Üçüncü Qarabağ savaşı iddiası - növbəti səfərbərlik olacaqmı...

500 18-11-2021, 10:39 dunya

Üçüncü Qarabağ savaşı iddiası - növbəti səfərbərlik olacaqmı...Son günlərdə Ermənistanın Azərbaycanla sərhəddə təxribatlarının sayını artırması, Şuşada erməni terrorçusunun üç azərbaycanlı hərbçisinin üzərinə qumbara atması, son olaraq da cəbhə bölgəsindəki savaş nəticəsində 7 hərbçimizin şəhid olması üçüncü Qarabağ savaşının qaçılmaz olması iddialarına səbəb olub.

Doğrudur, son hadisələr səngiyib, atəşkəs əldə olunub, amma buna baxmayaraq, müharibənin hər an başlaya biləcəyini düşünənlər çoxluq təşkil edirlər.

Belə bir ərəfədə səfərbərlik ola bilərmi? Azərbaycan müharibəyə hazırlaşırmı? Xalq və dövlət növbəti müharibəyə hazırdırmı?

Öncə onu qeyd edək ki, müharibə bitəndən sonra ordumuz dayanmadan Türkiyə ordusu ilə müxtəlif növ təlimlər keçib. Pakistan hərbçiləri ilə də təlimlərə qatılıb. Ordumuzun bu qədər güclənməsi, təcrübə qazanması fonunda səfərbərliyə ehtiyac olacaqmı? Müharibə başlasa, beynəlxalq birlik necə mövqe tutacaq? Azərbaycan son 1 ildə diplomatiya cəbhəsini möhkəmlədə bilibmi? Aparıcı dövlətlərin, beynəlxalq təşkilatların dəstəyini ala biləcəyikmi?

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli suallara bu cür cavab verdi: “Azərbaycanın çox qüdrətli ordusu var. Qarşıya qoyulan istənilən vəzifəni bu ordu yerinə yetirməyə qadirdir. Son hadisələr çox şeyi bir daha sübut etdi. Ermənilərin o qədər hərbçiləri əsir düşüb. Nə qədər itkiləri var. Xeyli sayda texnikaları sıradan çıxarılıb. Bizim də şəhidlər var. Onların hər birinə Allah rəhmət eləsin. Xalqımız haqlı olaraq hiddətlənib. Ermənilər 10 noyabr bəyanatına əməl etmirlər. Zamanında da götürdükləri öhdəliklərin heç birinə əməl etməyiblər. Dünya birliyi mövqe bildirməli, beynəlxalq aləm nəhayət susqunluğa son verməlidir. Xüsusilə vasitəçi ölkə kimi Rusiya ortaya konkret mövqe qoymalıdır. Bölgədə sülhməramlılar var və son hadisələr göstərir ki, postumuza qumbara atma olayı onu atanın təkbaşına verdiyi qərar deyil. Bu, Ermənistan hakimiyyətinin verdiyi qərardır. Təcavüzkar erməni iqtidarı, hərbi-siyasi rəhbərliyi cəzalandırılmalıdır. Hər bir məsələ ölçülü-biçili aparılır. Azərbaycan dövləti müvafiq qərarlar qəbul edir. Son müharibədən sonra güclü təlimlər keçirilib, həm Türkiyə, həm də Pakistanla. Müharibə vaxtı hərbi büdcəmiz 1.9 milyard dollar idisə, indi 2.7 dollara çatıb. Gələn il də artırılması nəzərdə tutulur. Müharibədən sonra ən çox təlimlər bu il keçirilib. Azərbaycan Ordusunun özü ayrı-ayrılıqda təlimlər keçib. Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti, eyni zamanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bir yerdə ehtiyatda olan hərbçilərin səfərbərlik hazırlıqları yoxlanılıb. Yüksək səviyyədə hazırlıq var. Vətən müharibəmiz bunu göstərmişdi. Ordumuzun peşəkarlığını, xalqımızın vətənpərvərliyini hər kəs görüb və görməkdədir. Xalqımızın səfərbərliyə necə hazır olduğunun hər kəs şahidi olub. Burada mühüm olan bir sıra amillər var. Xalqımızın yüksək vətənpərvərliyi, döyüşlərə könüllü getmək istəyinin yüksək olması çox mühüm amildir.
Üçüncü Qarabağ savaşı iddiası - növbəti səfərbərlik olacaqmı...
Emin Həsənli: “Ordumuz, xalqımız istənilən tapşırığı yerinə yetirməyə hazırdır”

Torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə hər zaman hazır olduğunu hər bir vətəndaşımız addımbaşı ifadə edir. Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti işləri günün tələblərinə uyğun şəkildə peşəkar səviyyədə aparır. Həmin qurum artıq bilir ki, nə qədər səfərbərlik hazırlığı var. Müxtəlif qoşun növləri üzrə səfərbərlik ehtiyatının nə səviyyədə olduğu həmin quruma bəllidir. Rayonlar və xüsusilə fərdlər üzrə ehtiyat hazırlığı var. Azərbaycanın həddindən artıq güclü potensialı var. Ordumuz, xalqımız istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Prezident deyir ki, nəyi necə, nə zaman etməyi hamıdan yaxşı mən bilirəm. Biz Ali Baş Komandanın nə qədər müdrik qərarlar qəbul etdiyini, nə qədər uzaqgörən olduğunu son Vətən müharibəmizdə gördük. Bu, Azərbaycana çox böyük qələbələr gətirdi. Ermənistan bir şeyi bilməlidir ki, əgər sovet dövrünün xəritələri ilə hesablaşmasa, Azərbaycanın müstəqilliyini tanımasa, ərazi bütövlüyünü qəbul etməsə, dəymiş ziyanı ödəməsə-əvəzində torpaq da verə bilər-terror, soyqırım törətmiş şəxsləri Azərbaycana təhvil verməsə, Azərbaycan xalqından və dövlətindən üzr istəməsə, bu cür terrorçu fəaliyyətini davam etdirsə, biz 1920-ci ilin xəritəsinə qayıtmalı olacağıq. SSRİ dövründə ermənilərə verilmiş tarixi torpaqlarımızı da geri qaytarmağa məcbur olacağıq. Ermənilər bu bölgəyə iki əsrdir gəliblər. Böyük güclərin dəstəyi ilə dövlət yaradıblar. Bunlar bu bölgəyə uyğunlaşa bilmirlərsə, biz bunları gəldikləri yerə göndərmək məcburiyyətində qalacağıq. Onlar bu bölgəyə gəlib dövlət qurandan ancaq azərbaycanlılar, türklər əziyyət çəkiblər, işğalçı niyyətlərindən heç zaman geri durmayıblar. Biz onları birdəfəlik durğuzmağa məcburuq. Başqa alternativ tədbirlər görmək Azərbaycan xalqının tələbidir. Milli, ərazi bütövlüyü məsələsində Azərbaycan hər zaman prinsipial mövqe sərgiləyib, bundan sonra da sərgiləyəcək. Allah şəhidlərimizə rəhmət eləsin”.
Üçüncü Qarabağ savaşı iddiası - növbəti səfərbərlik olacaqmı...
Elxan Şahinoğlu: “Sərhəddə lokal toqquşmalar davam edə bilər, amma...”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ermənilərin qorxduqları nüansa diqqət çəkdi: “Böyük müharibə olacağını zənn etmirəm. Buna baxmayaraq, hər zaman ordumuzu gücləndirməli, yeni modern texnika ilə təchiz etməliyik. Bu işdə biz strateji müttəfiqlərlə birlikdə işləyirik. Türkiyə, Pakistan, İsrail kimi dövlətlərin adını xüsusi çəkmək olar. Daim ordumuzun gücləndirilməsinə xüsusi diqqət ayırmalıyıq, baxmayaraq ki, II Qarabağ savaşında qalib gəlmişik. Sərhəddə son baş verənlər buna sübutdur. Əlbəttə, sərhəddə lokal toqquşmalar davam edə bilər. Çünki Ermənistan sərhədlərin müəyyənləşdirilməsinə maraq göstərmir. Danışıqlardan qaçır. Qorxur ki, sərhədlər müəyyən edilərkən obyektiv olaraq bir çox strateji yüksəkliklərə Azərbaycan Ordusunun hərbçiləri nəzarət edəcək. Rusiya tərəflərlə danışıqlar aparıb atəşkəsə nail olub. Lakin bu da müvəqqəti xarakter daşıya bilər. Beynəlxalq təşkilatlara gəldikdə isə görürük ki, son günlərdə həm İrəvana, həm də Bakıya zəng edirlər. Yəni balansı pozmurlar. Bu da bizim üçün məqbuldur. Biz demirik ki, kimsə bizi dəstəkləsin. Amma birmənalı şəkildə birtərəfli mövqe sərgiləməsinlər. Yalnız Ermənistanın mövqeyi dinlənilməməlidir. Biz ATƏT, BMT və başqa təşkilatlardan xüsusi bir dəstək gözləmirik. Yetər ki, Azərbaycan əleyhinə açıqlama, qərarlar verməsinlər. Anlamalıdırlar ki, normalda sərhədlər müəyyən edilməlidir. Danışıqlardan qaçan tərəf Azərbaycan deyil, məhz Ermənistandır”./Müsavat.com

XƏBƏR LENTİ