Nəriman Nərimanovun dinə münasibəti

1 388 14-02-2021, 11:23 kose / siyaset

Nəriman Nərimanovun dinə münasibəti
Müsteqil Ağayev AMEA Felsefe ve Sosiologiya İnstitutu Azerbaycan felsefe tarixi şöbesinin aparıcı elmi işçisi, felsefe üzre felsefe doktoru, dosent, Qabaqcıl Maarif Xadimi.

Nəriman Nərimanov müsəlman ailəsində doğulmuşdu. Həmin dövrdə İslam dini müsəlmanlar içərisində özünə möhkəm yer eləmişdi. Hakim dairələr öz mənafe və çirkin niyyətlərini həyata keçirmək üçün bu dindən istədikləri şəkildə istifadə edirdilər. Bu din ictimai-siyasi və mədəni həyata da öz təsirini göstərirdi. Din təkcə geriliyə, tənəzzülə, cəhalət və nadanlığa səbəb olmurdu, o, insanlar arasındakı münasibətlərə də mənfi təsir göstərir, insanlar arasında fikir, düşüncə ayrılığı yaradır, onları bir-birinə qarşı qoyur, düşmənə çevirir, həmrəyliyə, azad yaşamaq uğrunda mübarizə aparmaq üçün birləşməyə mane olur, müsəlmanların həyatını cəhənnəmə çevirirdi.
Din və əqidə müxtəlifliyi insanların xoşbəxt həyat qurmaları yolunda ən böyük və keçilməz sədd rolunu oynayırdı. Bir tərəfdən feodal-patriarxal münasibətləri, digər tərəfdən din və şəriət qaydaları insanların həyatını iflic etmişdi. Bu dərdə çarə tapmaq və ondan qurtulmaq hələ ki, mümkün deyildi, çünki şərait də buna müvafiq deyildi.
Nəriman Nərimanov müsəlmana məxsus tərbiyə almışdı. Gənc yaşlarında islamı öyrənməyə çalışmış və onun əsaslarını dərindən mənimsəyə bilmişdi. Tiflisdə altısinifli ruhani məktəbini də bitirmişdi ki, bu məktəb Qafqaz Şeyxülislamının nəzarəti altında idi.
Nəriman Nərimanovun bədii yaradıcılığının əsas məzmununu da burjua-mülkəıdar cəmiyyətinin eybəcər qanunlarını, mürtəce adət-ənənələri, dini fanatizmi, Şərq istibdadını tənqid, xalqlar dostluğu, millətlərarası birliyi, mədəni və mənəvi yüksəlişi, milli azadlıq ideyalarının təbliği təşkil edir.
Nəriman Nərimanovun “ Nadir şah” faciəsi onun dramaturgiyasının şah əsəridir. Əsərdə dövrünə görə çox vacib olan bir sıra məsələlərə toxunulmuşdur. Burada hakimiyyət və xalq münasibətləri də öx əksini tapmışdır. Bizim üçün aktual olan fikir Nadir şahın ölüm ayağında mollalar haqqında sədaqətli vəzirinə dedikləridir: “…üçüncü fikrim…mollaların ixtiyarını azaltmaq. Bir dövlət ki, mollalar ixtiyarında yaşadı, o dövlətdə tərəqqi olmaz…Çünki bir neçə səbəblərə görə molla qismi həmişə çalışır ki, xalqı qaranlıqda yaşatsın…Dövlətə dair qanunları bilmərrə ruhanilərdən almaq gərəkdir.”
Burada müəllifin dindarlara, daha doğrusu, dindarların ruhani qisminə münasibəti çox aydın hiss olunur. Nəriman Nərimanov Şərq ölkələrində baş verən sosial-siyasi hadisələri daim diqqətlə izləyir, bu hadisələrin arxasında dayananların kimlərdən ibarət olduqlarını, hansı məqsədə, kimlərə xidmət etdiklərini, proseslərin gedişində cilddən-cildə girərək öz simalarını necə dəyişdiklərini, mənəviyyatca necə cılızlaşdıqlarını görürdü.
O, 1896-1908-ci illərdə yazmış olduğu “ Bahadır və Sona” romanında bir sıra mühüm və dövrünə görə çox aktual olan problemlərə toxunmuşdur. Bu problemlər içərisində diqqət daha çox insanları bir-birinə düşmən cəbhələrə ayıran, ailə-məişətdə pozuntulara, qalmaqallara səbəb olan , böyük arzuların, ümidlərin boşa çıxması, həqiqi və saf məhəbbətlə sevən qəlblərin sevinc və səadətə həsrət qalması, sevgi və məhəbbət macəralarının faciə ilə bitməsi, fəlakətlə nəticələnməsi və sairədə dinin oynadığı rola yönəlmişdir.
Bahadır müsəlman, Sona isə ermənidir-xristiandır. Bu iki gənc bir-birini o qədər dərin və saf məhəbbətlə sevirlər ki, müvəqqəti ayrılığa belə dözə bilmirlər. Onların gələcək haqqında böyük planları, gözəl arzuları vardır. Hər biri öz sahəsində millətə, vətənə sədaqətlə xidmət edəcəyini, övlad sahibi olacağını, xoşbəxt yaşayacağını xəyalında canlandırır, həmin günlərin tezliklə gələcəyini səbirsizliklə gözləyir.
Qəlbləri məhəbbət və sevgi odu ilə alovlandığı bir vaxtda bu məhəbbət alovunun üstünə sanki su tökülür, şölələr buxar içərisində sönüb məhv olur. Ürəklər susur, məhəbbətin oxu daşlara dəyir. Sevgi ilə döyünən ürəklərin sahibləri faciəli şəkildə dünyadan köçürlər.
Eşq və məhəbbətin alovunu söndürən, gənclərin həyatını zəhərləyən, onları bir-birindən ayıran, həyatdan kamsız aparan səbəb nə idi?

Din ayrılığı, məzhəb və əqidə fərqləri
Gənclərin günahı nə idi?
Birinin müsəlman,digərinin erməni – xristian olması.
İslam dini müsəlman kişi və qadınlarının başqa dinə və məzhəbə qulluq edənlərlə evlənməsini, ailə qurmasını qadağan edir. Xristianlıqda məsələ bu cür kəskin qoyulmur. Sonanın valideynləri bu qanunu bildikləri üçün çox fikirləşməli, hər şeyi ölçüb-biçməli olurlar. Ümumi qanundan kənara çıxmaqla, lənətlənəcəklərini gözlərinin qabağına gətirib dəhşətə gəlirlər. Son çıxış yolunu Bahadırı öz dinlərinə dəvət etməkdə görürlər. Onlar bunu da yaxşı bilirlər ki, Bahadır da öz dininə, xalqına, onun adət-ənənələrinə, qayda-qanunlarına riayət edən sədaqətli bir gəncdir. Bəs onda nə etmək lazımdır ki, bu iki gənc xoşbəxt olsun? Sonanın ailəsinin Peterburqa köçməsi , Bahadırın onların evinə gəlməsi ilə fəlakət başlayır. Bahadır intihar edir, Sona isə dəlilər evinə düşür… Budur dinlərin cəmiyyətin həyatında oynadığı “böyük rol”.
Bahadır və Sona dinlərin yaratdığı süni “uçurumları” keçə bilməyən və öz sevgisi, məhəbbəti yolunda nakam ölən milyonlarla gəncin ümumiləşdirilmiş obrazıdır. Müəllif də öz qəhrəmanı kimi gec-tez bu uçurumların aradan qalxacağına, sevənlərə heç bir qüvvənin mane ola bilməyəcəyinə səmimi qəlblə inanır. O, “uçurum dərələr” adlandırdığı dini ayrı-seçkiliyi ittiham edərək yazır : “ Nə üçün məni müsəlman, sizi xristian, qeyrilərini yəhudi və ya bütpərəsr adlandırsınlar? Nə üçün bu insanlar sonrdan düzəlmiş dürlü-dürlü qanunlara sitayiş etsinlər? Təbiimi? Yox! Təbii qanun hamı insanlar üçün bir gərəkdir” (N.Nərimanov.Əsərləri, Bakı-1956, səh.201).
Bütün bunlara baxmayaraq, Nəriman Nərimanov din haqqında yazdığı əsərlərdə dinə mədəni-mənəvi və sosial bir hadisə kimi baxmış və onun cəmiyyətin tərəqqisi və inkişafının müəyyən bir mərhələsində meydana gəldiyini və bəzi xeyirli cəhətlərini də qeyd etmişdir. Onun dinə münasibəti dini bütövlükdə mürtəce və zərərli bir hadisə kimi dəyərləndirən ifrat ateistlərin münasibətlərindən çox fərqlidir. Nərimanov din anlayışına ciddi elmi mövqedən yanaşır, onun daxili aləminin mürəkkəbliyini , tərkibində gerçəklikdən uzaq düşmüş ünsürlərlə yanaşı, real əsasları olan sağlam mənəvi-ruhi dəyərlərin də olduğunu qeyd etmiş, yeri gəldikcə, bu dəyərlərin ümumbəşəri mənasını öz yazılarında izah etmişdir
Nəriman Nərimanova görə, din məhz özündə cəmləşdirdiyi mütərəqqi, sağlam mədəni-əxlaqi dəyərlərinə görə cəmiyyətdə, insanların həyatında böyük rol oynayır, tərəqqinin mühüm amili kimi çıxış edir.
Nəriman Nərimanovun fikrincə, məktəblərdə dinin öyrədilməsinə yol vermək olmaz. O, belə ehtimal edirdi ki, bu zaman hər hansı bir ruhani müəllim öz dinini başqasından daha üstün kimi qələmə verə bilər və yaxud başqa dinləri pisləyə bilər.Nəriman Nərimanov bir şox xalqların məişətinə və mənəvi həyatına daxil olmuş dinin üzərindən qələm çəkmək istəyənləri avantürist adlandırmışdır. Eyni zamanda dinin müddəaları və göstərişlərinin başabəla ruhani və mollalar tərəfindən düzgün başa düşülüb izah edilməməsi, bəzən də açıq-aşkar saxtalaşdırılması əleyhinə çıxırdı.
Nəriman Nərimanov elm və dinin qarşılıqlı münasibəti məsələsinə də toxunur. Lakin bunlara bir-birinə əks duran, bir-birini inkar və istisna edən şüur hadisələri kimi baxmır. O, belə düşünür ki, bu mənəvi təşəkküllərin hər biri öz həqiqətləri vasitəsilə özünəməxsus bir yolla bəşəriyyətə xidmət edir. Məhz belə bir məqsəd ümumiliyi onların bir-birinə düşmən kəsilməsinə nəinki yol vermir, əksinə, onları bir çox cəhətdən bir-birinə yaxınlaşdırır.
Nəriman Nərimanov təkcə islama deyil, başqa dinlərə də hörmətlə yanaşır…”əsil və kamil din mənimkidir” – deyə öz dinini tərifləyib göylərə qaldıranları məzəmmət etməkdən də çəkinmirdi. Onun fikrincə, hər bir xalqın etiqad etdiyi din onun üçün əziz olduğundan, bütün dinlərə qarşı hörmətcil mövqe tutmaq və dini ayrı-seçkiliyə yol verməmək lazımdır.
Müsəlman ruhaniləri elmin şeytan işi, şeytan əməli olduğunu və buna görə də mollaxana və mədrəsələrdən başqa, dünyəvi təhsil verən yeni tipli məktəblərdə oxuyanların hamısının cəhənnəmdə yanacaqlarını qeyd edirdilər. Nəriman Nərimanov bu deyilənlərə öz münasibətini bildirərək deyir ki, ruhanilərin paxıllığı və həyasızlığı o yerə çatmışdır ki, islam peyğəmbərinin buyurduğu o gözəl kəlamlara da məhəl qoymurlar. Peyğəmbər buyurmuşdur ki, elmi beşikdən məzara qoyulana kimi öyrənmək vacibdir. Həm də elmi öyrənməkdə kişi ilə qadın arasında heç bir fərq yoxdur. Bizim mollalar peyğəmbərin bu kəlamlarının ancaq dini elmlərə, şəriətəaid olduğunu söyləyirlər.
Millətin keşiyində duran ziyalılarımız insanları real həyatdan uzaqlaşdıran, yaşamaq uğrunda mübarizədən çəkindirən dini ehkamları da ciddi tənqid edir, bu ehkamların ağlasığmaz və cəfəngiyat olduğunu sanballı dəlillərlə avamları, nadanları başa salırdılar. İslam dini ehkamlarının tənqidi ənənəsi Mirzə Fətəli Axundovla başlanır və ondan sonra gələn açıq fikirli, millətsevər ziyalılar tərəfindən davam etdirilir.
Allahın varlığı, adilliyi, qayğıkeşliyi, hər şeyə qadir olması və sair, və ilaxır, buna bənzər onlarla sifətləri, atributları, cənnət və cəhənnəmin mövcudluğu, müxtəlif vəzifələri icra edən, ölənləri qəbirdə sorğu-suala tutan Nəkir və Münkir adlı cəhənnəm mələklərinin olmasını böyük filosof M.F.Axundov “ Kəmalüddövlə məktubları”nda çox ciddi və olduqca sərt tənqid edir, bunların hamısını əfsanə, boş sözlər və cəfəngiyat adlandırır.
Zaman keçdikcə, bu müdrik insanın söylədiklərinin doğruluğu özünü təsdiqlədi. M.F.Axundov bu barədə yazırdı: “ Əgər allah, Quranda bizə xəbər verildiyi kimi, ədalətlidirsə, bəs nə üçün o, birini adi adam yaratmışdır, digərini peyğəmbər, birini qul yaratmışdır, digərini ağa, birini qoyun yaratmışdır, digərini canavar, birini kəklik yaratmışdır, digərini caynaqlı şahin? Məgər ədalətli olan allaha yaraşarmı ki, bu dünyada, tutaq ki, yüz il ona ibadət etməmək üstündə o dünyada insanı əbədi olaraq cəhənnəmə məhkum etsin? Edilən cinayətdən milyon dəfə artıq cəza verən bir allahı necə ədalətli hesab etmək olar? Əgər allah rəhimlidirsə, bəs nə üçün o, “müşrikləri öldürünüz” ayəsini göndərməklə, öz bəndələrini vəhşicəsinə qırdırır? Əgər allah hər şeyə qadirdirsə, bəs nə üçün o öz düşmənlərini məhv etməyə müvəffəq olmur, dul arvad kimi qarğıyır və bu çirkin işi mənim əlimlə gördürür? Belə bir qisasçı allah mirqəzəbdən, qəssabdan və hər cür zalımdan betərdir”. ( “ Kəmalüddövlə məktubları”, Bakı – 1959).
Aydındır ki, bu sualların düzgün cavabı elmdədir. Elmə əsaslanıb cavab verənlər nadan və cahil dindarlar tərəfindən “kafir” adlandırılır, məzəmmət edilir, hörmət və nüfuzdan salınırdılar. Çünki onların arxasında dövlət məmurları dayanırdı. Nə etmək olardı? Mühafizəkarlar, avam və nadanlar, mövhumat, cəhalət və xurafat tərəfdarları çox, millətpərvər, acıq fikrili ziyalılar isə az idi. Lakin bu cəsur azlıq sadəlövh çoxluğa tabe olmur, həqiqəti xalqa çatdırmaqdan qorxmurdu.
Əsil həqiqəti, reallığı dərk etməyən, anlamaqda çətinlik çəkən, yalanla doğrunu, yaxşı ilə pisi, özünün xeyir və zərərini başa düşməyən kütlələr içərisində müəyyən hörmət və nüfuza malik olan ruhanilər özlərinin bəd əməllərinə, möminliklə bir araya sığmayan hərəkətlərinə bəraət qazandırmaq üçün yalandan Quran və peyğəmbərə istinad edir, onların haqqında ziyalıların dediklərini böhtan, özlərini də “mürtəd” adlandırırdılar. Bəzi ziyalılar isə islam dini haqqında tənqidi fikir söyləməsələr də, ruhaniləri, mollaları pis əməllərinə görə ciddi tənqid edirdilər.

XƏBƏR LENTİ