Çağdaş dövrdə Bütöv Azərbaycan ideyası və Bütöv Azərbaycan Ocaqları (1. Yazı)

1 338 7-11-2021, 13:58 siyaset / cemiyyet

Çağdaş dövrdə Bütöv Azərbaycan ideyası və Bütöv Azərbaycan Ocaqları (1. Yazı)AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı
elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli


Bu yazı 2011-ci ilin noyabrın 19-da qurulmuş
Bütöv Azərbaycan Ocaqlarının (BAO)
on illik yubileyinə ərmağan olunur!


Əsrlərlə aparılan antitürk ideologiyanın nəticəsi olaraq ingilislər başda olmaqla, Avropa dövlətlərinin iş birliyi nəticəsində 1925-ci ildə Türk Qacarları devirlərək onların yerinə aryançı fars Pəhləviləri hakimiyyəti gətirilməsi artıq heç kəsə sirr deyil. Bununla da əfsanəvi “İran”ın gerçəkçi bir İran dövlətinə çevrilməsi üçün ciddi zəmin hazırlanaraq türklərin ən azı min ildən çox idarə etdiyi bölgənin bilərəkdən farsçı-ariyançı “İran”a çevrilməsi prosesinə rəsmi şəkil verilməyə başlandı. Məhz bunun nəticəsi olaraq, öncədən də “İran” və “Turan” məsələlərində şüuru qarışdırılan türklər, o cümlədən türk aydınlar arasında “Arian” kimlikli Pəhləvilərin hakimiyyətə gətirilməsiylə də, ziddiyyətli düşüncələr daha da dərinləşdi. Başqa sözlə, Qacarların devrilməsindən sonra (1925) türklər arasında “Türk Turanı” (Turanian) ilə yanaşı, ortaq vətən, mədəniyyət və dövlət kimlili “İran” anlayışı şüurlarda yer tapmağa başladı. Bizcə, “İran” anlayışının türklər arasında ziddiyyətlərə yol açmasının nəticəsi olaraq Azərbaycan türklərinin əksəriyyəti bundan çıxış yolu kimi Arian-Fars kimlikli “İran”a qarşı, Türk-Turan kimlikli “Azərbaycan”ı ortaya qoydular. Yəni 1925-ci ildə Türk Qacarlar dövlətini itirməyimizin nəticəsi olaraq ortaya çıxan aryan-fars kimlilki “İran”a qarşı olaraq təskinliyimizi, daha sonra da xilasımızı Türk “Azərbaycan”da aramağa başladıq. Çünki Türk ulusu olaraq şüurmuzu dolaşdıran Fars-Arian “İran”ından qurtulmaq üçün ilk növədə, Turan deyil, Bütöv Azərbaycan qurtuluş yolumuz kimi görünməkdədir.
Bu anlamda vaxtilə Türk hökmdarlarınını apardığı mücadiləni və islahatları da Turan çərçivəsində deyil, geniş mənada “İran” dar anlamda isə Azərbaycan yönündən yanaşırıq. Bu zaman Azərbaycanı müdafiə etmək naminə də Türk hökmdarlarının mücadiləsini və islahatlarını 1925-ci ilə qədər pis-yaxşı mövcud olan Türk sülalələ dövlətlərinin “Turan” çərçivəsində deyil, 1925-ci ildən sonra hakimiyyətə gətirilmiş Pəhləvilərə nisbətdə Fars-Arian “İran”ı kontekstində görür, bu cür “İran”ı da yalnız 1925-ci ildən sonraya yox bütün zamanlara şamil edərək Azərbaycanın daimi düşməni kimi qələmə veririk. Sovetlər Birliyinin və Pəhləvilərin Azərbaycan türklərinə qarşı apardığı aşağı-yuxarı eyni siyasət nəticəsində də Nadir şah Əfşarlar, Şah İsmayıl Xətayilər, Şah Təhmasiblər, Nadir Şah Əfşarlar, Ağa Məhəmməd şah Qacarlar bir sözlə, bütün Türk hökmdarları “İran” şahına çevrilir, “İran” şahları kimi də Türkün və Azərbaycanın düşməni olurlar. Başqa sözlə, Sovetler Birliyində Stalinin, Pəhləvilərdə Rza Pəhləvinin apardığı siyasət Azərbaycan türklərinin kimliyinə yönəldilmiş, bunun nəticəsi olaraq dövriyyəyə saxta “İranlı” və “Azəri” kimliyi gətirilmişdir.
Ona görə də, Türkiyə və Azərbaycanın rəsmi tarixçiliyində 1925-ci ildən sonrakı “İran”a nisbətlə “İran şahları” kimi adı keçən bütün Türk hökmdarları düşmən və işğalçı kimi qələmə verilirlər. Özəlliklə, Sovetlər Birliyi dövründə yazılan rəsmi “Azərbaycan tarixi”kitablarında 1925-ci ildən sonrakı “İran”a nisbətlə Səfəvilər, Əfşarlar, Qacarlar dövlətləri heç bir saf-çürük edilmədən, özəlliklə son min il ərzində bu coğrafiyada Türklərin hakimiyyət sürmələri nəzərə alınmadan bütünü Azərbaycana, Türkiyəyə bütünlükdə Türklüyə düşmən kimi qələmə verilmişdir.
Ona görə də hesab edirik ki, “Azərbaycan tarixi” kitablarında Səfəvilərin, Əfşarların, Qacarların hakimiyyətini yalnız “İran hökmranlığı” kimi qələmə verib, onlardan “yadelli hökmranlıq” kimi bəhs etmək doğru deyildir. Özəlliklə də, Nadir şah Əfşar ya da Ağa Məhəmməd şah Qacar necə “yadelli hökmran” ola bilər ki, onlar Azərbaycanı hər şeydən üstün saymış, hakimiyyətlərini Turanın mərkəzi Azərbaycanda bəyan etmiş, dövlətin iki mühüm paytaxtını – Təbrizi və Tehranı Azərbaycan ərazisində tutmuşdular. Yoxsa, kimlərsə xəyal edirlər ki, Əfşarlar ya da Qacarlar bu dövləti ingilis-amerikan-masson birliyinin əliylə hakimiyyətə gətirilən “Pəhləvilər”, ya da indiki şiəçi-farsçı “Mollalar” üçün qurmuşlar? Əgər yalnız bu¬na istinad edərək Əfşarlar və Qacarları “yadelli” hesab edənlər varsa böyük yanlışlıq edirlər. Əgər bu gün türklər ən azı min ilə yaxın bir tarixdə hakimiyyət sürdükləri əfsanəvi ya da gerçək Turan və İran coğrafiyalarında mövcud olan “İran İslam Respublikası”nda haqsız duruma düşüblərsə, bu fars ya da farsdillilərin qəhrəmanlığı ilə deyil, ingilis-rus-alman qüvvələrinin işbirliyi nəticəsində baş vermişdir.
Ona görə də, bu gün əfsanəvi ya da gerçəkçi Turan və İran coğrafiyasında mövcud olan “İran İslam Respublikası”nın varlığını göz önündə tutaraq, üstəlik türklərin burada əsasən söz sahibi olmamasından çıxış edərək Səfəvilər, Əfşarlar və Qacarlardan imtina etməyimiz doğru deyildir. Çünki xarici qüvvələrin əliylə sonuncu Oğuz-Türk dövləti Qacarların yerinə hakimiyyətə gətirilmiş farsdilli “Pəhləvilər”lə “Mollalar” türklər olmadan varlıqlarını sürdürə bilmək halında deyildir. Hər halda bugünkü “İran İslam Respublikası” adlı dövlətin hakimiyyətində türklər, özəlliklə Azərbaycan türkləri mühüm yer tutmaqdadır. Bir sözlə, Türklər, o cümlədən Azərbaycan türkləri olmadan Pəhləvilər dönəmində olduğu kimi, “İran İslam Respublikası” böyük ölçüdə əhəmiyyətini itirir. Bunu, “İran İslam Respublikası”nda hakim qüvvə olan farsdilli “Mollalar” rejimi də, onları vaxtilə Türk Qacarların yerinə hakimiyyətə gətirmiş xarici qüvvələr də yaxşı bilirlər. Əgər bu gün türklər, o cümlədən bu millətin ana qolu olan Güney Azərbaycan türkləri “İran İslam Respublikası”ndan ayrılıb müstəqilliyini elan edərsə, “İran” adlanan ölkə demək olar ki, bitər.
Ona görə də, indiki farsdilli şiəçi “Mollalar” rejimi da yaxşı anlayırlar ki, “İran İslam Respublikası”nın hakimiyyətini, onun parlamentini, dini rəhbərliyini Azərbaycan türklərindən tamamilə kənarda tutmaq ağılsızlıq, məntiqsizlikdir. Heç bunu, ingilis-amerikan qüvvələrinin əliylə hakimiyyətə gətirilmiş farsdilli Pəhləvilər bacara bilmədilər. Sadəcə, Pəhləvilər dövründə də yüksək, məsul vəzifə tutan Türk məmurlarının, Türk millət vəkillərinin, Türk dini rəhbərlərinin əksəriyyətinin şüurunda “İran”ın bütövlüyü, “İrançılıq” əsas yer tuturdu. Doğrudur, Azərbaycandan olan türk məmurlar, dini rəhbərlər, millət vəkilləri arasında da Azərbaycan türklərinin “İran İslam Respublikası”ndakı mövcud durumuyla razılaşmayanlar var. Özəlliklə, Türk dilinin orta məktəblərdə tədris olunmaması, Türk dilində mətbuatın azlığı, Urmiya gölünün quruması, Azərbaycan türk torpaqlarının digər ostanlar arasında bölüşdürülməsi, Oğuz-Türk mədəniyyətinə biganə münasibət və digər məsələlər buraya aiddir. Bütün bular isə, “İran”, “İrançılıq” eyni zamanda şiəçilik ideologiyaları adı altında istismar olunan türkləri, o cümlədən Azərbaycan türklərini yeni yollar aramağa məcbur edir. Bunu, son günlərdə yaradılmış Türk millət vəkillərinin fraksiyası da bir daha ortaya qoymuş oldu. “İran” parlamentinin az qala yarısını təşkil edən Türk millət vəkillərinin Fraksiyasının yaradılması da göstərdi ki, son yüz ildə “İran”, “irançılıq” ideologiyasının Türklərin ya da Azərbaycan türklərinin varlığını inkarı üzərində qurulması əsasən, heç nəyi dəyişdirməmişdir.
Təbii ki, bu günə qədər türklərin, o cümlədən Azərbaycan türklərinin indiki “İran İslam Respublikası”nda tamamilə təsirsiz hala gətirilə bilməməsində yaxın 10 yüz ildə Azərbaycan Türk sülalələrinin (Atabəylər, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar vəb.) burada hakimiyyət sürməsi faktı əsas rol oynayır. Əslində məhz Oğuz-Türk sülalə dövlətlərinin sayəsində indiki “İran İslam Respublikası” mövcuddur, dünyada müəyyən bir nüfuzu vardır. Halbuki indi “İran”da hakim qüvvə olan aryançı farslar, farsdillilər son on (10) əsrdə demək olar ki, Türklər, o cümlədən Azərbaycan Türkləri qədər bu ərazilər üçün savaş verməmiş, onun böyüməsində və mövcudluğunda həlledici rol oynamamışlar. Oğuz-Türk boylarının gücü və idrakıyla qurulmuş Səfəvilər, Əfşarlar və Qacarlar dövründə bu torpaqlar üçün yüzlərlə savaşlar aparmış, eyni zamanda yüzminlərlə, milyonlarla övladlarını bu yolda qurban vermişlər. Belə olduğu təqdirdə, Türklər, Azərbaycan türkləri necə ola bilər ki, Səfəvilərdən, Əfşarlardan, Qacarlardan imtina etsinlər?! Onlar bu savaşları apararkən Fars milləti, ya da Farsistanla deyil, ilk növbədə Oğuzluğuı, Türklüyü, Azərbay¬canlığı ilə öyünmüşlər.
1925-ci ildə Böyük Britaniyanın birbaşa dəstəyi ilə Qacarlar dövlətini qanunsuz olaraq devirərək onun yerinə “İran-Pəhləvi” adlı saxta bir hökumət quran, daha sonra bu saxtakarlığı “İran İslam Cümhuriyyəti” ismiylə 1979-cu ildən indiyə qədər davam etdirən “şiəçi-irançı mollalar”a qarşı əsas gücün Türklər, o cümlədən Azərbaycan Türkləri olması şübhəsizdir. 1925-ci ilədək Qacarlarda, yəni öz dövlətlərində pis-yaxşı yaşayan Azərbaycan Türklərinin “İran-Pəhləvi” və “İran İslam Cümhuriyyəti” dövrlərin¬də ön plana çıxmasının əsas səbəbi qanunsuz hakimiyyətə gələnlərin, özlərini türklər qarşısında ağa kimi apararaq bütün haqq və hüquqlarını tapdalamaları, qanları bahasına qurulmuş dövlətin din-məzhəb qardaşı saydıqlarının əliylə əleyhinə çevrilmələri olmuşdur. Əgər Qacarlar dövləti dövründə fars, türk, kürd, ərəb, lur fərqi qoyulmadan hər bir etnik qrupun dilinə, mədəniyyətinə, əxlaqına, həyat tərzinə saygı göstərilirdisə Türkün qurduğu dövlətdə ingilislərin oyuncağı olaraq “hakim” olan “irançı”ların özəlliklə, Türk düşmənçiliyi qəsdli xarakter daşımışdır.

Çağdaş dövrdə Bütöv Azərbaycan ideyası və Bütöv Azərbaycan Ocaqları (1. Yazı)
Çağdaş dövrdə Bütöv Azərbaycan ideyası və Bütöv Azərbaycan Ocaqları (1. Yazı)

XƏBƏR LENTİ