FƏQLİ PEYVƏND DOZANIN VURULACAĞI HALLAR AÇIQLANDI - Peyvəndə əks göstərişi olan şəxslərə tibbi arayış veriləcəkmi?

524 14-07-2021, 11:10 cemiyyet

FƏQLİ PEYVƏND DOZANIN VURULACAĞI HALLAR AÇIQLANDI - Peyvəndə əks göstərişi olan şəxslərə tibbi arayış veriləcəkmi?2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs Azərbaycanda istifadəsinə icazə verilən istənilən vaksinin 2 dozasını vurdura bilər.

"Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in vətəndaşların vaksinasiya ilə bağlı suallarına cavabda qeyd olunub.

Bildirilib ki, “Peyvənd sertifikatı”nda son qəbul edilən 2 doza haqqında məlumat əks olunacaq. Buster (qüvvətləndirici) doza deməkdir. 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur. Tədqiqatlara görə qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Əvvəl qəbul etdiyiniz 2 dozadan asılı olmayaraq, ya eyni növ, ya da digər bir vaksin 3-cü (buster) doza kimi qəbul oluna bilər.

Eyni zamanda iyulun 2-dən sonra “İmmunitet sertifikatı”nın müddəti bitdiyi üçün ölkədə istifadə olunan hər hansı vaksindən 1 doza qəbul edən şəxsin “İmmunitet sertifikatı” müddətsiz olaraq uzadılır. İyulun 2-dən əvvəl 1 doza vaksin vurduran şəxslər isə 2-ci doza vaksini mütləq vurdurmalıdırlar.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in vətəndaşların vaksinasiya ilə bağlı suallarına cavabda o da qeyd olunub ki, "Peyvənd sertifikatı” müddətsizdir.

Qeyd olunub ki, dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddəti istiqamətində elmi tədqiqatlar davam etdirilir: "Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılacaq".

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in vətəndaşların vaksinasiya ilə bağlı suallarına cavabda həmçinin qeyd olunub ki, peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır.

Bildirilib ki, yaxın günlərdə bununla bağlı ictimaiyyətə məlumat veriləcəkdir.

Bundan başqa, xarici ölkələrin peyvənd və immunitet sertifikatlarının Azərbaycanda tanınması məsələsinə də aydınlıq gətirilib. Belə ki, beynəlxalq səhiyyə qurumları COVID-19 peyvənd və immunitet sertifikatlarının ölkələr arasında tanınması mexanizminin üzərində işləyir.

XƏBƏR LENTİ