İdarəçilikdə paralel qurumların təsisi büdcə yüklənməsindən başqa bir şey deyil. Mövcud hakimiyyət illərdir ki, bu siyasətini özünün uğuru kimi təqdim edir. Halbuki eyni sahə ilə bağlı cəmiyyətə təqdim olunan yeni təsisat xeyli suallar ortaya çıxarır. Məsələn "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət”ə nəzər salaq. Ədalət naminə deyək ki, bu xidmətin yaranması vətəndaş süründürməçiliyinin müəyyən qədər sonu oldu. Lakin sual olunur, nə üçün X dövlət qurumunun inzibati binasında və ya hansısa idarəsində vətəndaş məmur özbaşınalığı ilə üzləşir, şəxs məmurun şəxsi marağının təminatçısı olur, süründürməçiliyə məruz qalır, lakin ASAN Xidmətdə bu neqativlər avtomatik sıfırlanır? Nəzərə alsaq ki, yuxarıda qeyd edilənlər illərdir ki, ölkə vətəndaşına tanış hadisələrdir, o zaman ortaya maraqlı mənzərə çıxır. Deməli X dövlət qurumunda baş verən neqativlər sirr pərdəsinə bürünməyib. Bu ölkədə hər kəsin bildiyini bilməmək və ya eşitməmək kimi bir təcrübə yoxdur. Yəni bu iddia belə edilsə məsuliyyətə haqq qazandırmır. Digər tərəfdən daha inandırıcı bir məqam yaranır. Baş verənlər ən yüksək səviyyədə bilinir və aradan qaldırılması üçün çarə aranır. Çarə tapılır – paralel təsisat və şəffaf şüşə səthin araxasından idarəçilik. Belə olan təqdirdə neqativ istehsalçısı olan X dövlət qurumu nə üçün saxlanılır?
Dəyişikliklər zamanı balans qorunmalıdır. Qəbul edilən qərar qısa müddətə effekt verməli və itkisiz nəticələnməlidir. Lakin göründüyü kimi təqdim olunan islahatlarlar kosmetik və müvəqqəti uğura hesablanıb. Normalda isə islahat idarəçilik siyasətinin tərkib hissəsidir və fundamental məsələidir. İstər məmur təyinatı ilə bağlı islahatlar, istər ayrı-ayrı dövlət qurumlarının optimallaşdırılması, istər müəssisələr arası rəqabətin yaradılması, istərsə də idarəetmə sahəsində aparılan dəyişikliklər köklü faktorlara əsaslanmalıdır. İslahatın xüsusiyyətlərindən biri ardıcıllıqdır. İkinci isə biri digərini tamamlayan tədbirlərin görülməsidir.
Ölkədə elektron idarəetmə sisteminin olması labüddür. Elektron idarəetmə artıq dünyəvi tələbata çevrilib. Bu xidmətin keyfiyyətinin yüksəldilməsi deməkdir. Lakin əldə edilən məlumatlar təqdim olunanın əksini göstərir. İstər sosial şəbəkədə, istərsə də mətbuatda Gömrük Komitəsinin bu istiqamətdə “öz prinsiplərinin” olması haqında kütləvi informasiyalar yayılmaqdadır. Bu qurumun fəaliyyətindən ən çox əziyyət çəkənlər isə ölkəyə ikinci əl avtomobil idxal edən vətəndaşlardır. Qurum hətta dünyanın ən demokratik ölkəsində fəaliyyət göstərən satış şirkətlərinin alqı – satqı müqaviləsini belə ciddiyə almır. Çünki Komitənin aidiyyatı idarəsinin daxili “qaydaları” mövcuddur. Bu zehniyyətli idarəçilikdə idarəetmənin elektron versiyası nə işə yarayacaq?
İslahatlar iqtisadi aktivliyin artması, sosial vəziyyətin daha da yaxşılaşması idarəetmənin təkmilləşməsi ilə nəticələnməldir. İdarəetmənin səmərəliliyini artırmaq məqsədilə struktur dəyişilikləri aparılır. Burada məqsəd həmin sahənin idarə olunmasında qabaqcıl innovasiyaların tətbiq olunması nəticəsində xərclərə qənaət edilməsi olmalıdır. Lakin Azərbaycan hökuməti fəaliyyətdə olana paralel qurum yaratmaqla dövlət vəsaitinin daha effektsiz istifadəsinə şərait yaradır. İdarəetmədə koordinasiya işi mükəmməl olmalıdır. İşə qəbulda fərqli yanaşmaya son verilməlidir. Qəssab oğlunun qəssab olması mütləq deyil. Bu formatdan ən cox zərərli çıxan dövlətdir. İllərdir ki, ayarı olmayanlara əvəzolunmaz yarlıkı vurularaq sözün əsl mənasında kütləyə sırınır. Bu tiplərdə səs, görüntü olur, lakin icraat olmur. Halbuki Azərbaycan cəmiyyətini, o cümlədən vətəndaş – dövlət, vətəndaş – hakimiyyət münasibətlərini məhz islahatlarla dəyişmək olar. II Qarabağ müharibəsi zamanı vətəndaş – ordu münasibətlərinin məntiqi nəticəsi olaraq millətin şərəf tarixi yazıldı.
İdarəçilikdə həvəskarlıq zəlzələ effekti yaradır. Əksər hallarda xaricdə təhsil, o cümlədən ingilis dilini bilmək xüsusi göstərici hesab olunur. Şəxsin xaricdə təhsil alması, daha mükəmməl elm ocaqlarında mütəxəss olaraq yetişməsi alqışlanası nüansdır. Lakin bu ölkə daxilində alınan təhsilin ikinci sort kimi qəbuluna rəvac verməməlidir. Əgər bu hal baş verirsə deməli günah təhsil alanda deyil, təhsil verəndədir. Bu problemin aradan qaldırılmasına məsul isə birbaşa hökumətdir. Axı hər kəs xaricdə təhsil almaq imkanına malik deyil.
Bir müddət öncə ölkə mediası bu sahənin inkişafından sorumlu olan qurum rəhbərinin vəzifədən sui-istifadə maddəsi ilə həbs olunması fonunda sarsıldı. Hadisə jurnalist adına iddia edən hər kəs üçün soyuq duş effekti yaratdı. Ədalət carçısı fürsətcil olanda digərləri əməllərinə haqq qazandırmaq məqamı əldə edirlər. Lakin Azərbaycan hökuməti nə etdi, fürsətçili həbs olundu, qurumun adı dəyişildi, köhnə kollektiv yeni adla fəaliyyətini davam etdirdi. Nəzərə alsaq ki, bu sahədə köhnə KİVDF, yeni MİA ilə paralel, yarandığı gündən polis-prokuror funksiyasını parodiya edən MŞ-də var. Onu da qeyd edim ki, qurumların formalaşmasında ədalət prinsipi pozulub. Yəni tərəzi var, lakin pərsəngi yoxdur.
Səhyyə nazirliyi ilə TƏBİB-in müqayisəsi zamanı müəyyən etmək olmur ki, bu qurumlardan hansı digərinin dublikatıdır. Koronavirus pandemiyası TƏBİB-in sinifdə qalmasına səbəb oldu. Səhiyyə nazirliyi zatən illərdir ki, mütəmadi iki alan şagird kimidir. Xəstə sayının əvvəlcədən ehtimal edilən rəqəmdən 4-5 dəfə artıq olduğu zaman ölkədə xəstəlikdən qurtulmaq üçün müsbət təsir göstərə biləcək dərman peraparatları adi vaxtdakı dəyərindən dəfələrlə artıq rəqəmə təklif olundu. Onu da qeyd edək ki, dərman satışını həyata keçirən müəssisələr lisenziyalarını Səhiyyə nazirliyindən alıb. Bu nazirlik isə dövlət qurumudur. Dövlətin vətəndaşının həyatı üçün əhəmiyyətli olan preaparat fürərçilin əlinə keçirsə və bu hal kütləvi xarakter daşıyırsa, o halda əsas və ya dublikat qurumun olmasına ehtiyac qalırmı? Düşünmürəm. Normalda pik zamanlarda məhz təbliğt vasitəsilə dövlət qurumu kommersiya təşkilatının həmin peraparatları qazanc güdmədən, əldə etdiyi qiymətə satışına inandırmalı idi. Vətəndaş mövqeyi, dövlətin yanında olma təfəkkürü və s. Lakin bunların hər hansı biri baş vermədi. Çünki nazir sirrə qədəm basdı, TƏBİB rəhbəri isə kütlənin anlamadığı terminlərdən istifadəyə üstünlük verdi.
Ardı var.
Hacı Bakir Həsənbəyli