məfkurə lideri kimi də özünü göstərməsi molla rejimini çox narahat etdi və onun ölümünə qərar vermiş oldu. Bütün hallarda Bəzz qalasına yürüş Milli Hərəkat adına öz damğasını vurmuş oldu”.

“”Babək ordusu” şəhərə endi”

Bəzz qalasına yürüşlərdən, xüsusilə 2006-cı ildən sonra Milli Hərəkatın dağdan şəhərlərə enməsi təsadüfi olmadı.Bu ancaq onunla bağlı deyildi ki, artıq Bəzz yürülşlərinə ehtiyac qalmadı. Sadəcə, Bəzz qalasına yürüşlərin keçirilməsi müəyyən bir mərhələ üçün lazım idi. O zaman Bəzz qalasına yürüşlər lazım idi və bu gerçəkləşdi . Bu o demək deyil ki, Bəzz qalasına yürüşlər daim davam etməli idi. Əslində, sonrakı mərhələdə Milli Hərəkatın daha çox şəhərlərdə kök salması məqsədəuyğun idi. Çünki Güney Azərbaycan türkləri öz azadlığını dağlarda deyil, şəhərlərdə, kəndlərdə bərqərar etməlidir. Bu baxımdan Bəzz qalasına yürüşlərin səngiməsi əvəzinə, Güney Azərbaycan şəhərlərində təşkilatlanmanın güclənməsi müsbət hal oldu. Xüsusilə də, Təbrizin “Traxtor” futbol komandasının oyunlarına on minlərlə azərbaycanlıların qatılması növbəti mərhələnin başlanğıcı oldu. Artıq insanlar öz etirazlarını, istək və arzularını şəhərlərdə ifadə etməyə başladılar. Burada əsas məqsəd birgəlik və bütövlük formasında Milli Hərəkatın yolunu davam etdirmək idi. Bu anlamda Bəzz qalasına yürüşlərin rəmzi xarakter daşıdığı halda, “Traxtor”un oyunlarına marağın artması ikinci mərhələyə keçid oldu. Artıq Milli Hərəkatın keçmişində iki təcrübə var:

1. Bəzz qalasına yürüşlər
2. “Traxtor”un oyunlarında milli şüarlar.

Əsllində, hər iki silahdan Milli Hərəkat istədiyi zaman effektiv şəkildə istifadə edə bilər.Bu , üçüncü mərhələyə keçid üçün lazımdır”.

Milli Hərəkata necə təkan verməli?

Fəlsəfə doktoru hesab edir ki, müəyyən zaman kəsiyində, yenidən Bəzz qalasına yürüşlər, “Traxtor”un oyunlarında milli həmrəyliyin artırılması, ancaq Milli Hərəkatın işinə yaraya bilər:

“Bu daha çox üçüncü mərhələyə keçid qədər lazım olacaq. Üçüncü mərhələyə keçiddən sonra, hər iki təcrübə sadəcə, bir silah kimi istifadə edilə bilər. Hər iki məsələdə, yəni Bəzz qalasına yürüşlər və “Traxtor”un oyunlarına marağın artması ilə bağlı Molla rejiminin narahat olması təbiidir. Çünki onlar yaxşı anlayırlar ki, istər mədəni kültürəl tədbir hesab olunan Bəzz qalasına yürüşlər, istərsə də, idman oyunu sayılan “Traxtor”un oyunlarında milli şüarların səsləndirilməsi haraya aparıb çıxarır. Bunların son nəticələri Milli Hərəkatın artıq ictimai siyasi bir qüvvə kimi güclənməsi və Güney Azərbaycanın Molla rejiminə öz yerini göstərməsidir. Yoxsa, Molla rejimi mədəni kültürəl tədbirdə, ya da idman oyununda azarkeşlərin milli şüarlar səsləndirməsindən niyə qorumalıdır!?”

Molla rejimini qorxudan amil

F.Ələkbərlinin fikrincə, molla rejimi üçün əsas təhlükə, bu halların Milli Azadlıq Hərəkatına çevrilməsidir:

“Məncə, onların narahat olması təbiidir. Çünki Tehranda qeyri-qanuni hakimiyyətdə oturan Molla rejimi sonunun yaxınlaşdığını hiss edir. Bu sonu da Milli Hərəkat gətirəcək. Dünən, bu gün mədəni, dinc yolla molla rejiminə etiraz edən Milli Hərəkat siyasi mübarizəyə əl atacaq. Daha doğrusu, artıq küçə və meydanlarda, molla rejiminə öz etirazını bildirəcək. Ona görə də, molla rejimi hər iki halın qarşısını bacardığı qədər almağa çalışır. Çünki üçüncü təcrübə milli azadlıq və hakimiyyət dəyişikliyi demək olacaq”.

“Bəzz yürülşləri milli şüurun oyanmasında böyük rol oynadı”

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü Ağrı Qaradağlı da hesab edir ki, Bəzz qalasına yürüşlər öz tarixi missiyasını yerinə yetirib:

“Doktor Zehtabinin təşəbbüsü ilə başlanmış hərəkat Güney Azərbaycanda milli şüurun oyanmasında, gənclərin fəallaşmasında böyük rol oynadı. 90-cı illərin ortalarında, 2000-ci illərdə artıq doktor Mahmudəli Çöhrəqanlının rəhbərliyi ilə Milli Hərəkat daha güclü şəkildə ortaya çıxdı. 2000-ci illərdə Bəzz qalasına yürüşə milyonlarla insan çıxırdı. Elə buna görə də molla rejimi qorxdu, Bəzz yolunu bağladı.Əvvəl ərazi hərbi təlim bölgəsi elan olundu.Sonra isə əraziyə heç kimi buraxmadılar.Ora hərbi təlim üçün uyğun yer deyildi.Sadəcə molla hakimiyyəti Güney Azərbaycan türklərinin milli oyanışının qarşısını almaq üçün bu addımı atdı”.

Ağrı Qaradağlının fikrincə, Bəzz yürüşləri öz məqsədinə çatıb:

“Əslində, sırf mədəni tədbir kimi başlanmış bu proses böyük bir iş gördü. Milli hərəkatçılar üçün ideoloji məktəb rolunu oynadı.əvvəllər milli şüarlar dar bir çərçivədə-Bəzz yürüşlərində səslənirdi. 2006-cı ildə artıq bütün Güney Azərbaycan şəhərləri ayaqda idi, milli şüarlar səsləndirirdi”.

“Aksiyalar davam edəcək”

GAMOH təmsilçisinin fikrincə, Bəzz yürüşləri davam etməlidir:

“Bu yürüşlər Azərbaycanın azadlığı uğrunda savaşmış Babək və silahdaşlarının xatirəsini anmaq üçün keçirilir. İyul ayının ilk günləri Babəkin doğum günü kimi qeyd olunur.Nə qədər ki, Milli Hərəkat öz son məqsədinə çatmayıb, bu aksiyalar davam etməlidir. Güney Azərbaycan milli qurtuluşa nail olsa belə, öz tarixi qəhrəmanını, işğalçılara qarşı savaşmış azadlıq mücahidlərini unutmamalı, onların xatirəsini daim yad etməlidir”.

Aydın Turan
Cebhe.info

Güney Azərbaycan: Bəzz yürüşləri Milli Hərəkata nə verdi?

  • 7-07-2020, 20:32
  • 269


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Hanı şəhidlərimizin qisası? Hanı Qarabağ? Hanı müharibə əmri?" - HÜRRÜ ƏLİYEV
  2. Azərbaycan Türk fəlsəfi fikir xəzinəsinə möhtəşəm töhfə
  3. Ümumdünya Səhiyyə Təşkilatında böyük qalmaqal – “ÜST başçısından hamı narazıdır...”
  4. Sabah hava necə olacaq? –Proqnoz
  5. TƏBİB-dən əhaliyə xəbərdarlıq:"Bütün dünya yeni dalğaya hazırlaşır"
  6. Hökumət 107 min fərdi və mikro sahibkara maliyyə dəstəyi göstərəcək
  7. “RUSİYA AQRESSİVLİK NÜMAYİŞ ETDİRSƏ, ONU PARÇALAYACAQLAR” – “Bizim generalın yerdəyişməsini ermənilərə Rusiya verib”
  8. Aleksandr Lukaşenko ilk təbriki qəbul etdi
  9. "Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)
  10. Şahin Seyidzadə: "Hökümət yeni idarəetmə modelləri tətbiq etməkdə israrlıdır"
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI