Qazilərə belə münasibət gəncliyin vətənpərvərlik ruhunda tərbiyə olunmasına fəsad yaradacaq – ELŞƏN QULİYEV

1 390 22-03-2021, 21:20 kose / siyaset / cemiyyet / gundem

Qazilərə belə münasibət gəncliyin vətənpərvərlik ruhunda tərbiyə olunmasına fəsad yaradacaq – ELŞƏN QULİYEV




















Azərbaycan Respublikasının silahlı qüvvələri, müzəffər ordumuz 2020-ci ilin 8 noyabrında qazandığı uğurla yeni tarix yazdı. Bu hər bir azərbaycanlının iştirak etdiyi tarixi döyüş idi. Və məhz bunun məntiqi nəticəsi olaraq vətəndaş öz qələbəsindən sevinc və qürür hissi keçirdi. Bu Azərbaycan vətəndaşının öz tarixinə əvəzsiz hədiyyəsi idi. Mən I Qarabağ döyüşlərinin qazisi olaraq bu möhtəşəm qələbə üçün ordumuza və millətimə təşəkkür edirəm. Millətimlə qürur duyuram. Müharibə başladığı ilk günlərdən mənsub olduğum Ümid Partiyasının sədri hörmətli İqbal bəy başda olmaqla, digər funksionerlərimiz, o cümlədən sıravi üzvlərimiz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəsmi müraciətlər etdik. Həmin vaxt hətta siyasi fəaliyyətimizin müharibə başa çatana qədər dondurulmasını belə təklif etdik. Partiyamızın sədri İqbal Ağazadə müxtəlif efirlərdə bəyan etdi ki, mən və partiyadaşlarım hər an əsgər olaraq dövlətimizin yanındayıq və Ali Baş Komandanın əmrini gözləyirik.

Müharibə başladığı ilk gündən 44 gün ərzində Ümid Partiyasından çoxlu sayda şəxs müharibədə əsgər və zabit kimi iştirak etdi. Onu da qeyd edim ki, partiya üzvlərimizdən şəhidlik zirvəsinə ucalanlar da oldu. Tanrı onların və bütün şəhidlərimizin məkanlarını Cənnət etsin.

Eyni zamanda partiya olaraq orduya maddi və mənəvi köməkliklər də edildi. Biz siyasi təşkilat olaraq müharibə dönəmində etdiklərimizi özümüzün mənəvi borcumuz kimi qiymətləndiririk. Müharibə dönəmində hər vətəndaşın öz ordusu, dövləti ilə həmrəyliyinin addımbaşı şahidi olurduq. Lakin təəssüf ki, müharibə bitdikdən sonra müharibə iştirakçılarının, ən başlıcası isə qazi və şəhid ailələrinin haqlı narazılıqlarının şahidi olduq. Etirazların əsas səbəbini əlilliyin düzgün təyinatının aparılmaması, müharibə iştirakçılarına əlillik dərəcələrin verilməməsi, adların, təltiflərin hələ də gecikməsində görürük. Eyni tendensiya ı Qarabağ müharibəsi bitdikdən bu günə qədər də davam edir. Həmin tarixdən 28 il keçməsinə baxmayaraq hələ də də problemlər masa üzərində həllini gözləyir. Haqlarının obyektiv və subyektiv səbəbdən pozulmasına baxmayaraq I Qarabağ müharibəsində döyüşümüş qazilər, veteranlar, o cümlədən onların yaxınları. Övladları, həmçinin şəhid olmuş qardaşlarımızın ailə üzvləri, doğmaları da II Qarabağ müharibəsinin iştirakçıları oldular. Bu sadə iştirakçılıq deyildi.

Onu da qeyd edim ki, I və II Qarabağ müharibəsinin fərqini bəzi şəxslər kifayət qədər təzad müstəvisində izah edirdilər. Hesab edirəm ki, həmin şəxslər, özünə və ya sözünə cavabdeh olmayanlardır. Diqqət etsək görərik ki, mövcud problemlər konteksində millət yenə də dövlətinə sahib çıxdı, torpaqlarının azad olunmasında bir yumquq kim birləşdi. Hakimiyyət üzvləri belə millətin birliyini etiraf etmək məcburiyyətində qaldırlar. Hətta gəldikləri qənaətlərini sevinərək etiraf edirdilər. Və bu vəziyyət o qənaəti yaratmışdı ki, artıq məmur korpusu millətlə məhz qanunların tələb etdiyi formada davranacaq. Heç vaxt haqsızlığa yol verməyəcəklər. Yenə də səbr edərək bir neçə ay izlədikdən sonra masa üzərində qalmış və öz həllini tapmamış məsələlərlə bərabər daha da geniş vüsət almış problemlərin ortaya çıxdığını gördük. Əcəba bu millətə və xalqa bu cür “diqqət”rəvamıdır? Axı müzəffər ordu dediyimiz şəxsi heyətin üzvləri bu xalqın övladlarıdır.

Xalqın saymaqla bitməyən problemlərinin olduğu bir vaxtda bir tərəfdən də dünyanı cənginə almış koronavirus pandemiyası iki ilə yaxındır ki, aldığı canlarla bərabər, gətirdiyi problemləri də üst-üstə gətirdikdə xalqımızın adil və səbirli olduğunu gördük. Xalqıma ona görə adil deyə xitab edirəm ki, bu qədər problemləri konteksində həmin problemləri arxa plana keçirməklə dövlətin düşmənlə müharibə apardığı zaman heç bir məqsəd güdmədən dövlətin müdafiəsinə qalxdı. Bu cür mərdlik hesab edirəm ki. yalnız Azərbaycan xalqına məxsusdur.

Azərbaycan əhalisinin sosial rifah halının ağır vəziyyətdə olmasını hər kəsdən daha qabarıq və açıq şəkildə bilən ƏƏSMN məhz belə situatsiyada 60 mindən artıq təqaüdçünün aldıqları müavinətləri xəbərdarlıq etmədən dayandırdı. Onu da qeyd edim ki, həmin 60 min təqaüdçünün içərisində Qarabağ qaziləri, müharibə veteranları da var idi. O şəxslər hələ də ümid edirlər ki, mövcud problem həllini tapacaq. Baxın, müzəffər ordu sıralarında qazi olmuş şəxslərə bu cür münasibət göstərilirsə, o, zaman yetişən gəncliyin vətənpərvərlik ruhunda tərbiyə olunmasında cidid fəsadlar ortaya çıxa bilər. Məhz həmin gənclik özü üçün haqlı olaraq nəticə çıxarır ki, əgər öz vətəninin bütövlüyü uğrunda canını, sağlamlığını belə qurban vermiş şəxsə münasibət budursa, o zaman özlərinin, gələcəklərinin qaranlıq olması ehtimalı yaranır.

Unutmayaq ki, mənfur erməni dövləti ilə qonşu olmağa məhkumuq. Belə mənfur düşmən dövlətlə daim hazırlıqlı siyasət yürütməliyik. Çünki düşmən sinsi və hilyləgərdir. Biz bu hiyləgərliyin tarixinin 200 ildən bəri davam etdiyinin şahidi olmuşuq. Ona görə öz xalqımızı elə bir ruhda və rifah halında yetişdirməliyik ki, yetişən gənclik vətənin və dövlətin müdafiəsini müqəddəs borc hesab etsin. Bildiyimiz kimi hər bir dövlətin gələcəyi, müqəddaratı gəncliyin öhdəsinə düşən vəzifədir. Dövlətin bilavasitə borcu isə özünün gələcəyini təmin və təyin edən gəncliyi yetişdirməkdir.

Elşən Quliyev
Ümid Partiyası Təşkilat şöbəsinin müdiri, Qarabağ qazisi

XƏBƏR LENTİ