Gəncə terrorunu törədənləri cəzalandırmaq üçün nə etməli - deputatdan açıqlama

580 7-10-2021, 10:54 cemiyyet

Gəncə terrorunu törədənləri cəzalandırmaq üçün nə etməli - deputatdan açıqlamaZahid Oruc: “Azərbaycan bu hüquqi davanı dövlət siyasətinin önünə qoyub”
Təkcə müharibənin başlamasından, qazanılan ilkin zəfərlərdən bir il ötmür. Həm də Gəncə, Bərdə, Tərtər şəhərlərində dinc sakinlərin Ermənistanın raket zərbələrinə, qadağan olunmuş silahlarla atdığı atəşlərə məruz qalmasından 1 il ötür. Gəncədə yaşayış binasının yerlə yeksan olması, Bərdə şəhərinin mərkəzinin kasetli bombalarla vurulması nəticəsində yaralanan, həlak olan, evi dağılan insanların hüquqları beynəlxalq məhkəmələrdə gündəmə gəlməyib. Ordumuzun qazandığı qələbə ilə bütövlükdə qisasımız alınsa da, ayrı-ayrı terror aktlarına görə beynəlxalq müstəvidə işlər qaldırılmalıdır.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan deputat, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc da bildirdi ki, Ermənistan tərəfindən ötən il bu vaxt Gəncəyə raket zərbələri endirilməsi heç şübhəsiz ki, müharibənin birinci növbədə Qarabağ və ətraf ərazilərdən çıxaraq daha geniş coğrafiyanı əhatə etməsi məqsədi daşıyırdı: “Bu, özlüyündə hərbi taktika kimi Paşinyana qədərki dövrün ”hərbi təmsilçiləri", əslində isə caniləri tərəfindən işlənib hazırlanmışdı və Müdafiə Nazirliyində də qorunub saxlanılırdı. Məhz ona görə də indi həbsə məruz qalan və öz xalqına qarşı cinayətlər törədən, hərbi korrupsiyanın içərisində olan David Tonoyan “yeni ərazilər” deyərkən 90-cı illərdən onların beynində, düşüncələrində zəhərli bir formada qalmış həmin planları davam etdirmək niyyətlərini qələmə verirdilər.

O üzdən “yeni ərazilər” termini ümumiləşdirilmiş formada gündəliyə gəlmişdi. Amma artıq onlar gördü ki, 27 sentyabr tarixində Azərbaycan 6 kəndi və 3 oktyabrda isə bir neçə kəndi azad eləyir və bu davamlıdır. Heç şübhəsiz ki, oktyabrın 4-də Cəbrayıl və daha bir neçə kənd o istiqamətdə azad olundu, bütün bunlar strateji bir dəhliz yaradırdı. Bu zəfərlər bizdə nə qədər böyük mənəvi güc, iradə formalaşdırsa da 30 illik məğlubiyyətin daşlaşdırdığı mənfi ənənələri ortadan qaldırsa da düşmən tərəfdən də çox ciddi bir xof, qorxu, geri çəkilmə və sair kimi təəssürat doğururdu. O səbəbdən həm Qarabağda yaşayan ermənilərdə, həm orada döyüşənlərdə, xüsusilə də Ermənistanın özünün daxilindəki əhalidə o xofu, həyəcanı boğmaq üçün düymələr ordan basıldı və ölkəmizin ikinci ən böyük şəhərinə belə bir hücum etdilər. Bu, Gəncənin bütün tarixi dövrü ərzində hər zaman düşmənlər üçün hədəf olduğunun da bir göstəricisi idi. Onlar düşünürdülər ki, qərb zonasında belə bir hərəkətlənmə yaradacaqları təqdirdə bu, əhalinin müəyyən bir hərəkətlənməsinə, daha çox paytaxta və digər ərazilərə yığılmasına, gələcək hərbi qərarlara təsir edəcək. Yəni bununla da Azərbaycan hərbi-siyasi rəhbərliyi xüsusilə də Ali Baş Komandan, keçmişdə özünü göstərmiş və Birinci Qarabağ müharibəsində ermənilərin xeyrinə işlənmiş bu taktika qarşısında təzədən geri çəkilmə mövqeyi tutacaq. Bununla da biz ermənilərin Azərbaycanın digər ərazilərinə hücum etməməsi üçün təzədən atəşkəs çağrısında bulunmuş olacaqdıq. Elə olmadı".
Gəncə terrorunu törədənləri cəzalandırmaq üçün nə etməli - deputatdan açıqlama
Z.Orucun sözlərinə görə, Gəncəyə hücum əslində ermənilərin nə qədər mənfur olduğunu sübuta yetirdi və digər tərəfdən, Azərbaycan Ordusuna düşmənə nifrət üçün əlavə güc verdi: “Erməni hərbi-siyasi rəhbərliyinin avantürist olduğunu və daha nələrə əl ata biləcəyini təxmin eləməyə şərait yaratdı. Baxmayaraq, ki, Bakıətrafı əraziləri, strateji obyektləri xüsusi olaraq qorumaqdaydı. İndi biz müharibənin başlanmasından keçən bir il ərzində o günlərin xronikasını təkrar gündəmə gətirərək hər bir epizodu ayrıca təhlil edəndə, deyə bilərik ki, Gəncəyə hücum həm də neft kəmərlərinə, qaz kəmərinə, o cümlədən beynəlxalq dairələrdə Azərbaycanın Qərbə çıxış yolu olan mühüm bir strateji yoluna hücumu özündə ehtiva edirdi. Bu da onu göstərirdi ki, düşmən tərəfi Azərbaycanı Qarabağdan, Şuşadan, bizim indi azad olunmuş torpaqlarımızdan yayındırmaq və ordumuzu geri daşındırmaq üçün daha hansı planları hazırlaya bilər. Amma öz- özlüyündə bu bir ifşa hadisəsinə çevrildi və Gəncəyə vurulan zərbələr Azərbaycan xalqını daha da hiddətləndirdi. Millətimizin, dövlətimizin, ordumuzun birliyini gücləndirdi və insanlar əsla öz doğma şəhərlərini, qəsəbələrini tərk eləmədilər. Hava hücumundan müdafiə sistemi düşmənin növbəti zərbələrlə bağlı niyyətlərini də puç etdi. İndi isə Azərbaycan dövləti həmin zərbələrin ünvanı olan binalar,ı evləri o vəziyyətdə saxlayıb, bu canlı olaraq erməni hakimiyyətinin simasını göstərən vandalizmin mənzərəsi kimi qalmaqdadır”.

Deputat vurğuladı ki, Baş Prokurorluq, hərbi prokurorluq Azərbaycan dövlətinə lazım olan qaydada oradakı hadisələrin hüquqi qiymətləndirməsini həyata keçiriblər: “Bir sıra beynəlxalq qurumlar da orada öz monitorinqlərini aparıblar. Xatırlatmaq istəyirəm ki, ”Human Rights Watch" təşkilatı iki dəfə müharibə ilə bağlı hazırladığı hesabatlarda Gəncə ilə bağlı, o cümlədən Tərtər şəhərinə və həmçinin Bərdəyə edilən hücumların hamısının ümumi qiymətləndirməsini edib. Bunların hamısı sistemli bir təhlildən keçib, onların hər birində faktlar qeyd olunub, yəni konkret həyatını itirmiş insanlar, o cümlədən maddi və mənəvi ziyanların hamısı əksini tapıbdır. Azərbaycan bütün bu məsələləri beynəlxalq tribunalarda, beynəlxalq məhkəmələrdə qaldıracaq, artıq ilkin müraciətlərin edildiyini də sizə söyləyə bilərik. Qardaş Türkiyənin parlament nümayəndələri, Ombudsman təsisatının təmsilçiləri, həmçinin digər beynəlxalq qurumlardan bura gələn heyətlərin hər biri Gəncəyə səfər ediblər. Azərbaycan bunu artıq dövlət protokoluna salıb".
Gəncə terrorunu törədənləri cəzalandırmaq üçün nə etməli - deputatdan açıqlama
Zahid Oruc

Z.Oruc hesab edir ki, qeyd etdiyimiz siyasətin, strategiyanın tərkib hissəsi olaraq Ermənistanın buna görə cavab verməsini özündə ehtiva edən addımlar atılmalıdır: “Qarşıdakı dövrdə Ermənistanla münasibətlərin hansı xarakterdə inkişaf eləməyindən asılı olmayaraq bu məsələləri vətəndaşlarımıza qarşı bəşəri cinayətlər, müharibə cinayətləri kimi təqdim etməyə hazırıq. Bu yöndə işlər yetərincə sistemli olaraq görülübdür və biz də parlament adına beynəlxalq təşkilatlara müraciətlərimizdə, o cümlədən qanunverici orqanlara göndərdiyimiz məktubların hamısında Gəncə Bərdə və Tərtərlə əlaqəli məsələlərin hamısını əks etdirmişik.

Mən hesab edirəm ki, bütün bunlar bu müharibənin Ermənistan və ermənilər üçün ekzistensialist təhlükə kimi qələmə vermək istəklərinə vurulan bir zərbədir: “Çünki onlar bunu 1905-ci il hadisələrində, o vaxtdakı Sumqayıt hadisələrində və başqa digər məlum formada yaradıblar. Onu bir faciə tarixinə çeviriblər, indi də məğlubiyyətdən istifadə edib Azərbaycan əleyhinə çevirmək, bunun üzərindən dünya dövlətlərinin mövqeyini özünə cəlb eləmək niyyətlərinə zərbə vurmalıyıq. Ermənistanın siyasətini ifşa etməliyik. Qarabağda saxta rəhbərlik müharibənin gedişində öz əcəli ilə ölən insanları belə Azərbaycanın Qarabağa vurduğu zərbələr nəticəsində ölmüş kimi qələmə alırdı. İstədikləri o faciə tarixçəsini, hekayətlərini düzəldə bilmədilər. Amma əvəzində Azərbaycan dediyimiz bu şəhərlərdə, xüsusilə də Bərdədə 30-dan artıq insanın həyatına bais olan bu qüvvələrin əsl mahiyyətini göstərmək imkanı əldə etdi. Azərbaycan bu hüququ davanı dövlət siyasətinin önünə qoyub. Xarici siyasət idarəmiz, o cümlədən səfirliklər, həmçinin beynəlxalq məhkəmə qurumlarında Azərbaycanı təmsil edən insanlar bununla bağlı yetərincə faktlarla sistemli materiallarla təmin olunublar və qarşıdakı dövrdə bu yöndə addımlarımız davam edəcək”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

XƏBƏR LENTİ