Tovuz hadisələrinə Sevil Nuriyevanın baxışı:"2016-da QƏZƏBLƏNƏN RUSİYA 2020-də NİYƏ SAKİT DURUB?"

1 208 23-07-2020, 07:30 siyaset / cemiyyet

Tovuz hadisələrinə Sevil Nuriyevanın baxışı:"2016-da QƏZƏBLƏNƏN RUSİYA 2020-də NİYƏ SAKİT DURUB?"
Sevini Nuriyeva İsmayılov

“Star” qəzeti, Türkiyə, 21 iyul 2020-ci il


Son günlər, xüsusən Azərbaycanın Tovuz bölgəsinə Ermənistanın hücumlarından sonra “qeyri-sabitlik Rusiya üçün faydalı deyil. Ermənistan Rusiya üçün də problemdir” kimi təhlillərlə ictimaiyyətdə “Rusiyanın baş verən hadisələrdən xəbəri yoxdur” düşüncəsi formalaşdırmaq istənilir.

Bu yazını yazarkən, xüsusilə bir məqama diqqət çəkmək istəyirəm. Türkiyə-Rusiya münasibətləri önəmlidir və mən bu əlaqələrin davamlı olmasını arzu edirəm. Hətta bu alternativ əlaqələr şəbəkəsinin tərəfdarıyam.

Ancaq Ermənistanın Baş naziri Rusiyanın adamı olmasa da, Rusiyanın bir dövlət və cəmiyyət olaraq ona təsiri Qərbin təsiri qədər güclü və bəzən daha da nüfuzludur.

Putinin son müsahibələrini diqqətlə izləyin. Təcavüzkar üslubu ilə keçmiş Sovet İttifaqı konsepsiyasını geri gətirməyi xəyal etdiyi aydındır. Bunu açıq şəkildə ifadə edir. Sərt dillə və diqtəylə. Onun nitqinə, bədən dilinə və istifadə etdiyi hər sözə diqqət yetirin. Bu gün Azərbaycanda yenidən hərbi baza yaratmaq fikri heç də təhlükəsiz fikir deyil. Uzun zamandır baş verən hadisələr Rusiyanın belə bir düşüncədə olduğunu göstərir.

Ermənistanda isə hələ də güclü və orada daimi yerləşən Rusiya hərbi qüvvələri var. Tovuz rayonu bütün beynəlxalq layihələrin həyata keçirildiyi əsas bölgələrdəndir. Ermənistan isə uzun müddətdir ki, Cənubi Qafqazdakı lahiyələrdə iştirak etmək arzusundadır.

Bunun şərti bəllidir. Türkiyə Ermənistana qarşı göstərdiyi sərt münasibətlə, əslində, bunu izah etməyə çalışırdı – işğal altında olan torpaqlar azad edilmədikcə, heç bir beynəlxalq layihələrə qatılmaqdan söhbət belə gedə bilməz.

Mümkündür ki, Paşinyan bu təxribatçı addımla yeni bir vəziyyət yaratsın və bu layihələrin gələcəyini problemli hala gətirməyə çalışsın. Çünki idarəetməyə “küçə siyasətçisi” örtüyü ilə gəlib.

Ancaq Ermənistan ordusundakı bütün səviyyələrə yaxşı baxılsa, komandirin əslində kim olduğunu aydın görmək olar. Hətta mümkündür ki, Rusiyanın Ermənistan ordusundakı tərəfdarları bu böhran vəziyyətində Paşinyanı iqtidardan kənarlaşdırmağa cəhd etsin.

Əlbəttə, bunlar sadəcə olaraq bir təxmindir. Ancaq təxminə qapı açmayan yalnız bir məsələ var, o da Ermənistanın mövcud vəziyyətdə Qərb və Rusiyanın işarəsi olmadan təkbaşına hərəkət edə bilməməsidir. Bəli, Paşinyan təxribatçıdır. Hətta o düşünür ki, Qərb profili ilə Saakaşvilinin roluna da girə bilər.

Bəs Rusiya niyə sərt reaksiya vermədi? Niyə yaşanan hadisələrə dilucu və təmkinlə fikir bildirdi? Hansı ki, 2016-cı ilin aprelində Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən yaranan müharibə zamanı olduqca qəzəbli idi. Niyə belə? Çünki aprel döyüşləri Qarabağda baş verdi. Yəni, Azərbaycanın öz sərhədləri daxilində. Azərbaycan bu hücum nəticəsində qarşı tərəfə ciddi cavablar vermişdi. Hətta bir neçə bölgə erməni işğalından təmizlənmişdi. Bu vəziyyət davam etsəydi, Qarabağı işğaldan azad etmək əməliyyatı reallaşa bilərdi. Cəmiyyətdən Azərbaycan liderinə və Ordusuna fövqəladə dəstək gəlmişdi. Beynəlxalq qanunlara görə, Azərbaycan öz daxilində istədiyi əməliyyatı keçirə bilərdi. Bunu etməyə çalışanda Rusiya çox qəzəbləndi və yüksək səviyyədə müdaxilə etdi. Bəs niyə o günün qəzəbli səsi bu gün çıxmadı? Çünki Ermənistan ərazisindən Azərbaycan ərazisinə hücum var idi. Deməli, hadisə Qarabağda olsaydı, vəziyyət Azərbaycanın hərəkət bölgəsini genişləndirərdi.

Mövcud vəziyyət bir düzəliş idi. Bu vəziyyətdə heç kim heç kimin ərazisinə müdaxilə edə bilmədiyi üçün “münaqişəni daha da alovlandırmaq kimin işinə gəlir?” sualı yaranmış olur.

Şübhə yoxdur ki, ABŞ və Avropanın diaspor vasitəsilə Ermənistana təsiri var. Ancaq bu, Paşinyan üzərində daha təsirli olur. Doğrudur. Amma Rusiya Qərbin hazırladığı hər oyundan xəbər ala biləcək bir dövlətdir.

Tutaq ki, bu son hadisələrin ssenari müəllifi Paşinyandır. Hətta tutaq ki, Paşinyan bu hadisələrin icazəsini Qərbdən də alıb. Elə isə Rusiyanın nəzarət etdiyi bölgələrdə baş verən hadisələrdən xəbərsiz olmağı mümkündürmü?

2016-cı ildə Qarabağdakı müharibə mühitində gərginlik nümayiş etdirən Rusiya niyə bu dəfə özünü olduqca sakit apardı?

Biz suallarımızı verək, onsuz da heç bir sirr əbədi olaraq qalmır.

Tərcümə Strateq.az-ndır

XƏBƏR LENTİ