DÖVLƏT NECƏ TƏNƏZZÜLƏ SÜRÜKLƏNİR? - “5-ci kolon” Prezidentin iqtisadi siyasətini boykot edir

787 14-07-2021, 18:34 kose / siyaset

DÖVLƏT NECƏ TƏNƏZZÜLƏ SÜRÜKLƏNİR? - “5-ci kolon” Prezidentin iqtisadi siyasətini boykot edirMürvət HƏSƏNLİ


Sirr deyil ki, istənilən dövlət iş dünyasının çiyinləri üzərində bərqərar olur. Ölkələrin inkişafında, büdcə vəsaitlərinin toplanmasında, insanların işlə təmin olunmasında, ölkədə sosial vəziyyətin yaxşılaşmasında və s. kimi sahələrdə iş dünyasının xidmətləri danılmazdır. Odur ki, istənilən dövləti daxilən məhv etmək istəyəndə birinci növbədə iş adamları incidilir, onların ölkədən çıxıb getməsinə, yerlərində xaricə bağlı təsərrüfatların yaradılmasına çalışılır.

Heç uzağa getməyək, bir vaxtlar dünyanın super gücü olan, Asiyadan Avropaya, Afrikaya qədər geniş əraziləri əlində tutan, təsir imkanları ilə Yer kürəsinin istənilən nöqtəsini lərzəyə gətirən Osmanlı imperiyasında ən ağır zərbə iş adamlarına vurularaq zəiflədilmiş və sonunda tənəzzülə uğradılmışdır. Tarixi faktlara nəzər salanda açıq-aydın görə bilərik ki, Qərb imperializmi Osmanlı imperiyası daxilindəki xristian və qeyri-müsəlman adamlarla iqtisadi əlaqələr qurmuş, onların inkişafı üçün maliyyələr ayırmış, beləcə ölkənin əsas iqtisadi sütununu dövlətə bağlı olmayan və separatçılığa meylli iş adamları üzərində oturdulmasını təmin etmişdilər. Nəticədə getdikcə zəifləyən Osmanlı müsəlmanlarının iqtisadi gücü sarsılmış və super dövlət “xəstə adam” halına salınmışdır. Bununla da Osmanlı ordusunun inkişafını təmin edən maliyyə gücü zəifləmiş, imperiya daxilindəki qeyri-müsəlman zənginlər separatizmi maliyyələşdirməyə başlamışlar. Məhz həmin separatçılarının təşviqi sayəsində əvvəl Balkanlar Osmanlı təbəəçiliyinə qarşı baş qaldırmış və ondan aralanmışdı. Daha sonra bu proses imperiyanın ərəb ərazilərinə sıçramış və ərəblər də ayrılıq yolunu seçmişdilər. Dağılma prosesi bununla da qalmamış, indiki Türkiyənin ərazilərinə, minillər boyu Türk hegemoniyası altında yaşayan Anadoluya yayılmışdı. Osmanlı hakimiyyətinin sonlarında istər yunan, istərsə də erməni separatizmi ilk qaynağını məhz fransızların, ingilislərin qurduğu iqtisadi şirkətlərdən, ticarət ortaqlarından almışdır.

Osmanlı hakimiyyəti getdikcə ölkəni daxildən parçalayan bu tendensiyanın fərqinə gec vardığından onun qarşısını almaq üçün göstərdiyi ciddi səylər istədikləri nəticəni verməmişdi. Bununla belə, əldə qalan torpaqların qorunması milli burjuaziyanın yaradılması ilə mümkün olmuşdu.

20-ci əsrin əvvəllərində hakimiyyətə gələn İttihad və Tərəqqi hökumətinin bu sahədə apardığı siyasət indiki Türkiyənin iqtisadi təməllərinin atılmasında önəmli rol oynamışdır. “İttihad”çıların milli burjuaziya yaratmaq siyasəti Türkiyənin qurucusu Atatürk tərəfindən də davam etdirilmiş və 70-ci illərin sonuna qədər ölkənin iqtisadi siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdi. Məhz bu siyasətlərin nəticəsində Türkiyə bu gün G-20 ölkələri arasında yer almış, ÜDM-na görə dünyanın 11-ci dövləti səviyyəsinə yüksəlmişdir. Yaxın gələcəkdə onun ilk 5-liyə düşəcəyi gözlənilir.

Sözsüz ki, bu gün qardaş ölkənin ordu gücünə görə ən böyük dövlətlərlə yarışması, regional təsir qabiliyyətinə görə hətta super güclərin qarşısına cəsarətlə çıxması 1912-ci ildə hakimiyyətə gəlmiş İttihad və Tərəqqi hakimiyyətinin iqtisadi islahatları və siyasətləri ilə birbaşa bağlıdır. Düzdür, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın cəsarətli addımları, uğurlu xarici siyasətləri, hərbi sənaye komplekslərini inkişaf etdirməsinin də bu gücün ortaya çıxmasında misilsiz xidmətləri var və bunu danmaq mümkün deyil. Fəqət kəramətin gücə bağlı olduğu həqiqətini göz önündə tutsaq, milli burjuaziya yaranmadan Türkiyənin indi qazandığı uğurların da istənilən effekti verməyəcəyi ortadadır.

Azərbaycan da Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə 2016-cı ildən etibarən milli iqtsadi quruluşların inkişafına təkan vermişdir. Bu addımın atılmasında, təbii ki, dünya bazarında neft və qaz məhsullarının qiymətlərinin ucuzlaşması da stimul rolu oynamışdır.
DÖVLƏT NECƏ TƏNƏZZÜLƏ SÜRÜKLƏNİR? - “5-ci kolon” Prezidentin iqtisadi siyasətini boykot edir
Ölkəmizin iqtisadiyyatının 70-80%-i karbohidrogen ehtiyatlarının hasilatından gəldiyindən bu qlobal böhran Azərbaycan iqtisadiyyatından da yan keçməmiş, nəticədə cənab Prezident neft sektoru erasının bitdiyini elan etmiş, qeyri-neft sektorunun inkişaf etdirilməsi çağını başlatmışdı.

İlham Əliyev keçirdiyi konfranslarda açıq şəkildə bildirmişdi ki, ölkəmizin qida sektorunda 100% öz imkanlarımıza söykənməyimiz ərzaq təhlükəsizliyi strategiyamızın bir nömrəli tələbi olduğu kimi, neft-kimya sənayemizin, tekstil sahələrinin inkişafı da iqtisadiyyatımızın şaxələnməsinin başlıca hədəfinə çevriləcək. Ölkə başçısı bu hədəflərin reallaşması üçün iş adamlarımızı təşviq etmək üçün bir sıra addımlar atmışdı. Yeni yaranan müəssisələrə az faizli və mühüm qismi dövlət tərəfindən ödənən kreditlərin verilməsi, 7 il boyunca onların bir sıra ödənişlərdən azad olunması, yoxlamaların dayandırılması və s. kimi tədbirlərlə bağlı fərmanlar imzalamışdır. Azərbaycanda istehsal olunan məhsulların xaricdən idxalına da əlavə gömrük rüsumları tətbiq olunmuşdur. Bütün bunlar, əlbəttə, xarici şirkətlərlə rəqabətdə yerli iş adamlarımızı avantajlı vəziyyətə gətirmək üçün idi.

Etiraf etməliyik ki, Cənab Prezidentin milli burjuaziyanın və qeyri-neft sektorunun yaradılması və inkişaf etdirilməsi istiqamətində atdığı bu uzaqgörən addımlar hökumət orqanlarında kök salmış, hələ də tam təmizlənməmiş bir çox məmurlar tərəfindən tam mənası ilə icra olunmur. Pandemiya məhdudiyyətləri kimi ağır dövrdən çıxmış Azərbaycanın iş adamlarının qapısı tez-tez müxtəlif nazirliklərin nümayəndələri tərəfindən döyülür. Hər gələnin isə mütləq təmənnası olur. Özü də əvvəlki illərdən fərqli olaraq, bu təmənnalarla dəfələrlə yüksək səviyyələrdə özünü büruzə verir. Nəticədə istər-istəməz təsərrüfatlarımız ağır iqtisadi durumdan çıxa bilmir, əksinə, daha da geri düşür və zəifləyirlər. Bir çox iş adamları bu məmurların əlindən qan ağlayırlar. Təbii ki, iş adamlarımızın kisəsindən zorla qoparılan hər manat malların qiymətinə də təsir edir. Beləcə, qiymətlər artır, inflyasiya qaçılmaz hala gəlir, insanlarımızın alıcı qabiliyyəti azalır, bundan isə cəmiyyətimizlə bərabər iş adamları əziyyət çəkirlər. İş yerlərinin bağlanması Azərbaycanda işsizlər ordusunun sayını artırır. Cəmiyyət get-gedə sosial kataklizmlərə sürüklənir. Açığını desəm, tez-tez qapımızın döyülməsi mənə təkcə acgöz məmurların haqsız pul qazanmaq hərisliyi kimi gəlmir.

Burada həm də dövləti uçuruma yuvarlatmaq istəyən "5-ci kolon"un bəd niyyətlərini də görürəm. Ölkəmizin hüquq mühafizə orqanları mütləq bu problemlə dərindən maraqlanmalı, Cənab Prezidentimizin həyata keçirməyə çalışdığı milli burjuaziya və qeyri-neft sektorunun inkişafı layihəsinin qarşısında dayanan əngəlləri ortadan qaldırmalıdır.

Unudulmamalıdır ki, iş adamını incitmək dövləti çöküşə sürükləmək deməkdir.

XƏBƏR LENTİ