Ayda 5 min manat bonus, amma... - Həkimləri ölkəyə qaytarmaq mümkün olacaqmı?

679 10-02-2022, 15:33 siyaset

Ayda 5 min manat bonus, amma... - Həkimləri ölkəyə qaytarmaq mümkün olacaqmı?Azərbaycan hökuməti xaricdə təhsil almış və ölkəyə qayıdan həkimlərə ayda ən azı 5000 manat bonus verməyi planlaşdırır. Belə bir planın diskriminasiya yaradacağı və ya bürokratik əngəllərlə qarşılacağına dair narahatlıqlar var. Bundan başqa, proqram Azərbaycan Tibb Universitetində alınan tibbi təhsilin yetərsiz olmasına dair iddialara da yol açıb.

İxtisasca anestezioloq olan Turanə Rəsulova xaricdə təhsil aldıqdan sonra 2 aydır ölkəyə qayıtsa da, işsizdir. Almaniya və Türkiyədə müvafiq olaraq doktorantura və rezidentura təhsili alan və müəyyən müddət həmin ölkələrdə iş təcrübəsi qazanan həkim Rəsulova hazırda dövlət tibb müəssisələrində işə düzəlmək üçün bürokratik çətinliklərin olduğunu deyir.

O işə düzəlmək üçün TƏBİB-ə müraciət etsə də, ona deyiblər ki, Türkiyədə aldığı uzmanlıq (həkim-mütəxəssis red.) diplomu Səhiyyə Nazirliyində təsdiqlənməlidir.

"Məndən əlavə sənədlər də istənilir. Bu isə 2-3 ay vaxt aparacaq. Bu tələb qanuni olsa da, ədalətli deyil," - həkim-mütəxəssis deyib. O, dövlət proqramına müraciət zamanı da, eyni bürokratik əngəllərlə üzləşəcəyini istisna etmir.

"Sənədləşmə işləri ilə bağlı maneələr, xaricdə təhsil alan həkim-mütəxəssislərin sonda özəl klinikalara getməsi ilə nəticələnir. İşə qəbul prosesi uzansa, mən də məcbur özəl xəstəxanada işə başlayacam," - Turanə Rəsulova əlavə edib.

Proqram diskriminasiya yaradırmı?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hazırladığı xüsusi proqram çərçivəsində, yalnız Türkiyə, Avropa İttifaqı və ABŞ-da təhsil alan həkimlərə minimum 5000 manatdan başlayan əlavə aylıq bonusların verilməsi nəzərdə tutulub.

Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev deyir ki, proqramın tətbiqi ölkədəki həkim-mütəxəssislər arasında ciddi ayrıseçkiliyə gətirib çıxaracaq. Bununla belə, o, xarici ölkədə təhsil almayan, lakin həmin dövlətlərdə müxtəlif ixtisaslaşma kursları keçən, təcrübə qazanan çox dəyərli tibb mütəxəssislərinin olduğunu bildirib.

"İcbari Tibbi Sığorta Agentliyinin hazırladığı proqram bu mənada diskriminasiya yaradaraq, onlara sanki mənəvi zərbə vurmuş olur," - həkim-radioloq Aydın Əliyev BBC News Azərbaycancaya müsahibəsində qeyd edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə yeni proqramın həkimlər arasında ayrıseçkilik yaradacağı fikri ilə razılaşmır. Qurumun BBC-yə məktub vasitəsilə verdiyi açıqlamada qeyd olunur ki, yerli tibb işçilərinə də, göstərdikləri tibbi xidmətin müqabilində aylıq həvəsləndirici əlavələr verilir. Agentlikdən verilən məlumata əsasən, dövlət tibb müəssisələrində çalışan səhiyyə işçilərinin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə hələ 2020-ci ilin yanvarında xüsusi qayda təsdiqlənib.

Qurum rəsmilərinin bildirdiyinə görə, bu qaydanın tətbiqi nəticəsində bu gün dövlət tibb müəssisələrində yüksək həvəsləndirici əlavələr alan həkimlər var.

"Məsələn, ümumi cərrah 21 min 642 manat, oftalmoloq 12 min 329 manat, mama-ginekoloq 9 min 195 manat, həkim-radioloq 5 min 312 manat məbləğində aylıq həvəsləndirici əlavələr alan həkimlər fəaliyyət göstərirlər," - Agentliyin cavabında qeyd olunub.

Bəs həkimlər qayıtmaq istəyirmi?

Hazırda Şimali Karolina Universitetində "səhiyyə idarəetməsi" ixtisası üzrə rezidentura təhsili alan həkim-pediatr Günay Abbasova deyir ki, Azərbaycanda icbari tibbi sığorta sistemi normal işləmədiyi üçün xaricdə təhsil alan həkimlər dövlət tibb müəssisələrində çalışmağa maraq göstərmirlər: "Çünki dövlət xəstəxanalarında işləyən həkim xəstənin müalicə pulunu ödəyib-ödəməyəcəyini də düşünür. Əslində isə həkim, sadəcə pasiyentin müalicəsinə və özünün tibbi inkişafına diqqət ayırmalıdır".

Onun sözlərinə görə, seçim prosesində şəffalığın təmin olunması, həm də icbari tibbi sığortanın işlək olmasından asılıdır.

Agentlikdən isə bildirilib ki, proqramın icrası zamanı şəffaflığın qorunmasına xüsusi diqqət yetirilir. Ona görə də, seçim prosesinin aparılması və komissiyaların təyinatı mexanizmləri üzrə işlər hələ davam etdirilir.

Tibb Universiteti iradları qəbul etmir

Yeni proqram Azərbaycan Tibb Universitetində alınan təhsilin keyfiyyətli olub-olmaması barədə müzakirələrə yol açıb. Hazırda Almaniyanın Jena şəhərində əl və rekonstruktiv cərahiyyə üzrə işləyən həkim Ümüd Səlimzadə deyir ki, Azərbaycan Tibb Universitetində aldığı ilk təhsil, həmin ixtisas üzrə işləmək üçün yetərli olmayıb. Məhz buna görə də, o, Azərbaycan Tibb Universitetində diplomunu aldıqdan sonra, rezidentura təhsilini Almaniyada davam etdirməyə qərar verib.

Onun fikrincə, Azərbaycan Tibb Universiteti təhsilin keyfiyyətinin yüksəldilməsinə çalışsa da, digər ölkələrlə müqayisədə bu proses ləng gedir.

Tibb Universitetinin təhsil şöbəsinin müdiri Samir Cavadov təmsil etdiyi təhsil müəssisəsinin bu yaxınlarda 5 illik beynəlxalq akkreditasiya aldığını əsas gətirərək, təhsillə bağlı səslənən ittihamların doğru olmadığını deyib: "Mən Azərbaycanda təhsil alıb, ixtisaslaşmışam. İstəyən adam gəlsin, debat edək öz sahəmdə, görək, hansısa çatışmazlığım varmı? Təhsil normal deyildisə, universitetdə təhsilin səviyyəsini yoxlayan xarici ekspertlər 5 illik müddətə beynəlxalq akkreditasiya verməzdilər".

Universitetin nümayəndəsi proqramın diskriminasiya yaradıb-yaratmadığına birbaşa cavab verməsə də, yerli kadr kimi özünün də eyni həcmdə əlavə bonus almaq istədiyini dilə gətirib.

"Mən də istəyərdim ki, mənə də, o həcmdə əlavə maaş verilsin," - Samir Cavadov vurğulayıb.

Niyə bonus?

Millət vəkili, ixtisasca həkim olan Musa Quliyev deyir ki, proqramın tətbiqi ilə ölkədən xaricə beyin axınının qarşısını almaq mümkündür: "Azərbaycandan olan həkimlər arasında Türkiyə, Almaniya və ABŞ-da təhsil alan və özünü dar ixtisas üzrə inkişaf etdirmiş güclü mütəxəssislər var. Lakin onların sayı o qədər də, çox deyil. Əlbəttə, biz bu mütəxəssisləri qorumalıyıq".

Parlament üzvü bildirib ki, həmin həkimlərə maaş yüksək verilməsə, onlar özəl klinikalara gedəcək və ya yenidən digər ölkələrə üz tutacaqlar.

Həkimlər arasında ayrı-seçkiliyin yaranması barədə də, fikirlərini bölüşən Musa Quliyev deyib ki, proqram hansı universiteti bitirməsindən asılı olmayaraq, tələb olunan ixtisasa yiyələnən bütün həkimlərə şamil olunmalıdır: "Əgər proqram sadəcə Türkiyə və ya Almaniyada təhsil alan mütəxəsisləri əhatə edərsə, bu, təbii ki, diskriminasiya yaradacaq. Ayrı-ayrı universitetlərə görə və ya ayrı-ayrı ölkələrə görə proqram qəbul olunarsa, bu, əlbəttə, uğursuz olar".

Musa Quliyev bu şübhələri aradan qaldırmaq üçün tibb işçilərinin peşə birliklərinin yaradılmasını təklif edir: "Əgər bütün respublika səviyyəsində hər ixtisas üzrə peşə tibb birlikləri yaradılarsa, həmin birliklər qeyri-hökumət təşkilatları formasında daha şəffaf və ədalətli şəkildə araşdırmalar aparıb, həkimlərin reytinqlərini müəyyənləşdirərdi". Onun fikrincə, klinikaların daxilində də bu mümkündür. Tibb müəssisələrində hər həkimin apardığı əməliyyatların sayı, müalicə elədiyi və ya qəbuluna gələn xəstələrin sayı, onun fəaliyyətinin effektivliyi kriteriya kimi götürülə bilər.

Bonusun davamı olacaqmı?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirib ki, proqram müddətli olsa da, əməyin ödənilməsi qaydasına əsasən, seçilən həkim-mütəxəssislər həvəsləndirici əlavələr almağa davam edəcək.

Bundan əlavə, sorğu məktubunda agentlik tərəfindən həvəsləndirici əlavələrin şamil olunduğu tibb işçilərinin siyahısının genişləndirildiyi qeyd olunub. Qurumdan bildirilib ki, proqram üzrə bir həkim-mütəxəssis üçün əmək haqlarının ödənilməsi 1 il müddətinə nəzərdə tutulur.

"Məsələn, həkim 2022-ci ilin fevralın 1-də işə qəbul olunubsa o zaman 2023-cü ilin fevralın 1-nə kimi proqramda iştirak edə bilər," - Agentliyin məktubunda deyilir.

Dövlət agentliyi proqramın həyata keçirilməsi üçün İcbari Tibbi Sığorta Fondunun 2022-ci il üzrə büdcəsindən 8 milyon 14 min 600 manat ayrıldığını bildirib. (BBC)

XƏBƏR LENTİ