Paşinyan anlaşmadan boyun qaçırır: Onu kim ümidləndirir? - Görünəni budur ki...

607 23-12-2021, 10:58 dunya

Paşinyan anlaşmadan boyun qaçırır: Onu kim ümidləndirir? - Görünəni budur ki...“Soçi görüşündə Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması razılaşması əldə olunub. Bu, məsələnin həlli istiqamətində atılmış ilk addımdır. Görüşdən sonra Rusiya Prezidenti Vladimir Putin bildirdi ki, burada əsas məsələ prosesin hansı mexanizmlə gedəcəyidir. Bu mexanizmlər də mövcud problemlərin həllində əhəmiyyətli rol oynaya bilər. Hələ ki, işçi qrupları yaradılır. Güman etmirəm ki, ilin sonunadək sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı Ermənistan tərəfindən konstruktiv addım atılacaq”. DİA.AZ politoloq Elşən Manafovun Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzur üzərindən dəmir yolu xətti ilə yanaşı, avtomobil yolunun çəkiləcəyini də açıqlayıb. Amma Paşinyan və İrəvanın üçtərəfli işçi qrupundakı nümayəndəsi Mqer Qriqoryan açılacaq xətlərin dəhliz statusunda olmayacağını bildirir. Sizin gözləntiniz nədir: Azərbaycan Zəngəzur dəhlizi hədəfinə çata biləcəkmi?

- Paşinyan erməni cəmiyyəti və mətbuatı qarşısında Brüssel və Soçi görüşlərində verdiyi açıqlamalara zidd çıxışlar edir. Əslində, Paşinyanın timsalında görünən budur ki, erməni dövləti və iqtidarı Azərbaycana qarşı əsassız ərazi iddialarından əl çəkməyib. İmtina etsəydi, Paşinyan bu günlərdə Ermənistan təhlükəsizlik strukturlarının rəhbərləri ilə görüşündə “Biz “Artsax”ın beynəlxalq səviyyədə tanınmasına nail olmalıyıq” kimi bədnam bəyanat verməzdi. Bu onu göstərir ki, Paşinyan və Ermənistanın siyasi elitası “Qarabağın statusu” və “Qarabağın müstəqilliyi”nin Azərbaycan tərəfindən qəbul edilməsi kimi bədnam niyyətindən geri çəkilməyib.

Baş verənlər onu deməyə əsas verir ki, münaqişə hələ də hüquqi müstəvidə davam edir. Bəli, Azərbaycanın işğal edilmiş ərazilərinin böyük əksəriyyəti azad olunub, amma hələ də müəyyən ərazilərdə 10 minə yaxın qanunsuz erməni silahlı qüvvələri var. Həmin hərbi birləşmələrin oradan çıxarılmasından da Rusiya sülhməramlıları məsuliyyət daşıyır. Müharibənin başa çatmasından bir ildən çox vaxt keçməsinə baxmayaraq nə həmin birləşmələr bölgədən çıxarılıb, nə də Ermənistan Azərbaycana qarşı ərazi iddiasından imtina edib.

Zəngəzur dəhlizinə gəldikdə, həmin xətlərə dəhliz statusu veriləcəyi təqdirdə belə, o ərazilər formal olaraq Ermənistanın suverenliyi altında qalacaq. Yəni həmin ərazilər beynəlxalq birlik tərəfindən Ermənistan ərazisi kimi tanınır. Söhbət ondan gedir ki, Ermənistan həmin ərazilərdən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan və Türkiyə arasında birbaşa quru əlaqələrinin yenidən bərpa olunmasına razılıq verib. Buna da ona görə razılıq verdi ki, Ermənistan müharibədə məğlub tərəf oldu. Yəni Ermənistan tərəfi öz ordusunun tamamilə yox olmasının qarşısını almaq üçün buna məcbur qaldı. Amma Paşinyan yenə də ikili bəyanatlar verir.

Nikol Paşinyan Avropa Birliyi və Rusiya qarşısında üzərinə öhdəlik götürüb. Belə olan təqdirdə, Azərbaycan Beynəlxalq Haaqa Məhkəməsinə müraciət edib, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində heç bir addım atmaması ilə bağlı iddia qaldıra bilər. Amma görünən budur ki, nədənsə həm Rusiya, həm də Qərb Ermənistanın bu ikili oyunlarına dözür. Hər iki tərəf indiyədək Ermənistanı təcavüzkar dövlət kimi tanımayıb və buna görə ona sanksiyalar tətbiq etməyib. Görünür, bu da Ermənistanı ümidləndirir.

Bütün bunlara baxmayaraq, Cənubi Qafqazda yeni geosiyasi reallıq yaranıb, bu dəyişikliyi də Azərbaycan öz gücü və iradəsi hesabına edib. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Cənubi Qafqazdakı vəziyyət 10 noyabra qədərki durumdan kifayət qədər fərqlidir və heç bir vaxt, heç bir vəchlə əvvəlki situasiyaya qayıtmayacaq. Görünür, Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə sövq etmək üçün Azərbaycan yeri gəldikcə, yenidən “Dəmir yumruq” siyasətinə müraciət etmək məcburiyyətində qalacaq.

Güman edirəm ki, bölgədə sülh və dayanıqlı inkişafda maraqlı olan regional dövlətlər və qlobal güclər tərəflər arasında növbəti qarşıdurmanın yaranmasına imkan verməyəcəklər. Hər şey Rusiya və digər beynəlxalq strukturların Ermənistanla münasibətlərinin xarakterindən asılı olacaq. Düşünmürəm ki, Ermənistana təzyiq olsa, pozucu addımlar atmaq üçün iradə nümayiş etdirsin.

- Ermənistan mediası ilin sonunadək Soçidə növbəti üçtərəfli görüşün keçiriləcəyini yazır. Bu dəfəki görüşdə liderlərlə yanaşı, müvafiq dövlət qurumlarının rəhbərlərinin də iştirak edəcəyi iddia olunur. Belə bir görüş mümkündürmü və burada hansı anlaşmalar əldə oluna bilər?

- Soçi görüşündə Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması razılaşması əldə olunub. Bu, məsələnin həlli istiqamətində atılmış ilk addımdır. Görüşdən sonra Rusiya Prezidenti Putin bildirdi ki, burada əsas məsələsə prosesin hansı mexanizmlə gedəcəyidir. Bu mexanizmlər də mövcud problemlərin həllində əhəmiyyətli rol oynaya bilər. Hələ ki, işçi qrupları yaradılır. Güman etmirəm ki, ilin sonunadək sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı Ermənistan tərəfindən konstruktiv addım atılacaq.

Azərbaycan öz üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Amma Rusiyanın Ermənistanla münasibətlərinə öz maraqları çərçivəsindən yanaşması bu prosesdə də tormozlayıcı rol oynayır. Nə qədər ki, Avropa Birliyi və Rusiya proseslərə ikili standartlardan yanaşacaqlar, biz aparılan danışıqlarda müsbət nəticə əldə etməyəcəyik.

- Hazırda üçtərəfli formatda gedən danışıqlarda kommunikasiyaların açılması, sərhədlərin dəqiqləşdirilməsi kimi məsələlər müzakirə olunsa da, Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan əraziləri (Xocalı, Xankəndi, Ağdərə, Xocavənd) ilə bağlı açıqlama verilmir. Bu məsələ hansı formada çözüləcək?

- Əslində, Rusiya sülhməramlıları təmas xəttində yerləşdirilməli idi. Amma Rusiya öz sülhməramlı qüvvələrini Qarabağın dağlıq hissəsinin içində yerləşdirib. Həmin ərazilərsə Azərbaycana məxsusdur. Eyni zamanda, Azərbaycan 10 noyabr bəyannaməsinə imza atmaqla bildirdi ki, bununla münaqişənin bitdiyini bəyan edir. Azərbaycanın bundan sonra əsas tələbi bu oldu ki, Ermənistan silahlı qüvvələrinə və separatçılara məxsus qanunsuz birləşmələr oradan çıxarılmalıdır. Rusiya isə bundan məsuliyyət daşıyan və bu prosesə nəzarət etməli olan tərəfdir. Təəssüf ki, Rusiya hələ də bu üçtərəfli razılaşmaya əməl etməyən tərəf təsiri bağışlayır.

Münaqişə “Dağlıq Qarabağ”la Azərbaycan arasında yox, Ermənistan və Azərbaycan arasındadır. Üçtərəfli sənədlərə də Qarabağdakı separatçıların başçısı yox, Ermənistanın siyasi rəhbəri imza atıb. Separatçılar heç vaxt danışıqlarda təmsil olunmayıb, onlar bizim üçün tərəf deyil. Onların bütün hərəkətləri beynəlxalq hüquq baxımından separatizmdən başqa heç nə deyil.

Hesab edirəm ki, Rusiyanın Qarabağın dağlıq hissəsindəki separatçı rejimi qorumaq istəyi onun bölgə ilə bağlı geosiyasi maraqlarından irəli gəlir. Sanki bu məsələ təkcə Rusiyaya yox, Qərbə də müstəqil siyasət yürüdən Azərbaycana təzyiq vasitəsi kimi lazımdır. Bu, Azərbaycanı məngənə arasında saxlamaq üçün düşünülmüş geosiyasi layihədir.

Xeberdar.net

XƏBƏR LENTİ