H.B.ZƏRDABİ VƏ N. NƏRİMANOVUN DİNƏ MÜNASİBƏTİ

1 405 5-02-2021, 13:24 kose / siyaset / gundem

H.B.ZƏRDABİ VƏ N. NƏRİMANOVUN DİNƏ MÜNASİBƏTİ
Müstəqil Ağayev, AMEA Fəlsəfə və Sosiologiya institutu Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, Qabaqcıl Maarif Xadimi


“ Əkinçi” qəzetinin əməkdaşları tərəfindən şaxsey-vaxseyin, baş yarmağın, zəncir vurmağın tənqid edilməsi qaraguruhçular tərəfindən həcv və təhqir, söyüş və hədələrlə qarşılanırdı. Kapitan Sultanov adlı bir nadürüst “Əkinçi” qəzetinə göndərdiyi məqaləsində şaxsaey-vaxsey zamanı adamların baş çapmasını, bədənlərinə zəncirlə xəsarət yetirmələrinə haqq qazandıraraq, bu kimi işlərin savab olduğunu, hətta, bir sıra xəstəliklərin bədəndən çıxmasına yardım etdiyini söyləyirdi.
Kapitan Sultanovdan sonra Zərdabiyə təhdid, ləyaqətsiz sözlər və təhqirlə dolu məktublar göndərilir, onu dinc buraxmırdılar. Zərdabi ruhaniləri, şeyxləri, mollaları kəskin tənqid və ifşa etməklə, kütlələr içərisində onların nüfuzunu aşağı salmağa, onlara qarşı kütlələrin nifrət və qəzəbini artırmağa çalışırdı.

Zəhmətkeş və avam kütlələr içərisində Zərdabinin hörmət və nüfuzunun çoxalması, ziyalılar arasında ona qarşı rəğbət və hörmətin artması qaraguruhçuları bərk rahatsız edir və qızışdırırdı. Zərdabi isə bunlardan əsla qorxmur və öz mübarizəsini daha da gücləndirirdi.
Din təbliğatçıları özlərinin riyakar məqsədlərini, mənafelərini müdafiə etmək üçün zəhmətkeşləri daima cəhalətdə, nadanlıqda saxlayırdılar. Həsən Bəy Zərdabi təkcə mollaları, ruhaniləri deyil, şeyxləri, mərsiyəxanları, dərvişləri, rövzəxanları da ciddi tənqid atəşinə tutur, onları camaatın qanını soran parazitlər adlandırırdı. Zərdabi məqalələrinin birində yazırdı: “ Quba qəzasında bir seyid var ki, bir neçə yüz evi ki, hərə bir eşşək və bir xurcun ilə il uzunu gəzib xüms yığmaq ilə zindəganlıq edir və əgər bir kəs deyə ki, xüms bu cür yığılsın və məhz belə adamlara verilsin və zikr olunan kəndin əhli yaxşı olardı ki, eşşək əvəzinə öküz saxlayıb, qeyr kəndlərin əhli kimi əkin və ziraət eləsin, tamam seyidlər ona lənət oxuyar” (“Əkinçi” qəzeti, 1877-ci il, 5-ci sayı).
Zərdabi əsas diqqətini dünyəvi elmlərə və onları tədris edən yeni məktəblərə verirdi. O, qeyd edirdi ki, elmi-əbdan və elmi-ədyan mübarizəsini açmaqda məqsədimiz elmi-əbdandan bixəbər olmağımızın səbəblərini və onun əlacını göstərməkdir.
Zərdabi öz qəzetində dini məktəbləri də ciddi tənqid edərək göstərir ki, bu məktəblər gəncləri əqli və mənəvi inkişaf cəhətdən kor və şikəst edir.”Bizə o məktəblər lazım deyi ki, orada şəriət adabları, yaxud boş sözləri bir-birinə qoşub ibarə ilə oxumaq dərsi keçilsin Bizə elmi-əbdan məktəbxanası lazımdır ki, onları təzədən bina etmək gərək.”. (“Əkinçi” qəzeti, 1876-cı il, 18-ci sayı).
Din xadimlərinin ağlasığmaz və gerçəkliyə çevrilməsi heç bir zaman mümkün olmayan məntiqsiz uydurmalarına inanıb bu real dünyanı allaha ibadət etmək yolu ilə mövhumi, yalançı axirət dünyası ilə dəyişmək xülyasında olan fanatiklər haqqında Zərdabi belə yazır: “ Müsəlman tayfası “axirət gözləyirəm”-deyib, 5 gün dünya ömründən ötrü səy etmək nəyə lazım, amma bunu fikr eləmir ki, dünyası olmayanın axirəti həm olmaz. Dünyada hamı bir-bri ilə zindəganlıq cənginə məşğuldur. Hər kəs bu cəngdə qalib oldu, ingilis taifəsi kimi həmi dünyanı, həmi axirəti kəsb edə bilər, amma məğlub olan nəinki axirətdə, hətta dünyadan da məhrum, yəni xəsərəd-dünya vəl axirə olur. Ey qardaşlar, vəqt keçməmiş səy edin ki, elm təhsil edib zindəganlıq cəngində qalib gəlib dünya və axirəti kəsb edə biləsiniz, yoxsa bir qərinədən sonra iş tamam olar”. (“Əkinçi” qəzeti, 7 dekabr 1876-cı il, 23-cü sayı).
Nadan müsəlmanların zehnini məşğul edən “qəzavü qədər”, “alın yazısı”, məzara qoyulan kimi nəkir-münkir adlı cəhənnəm mələklərinin sorğu-suala tutmaları və sair bu kimi gülünc uydurmaların da əleyhinə çıxır və bu cəfəng fikirləri yayan ruhaniləri tənqid atəşinə tutaraq göstərir ki, heç bir qəzavü qədər yoxdur, insanın alnında əvvəlcədən heç bir şey yazılmır, insanın həyatı, xoşbəxt və bədbəxtliyi yaşadığı mühitə, şəraitə bağlıdır.
Zərdabi iddia edir ki, heç nə allah tərəfindən yaradılmamış, mövcud olanlar təbiətin öz daxili qanunauyğunluğu əsasında baş verir. Lakin Zərdabinin aşağıdakı fikrində bariz bir ziddiyyət özünü göstərir. O deyir: “ …əlbəttə, hər şey Allahdandır, amma Allah-Təala hər şeyi yaradıb, hərəsinə bir xaSİYYƏT VERİBDİR Kİ, O XASİYYƏTİ ELMİ-HİKMƏT YOLU İLƏ AXTARIB TAPMAQ ƏSRARİ-XUDAYƏ ƏL APARMAQ DEYİL, BƏLKƏ, BU YOL İLƏ XUDAVƏNDİ-ALƏMİN QÜDRƏTİ DAHA ARTIQ SÜBUT OLUNUR”.(“Əkinçi” qəzeti, 20 noyabr 1876-cı il, 22-ci sayı).
H.B.Zərdabi görürdü ki, din xadimləri və hakim sinfin nümayəndələri dindən öz çirkin niyyət və mürtəce xarakter daşıyan məqsədlərini həyata keçirmək, asan gəlir əldə etmək, bir sözlə, xoşbəxt və dəbdəbəli həyat sürmək, müsəlmanları nəzarətdə saxlamaq üçün bir silah və vasitə kimi istifadə edirlər. Zərdabi dinin əsasına toxunmur, bir sıra məqalələrində məktəblərdə dinin tədris edilməsinin lazım olduğunu göstərir və deyir ki, dini elmlərlə bərabər, dünyəvi elmlərin də öyrənilməsinə şərait yaratmaq lazımdır. İnsanın allah tərəfindən yaradılması haqqında dini təsəvvürləri ifşa edən Zərdabi göstərir ki, insan allah tərəfindən yaradılmamış, o, müəyyən tarixi-təkamül prosesi keçirərək, üzvi materiyanın nəticəsində meydana gəlmişdir. Əmələ gəldiyi dövrlərdə Yerin həddindən artıq isti olması üzündən orada nəinki insanın, hətta heç bir üzviyyətin yaşaması mümkün olmamışdır. Təkamül nəticəsində əvvəlcə müəyyən bəsit üzvi maddələr, sonra bitkilər və heyvanlar, lap axırda insan və onun beyni meydana gəlmişdir.
Neçə milyon illər yer üzərində o qədər isti olmuş ki, orada heyvanat və nəbatatın zindəganı mümkün olmamışdır. Yer üzərində əvvəl heyvanat əmələ gəlmiş və axırda insan dünyaya gəlmiş, çünki axırıncı qatın üstə insan və onun sümüklərinin , ya bir qeyri hissəsinin şəkli tapılır, ondan irəli əmələ gələn qatların içində insandan heç bir əsər yoxdur”.
Zərdabi insanın allah tərəfindən yarandığını rədd edir. Bu fikrini bu və ya digər məqalələrində çəkinmədən söyləyir. O, ölümlə əlaqədər insanların beynində kök salmış yanlış düşüncə və mülahizələrə konkret misallar gətirməklə onların şüurunu oyatmağa çalışır. Ölümün allahla bağlı olmadığını, orqanizmin xarici mühitlə əlaqəsindən asılı olduğunu göstərir. Zərdabiyə görə, orqanizm yalnız xarici mühit şəraitində mövcud ola bilər. Canlı orqanizm yaşadığı mühitdən kənarda ölümə məhkumdur. Xarici mühitlə əlaqənin kəsilməsi, hətta sadəcə olaraq zəifləməsi belə orqanizmdə maddələr mübadiləsini pozur. Orqanizmin daxilində həyati prosesləri ləngidir, beləliklə, tədricən onu ölümə doğru sürükləyir və nəhayət ölüm baş verir.
Ümumiyyətlə, xalqımızın ictimai, siyasi, iqtisadi, fəlsəfi-mədəni həyatında Həsən Bəy Zərdabinin rolu olduqca böyükdür. Xalqımız belə bir şəxsiyyəti heç vaxt unutmamalıdır.
Nəriman Nərimanovun dinə münasibəti
Nəriman Nərimanov Mirzə Fətəli Axundov ideyalarının davamçısı olmuş, dini fanatizmi, burjua-mülkədar cəmiyyətinin eybəcərliklərini, mürtəce adət-ənənələri, Şərq istibdadını, geriliyi, nadanlığı, cəhaləti ciddi tənqid etmiş, beynəlmiləlçiliyi, xalqlar dostluğunu və mədəni yüksəlişi təbliğ etmişdir.
Nəriman Nərimanov seminariyanı bitirdikdən sonra ucqar kəndlərdən birində müəllimliklə məşğul olur. X1X əsrin axırlarında Azərbaycan çar rusiyasının müstəmləkəsi idi, feodal münasibətləri hökmran idi,,. Kəndlərdə vəziyyət olduqca ağır və dözülməz idi. Nərimanov belə bir şəraitdə müəllimlik fəaliyyətinə başlamışdı. Burada dini fanatizm, cəhalət, nadanlıq, gerilik, çürük adət-ənənələr hökm sürürdü. Din və şəriət qanunları insanların şüurunu kütləşdirmiş, onları sərbəst düşünmək, azad nəfəs almaq, özlərinin ailə-məişət məsələlərini həll etmək imkanından məhrum etmişdi.İnsanlar o qədər avam və nadan idilər ki, başlarına açılan oyunların, düşdükləri cəhalət quyusunun , yaşadıqları dözülməz vəziyyətin əsil səbəbkarının kim olduğunu düşünmək və bilmək hissindən də məhrum olmuşdular.
Nərimanov da belə bir şəraitdə başa düşür ki, onun vəzifəsi təkcə müəllimlik deyil, kütlələrin şüurunu oyatmaq, onları düşdükləri cəhalət bataqlığından çıxarmaq, gözlərini açmaq, dost və düşmənlərini tanıtmaq, din və şəriətin , feodal qayda-qanunlarının buxov olan paslı zəncirindən xilas etmək üçün yollar axtarmaq lazımdır.
Nərimanov dövrünün ictimai və siyasi xadimi, peşəsinı görə həkim idi. O, bədii yaradıcılığında, publisistlik fəaliyyətində insanların nadanlığını, elmsizliyini, dini fanatizmə qapıldıqlarını, mövhumatın əsiri olduqlarını və bu işdə ruhanilərin, din dəllallarının “ gərgin əməyini”, məqsədyönlü təbliğatını kəskin tənqid atəşinə tuturdu
Nəriman Nərimanov öz ağlına, düşüncəsinə, ictimai-siyasi fəaliyyətində ciddiliyinə, insanlarla rəftarına və münasibətinə, həm də bir həkim kimi xalqa göstərdiyi qayğı və köməyə görə böyük hörmət və nüfuza malik bir şəxsiyyət idi. Belə bir insan cəmiyyətdəki eybəcərliyə, geriliyə, insanların düşdükləri ağır və çətin vəziyyətə, inkişafa və tərəqqiyə mane olan və ictimai-siyasi xarakter daşıyan hadisələrə, özbaşınalığa və cəhalətə qarşı biganəlik göstərə bilməzdi. O, cəmiyyətin bir üzvü, humanist vətəndaşı idi.
Nəriman Nərimanov da millətin şüurca geri qalmasının, ətrafda baş verən hadisələrə laqeydlik göstərməsinin, özünü dərk etməməsinin səbəbini dində görürdü. Din insanların öz yaşayışları haqqında düşünmələrini, gələcək haqqında fikirləşməyi sanki dondurmuşdu, cəmiyyəti elə bil bir sehirli dairəyə salmışdı. Bu dairədən çıxmaq mümkün deyildi, çünki din xadimləri: şeyxül-islamlar, müftilər, mollalar, ruhanilər buna imkan vermirdilər. Onlar var qüvvələri ilə çalışırdılar ki, kütlə bu sehirli dairədən kənara çıxa bilməsin.
Bütün bunların canlı şahidi olan Nəriman Nərimanov xalqın gözünü açmaq, şüurunu oyatmaq, onları bu hala salanların kimliyini tanıtmaq üçün ədəbi-bədii vasitələrdən istifadə edir. Onun “ Nadanlıq” pyesində təsvir olunan hadisələr deyilənlərə nümunəı ola bilər. Pyes 1894-cü ildə nəşr olunmuşdur. Pyesdə təsvir olunan hadisələr mövhumat və cəhalətin dərin kök salmış olduğu ucqar bir kənddə baş verir. Xəstəlikdən ürəyi gedən, huşunu itirən bir gəlinin birdən-birə bu hala düşməsinin səbəbi və onun “müalicə üsulu” göstərilir. Söhbət Gülpəri arvadla Qurbanəli kişi arasında gedir:
Gülpəri:

Məhəmməd oğlunun gəlini dəli olubdur!
Qurbanəli: necə dəli olubdu?
Gülpəri: gözəl-göyçək gəlin idi.Hayıf sənə.
Qurbanəli :De görüm necə dəli olubdu? Axı nədən olubdu?
Gülpəri: Mirzənin nəvəsi nədən oldu? Bu da ondan!
Qurbanəli : Hal anasındanmı?
Gülpəri : Hə, hə! Hayıf sənə (dizinə vurur)
Qurbanəli: Görübdü? O ki gözə görünməz!
Gülpəri : Tovlada ata arpa verirmiş, birdən gözünə görünübdü, ətəyindən yapışıb, qızın elə orada ürəyi gedib, yıxılıbdı, tovladan ölü çıxarıblar.
Qurbanəli : Belə şey olmaz, ay arvad!
Gülpəri : Mollalar hamısı tökülübdü dua yazırlar. (N.Nərimanov.Seçilmiş əsərləri, Bakı-1973, səh.37)
Burada insanların avamlığı, nadanlığı, cin, şeytan kimi mövhumi qüvvələrə inamı, elmdən uzaq olmaları və bütün bunlara səbəb kimi dini fanatizm və cəhalət göstərilir. Ömərin anası Gülpğriyə şikayətlənir ki, oğlu Ömərin ağlını allah alıbdır. O, gah kitabla oynayır, gah maşınla yazır, əbəs yerə pulunu yox edir. İki ildir ki, çalışıram onu evləndirim, toyunu gözüm görsün, razı olmur ki, olmur.
-Gülpəri : Bəlkə, düşmənləriniz oğlunun bəxtini bağlayıblar?
-Etər: Allah bilir, bəlkə də elə ola. Bəs bunun çarəsi nədir?
-Gülpəri : gərək kitaba baxdırasan, dualar yazdırasan. Bildir Nənəxanımın oğlu da belə olmamışdımı?! Kitabnan açdılar.
-Yetər : Elədi, elə. Yaxşı yadıma saldın.Dərviş baba cinləri gəzdirəndimi?
Gülpəri: Hə, hə…Bax o dərviş baba bir gün hamının gözü qabağında cinlərə buyurdu ki, “açın bu oğlanın düyününü!” Bir neçə gündən sonra oğlan özü yalvardı ki, onun üçün arvad alsınlar. Amma yaxşı da pul aldı :iki yüz manat. Bir yüzünə pul, bir yüzünə də qoyun.
Yetər : İindi o dərviş burada deyil, nə etməli? Ondan savayı bir ayrı adam yoxdurmu?
Gülpəri :Niyə yoxdur, bizim kənd mollası da kitaba baxır.
Yetər : Yaxşımı baxır?
Gülpəri : Baxmağına söz yoxdu. Dörd ay bundan əvvəl bizim bir danamız itmişdi, kitaba baxıb yerini o saat dedi.
Yetər : Dananı sonra tapdınız?
Gülpəri : Hardan tapdıq! Oğurlayan yemişdi, getmişdi.
Yetər: – Ağrın alım, a Gülpəri, İndi bu işdən ötəri o mollaya baxdırmaq olarmı?
Gülpəri: – Nə üçün olmur, sənə bir də bir şey deyim. Hərgah istəyirsən ki, işi düzəltsin, gərəkdir ki, pul qızırğanmıyasan.
Ömərin evləməməsinin səbəbini isə “bəxtinin bağlanmasında” görürlər. Bunun çarəsi dərviş çağırıb kitab açdırmaq və cinlərə çoxlu pul verməklə, Ömərin bəxtini, düyününü “açdırmaqdan ibarətdir. Mollaya müraciət olunur, yalvar-yaxardan sonra molla razılıq verir və onlarla şərt kəsir: “ Ancaq sizdən təvəqqə edirəm ki, düz qəlblə bu işə baxdırasınız və gərəkdir ki, puldan əsla fikir etməyəsiniz. Çünki o cinlər ki, mən onlara hökm edəcəyəm, pul barəsində çox danışıqları sevməyirlər…Mənim dualarımın hərəsinin ayrı-ayrı qiyməti var”… (yenə orada, səh.41)
Əsərin sonunda müəllif demək istədiklərini ümumiləşdirərək Ömərin dili ilə belə verir: “ Doğru buyurursunuz. Oğulun yaxşı, pis olması ata və ananın tərbiyəsinə bağlıdır…Mənim fikrimcə, günah bir mənim ata və anamda deyil, bəlıkə, müsəlman millətinə yol göstərənlərdədir. Bunlar insana ən lazım olan qanunları buraxıb, cüzvi qanunlar ilə başını tovluyublar. Millət isə mədəniyyətdən uzaq düşüb. Yaman bir halda bulunur. Bu tövr bədbəxtlik hər millətin içində olubdur, amma onlar bizdən tez anlayıb oxumağın dalınca gediblər və bu tövr bəlalardan xilas olublar” (yenə orada, səh.52)
Son nəfəsində fanatiklərin əlində faciəli şəkildə həlak olarkən Ömər belə deyir: “ Məni nadanlıq, avamlıq, bimərifətlilik güllələdi. Bunların hamısı…Ah…adamı heyvan edərmiş! Ah, nadanlıq…” (yenə orada, səh. 55).

XƏBƏR LENTİ