TELEKANALLARIMIZIN EFİR PROBLEMİ... - Müharibə dövrünün tələblərinə cavab vermir!

429 12-10-2020, 11:55 ---

TELEKANALLARIMIZIN EFİR PROBLEMİ... - Müharibə dövrünün tələblərinə cavab vermir!Müharibə vəziyyəti ilə əlaqədər internetin məhdudlaşdırılması, sosial şəbəkələrə girişin bloklanması informasiya məkanında yerli televiziyaların əhəmiyyətini artırıb. İndi əhali üçün əsas məlumat mənbəyi telekanallar və radiolardır. Bəs bu resurslar üzərinə düşən missiyanı necə yerinə yetirirlər? Azərbaycanın apardığı haqq savaşı, gündəlik baş verən hadisələrin mahiyyəti, dövlətin yürütdüyü siyasət vətəndaşlara necə təqdim olunur?

Təəssüf ki, bu suala birmənalı müsbət cavab vermək mümkün deyil. Dövlət kanalı AzTV, "ARB 24 TV" və nisbətən "REAL TV" istisna olmaqla özəl kanalların informasiya buraxılışları, ictimai debatları, cəbhə xəttindən hazırladığı materiallar aşağı səviyyədədir.

Bəzi hallarda ictimai maraqlara zərbə vurur, dövlətin apardığı gərgin işə kölgə salır. Söhbət nələrdən gedir?

Hadisələrin mahiyyətini izah edə bilməyən, təhrif edən, yanlış, ziyanlı şərhlər verən ekspertlər bir kanaldan çıxıb o birinə gedir. Gün ərzində efirin əsas hissəni bu şəxslərin heç bir informasiya, təhlil yükü olmayan fikirləri doldurur.

Azərbaycandakı müharibə vəziyyəti radiolardan, tele efirlərdən hiss etmək mümkün deyil.

Humanitar atəşkəs elan olunar-olunmaz günün əhəmiyyətli hissəsini müğənnilərin çıxışları ilə və ya onların bayağı mahnıları ilə yola verməyə başladılar.

Müharibə qayğıları ilə yaşayan sadə vətəndaşa yer verilmir, onların üzünü ancaq düşmənin atəşə tutduğu kəndlərdən, şəhərlərdən hazırlanan materiallarda görmək olar.

Hərbi eksperrtlər, Qarabağ müharibəsi veteranları efirə çox az-az dəvət olunur.

Arxa cəbhə necə çalışır, cəmiyyətdən ordumuza verilən böyük dəstək nədən ibarətdir, bu barədə telekanallarda tək-tük material tapmaq olar ya yox.

Ən pis hallardan biri efirləri başına götürən ağlaşma, sızldama, özünü düşmən qarşısında əliyalın köməksiz göstərmək cəhdləridir. Ermənilərin atəşkəsi pozmasından şikayətlənən deputatlar, ekspert kimi təqdim olunan şəxslər emosiyasız, boş çıxışları ekranları bürüyüb.

Ki, bu da cəmiyyətin əhval-ruhiyyəsinə qətiyyən uyğun deyil, onu əks etdirmir. Erməni düşməndir, onun atəşkəsə heç vaxt əməl etmədiyi hər kəsə bəllidir. Bürün dünya bilir ki, erməni heç vaxt heç bir sazişə əməl etməyib.

Buna görə də telekanallar erməni vəhşliklərini göstərməklə yanaşı, xalqın mübarizə, döyüş ruhunu artıran verlişlərə yer verməlidir!

Ölkəmizdə heç vaxt olmadığı qədər milli birlik, həmrəylik,dayanışma var. Xalqımız düşmənə qalib gəlmək əzmindədir. Şəhidlərini qürurla dəfn edib, “Vətən sağ olsun!” deyir. Evləri mərmilərdən dağılan sadə vətəndaşların fikirləri istisna olmaqla cəmiyyətin bu heyrətamiz əhvalını efirlərdə görmək mümkün deyil.

Təəssüf ki, bu mənfi tendensiya getdikcə artır. Bunlara son qoymağın vaxtı çatıb. Dövlət qurumları bu informasiya mənbələrinə çəki-düzən vermək üçün dərhal işə başlamalıdırlar.

Elçin

AzPolitika.info

XƏBƏR LENTİ