MƏKTƏBLİLƏRİN İNTİHAR SƏBƏBİ İMTAHANDIRMI? – “Onları özünəqəsdə aparan 3 əsas səbəb var”

549 11-05-2022, 11:25 cemiyyet

MƏKTƏBLİLƏRİN İNTİHAR SƏBƏBİ İMTAHANDIRMI? – “Onları özünəqəsdə aparan 3 əsas səbəb var”Son vaxtlar şagirdlər arasında intihar hallarının sayı xeyli artıb. Ötən həftə paytaxtın Xətai və Nərimanov rayonlarında iki yeniyetmə özünə qəsd edib. Onların hər ikisi 11-ci sinifdə təhsil alırdılar. Şagirdlərin imtahan nəticələri zəif olduğu üçün intihar etdikləri deyilir.

Yeniyetmələr arasında intihar hallarının artım tendensiyasına nəzər salsaq görərik ki, buraxılış və qəbul imtahanları dönəmində bu cür hallar daha çox baş verir. Ekspertlər də yeniyetmələrin daha çox bu dönəmlərdə intihar və ya intihara cəhd etdiklərini bildirirlər. Şagirdlərin dərs yükünün ağır olması, stress, yuxusuz gecələr, valideyn təzyiqi nəticəsində bəzən belə xoşagəlməz hallar yaşanır.

Bu mövzuyla bağlı təhsil eksperti Kamran Əsədov “AzPolitika.info”-ya şərhində xatırladıb ki, statistikaya əsasən son 10 ildə şagirdlər arasında intihar halları xeyli artıb: “İmtahan dövrü ərəfəsində bu hadisələr daha çox baş verir. Təəssüf ki, imtahan nəticəsiylə bağlı valideynlərin övladlarına təzyiq göstərmələri yekunda intiharla nəticələnə bilir. Ancaq gənclərimiz bilməlidirlər ki, ali təhsil müəssisələrinə qəbul olmamaq həyatın bitdiyi anlamına gəlmir”.

Ekspert qeyd edib ki, təhsil müəssisələrində məktəb psixoloqları şagirdlərlə yetərli səviyyədə işləmirlər: “İntihar edən şəxslər birdən-birə bu qərarı vermirlər. Düşünürəm ki, orta məktəblərdə psixoloqlar şagirdləri hər ay psixoloji testlərdən keçirərək, onların vəziyyətlərini öyrənməlidirlər. Məsələn, Nərimanov rayonunda baş verən intihar hadisəsində, şagirdin sinif yoldaşları deyirlər ki, o, son günlər depressiyada idi və passiv həyat tərzi sürürdü. Deməli, həmin şagirdi əvvəlcədən nəzarətə götürsək, onu xilas edə bilərdik. Hesab edirəm ki, şagirdləri mütəmadi olaraq nəzarətdə saxlayaraq, bu problemi aradan qaldıra bilərik. Ancaq təəssüf ki, 4432 orta məktəbimizdən cəmi 2900-da psixoloqlar fəaliyyət göstərir”.

Ekspert şagirdləri intihara aparan 3 əsas məsələni vurğulayıb: “Birincisi, imtahan nəticələridir. Biz bunu bir qədər sadələşdirməliyik. Şagirdləri başa salmalıyıq ki, onların həyatları heç də bu nəticəyə bağlı deyil. İkincisi, heç bir halda valideyn övladına təzyiq göstərməməlidir. Əksinə, onlara dəstək olmalıdırlar. Çünki əksər hallarda valideyn təzyiqi, uşaqların qorxmasına və onların intihar etmələrinə səbəb olur. Üçüncüsü isə, sosial şəbəkələr və internet resurslarındakı müxtəlif oyunlardır. Uşaqların nəzarətsiz şəkildə sosial şəbəkələrdə vaxt keçirmələri sonda bu cür problemlərin baş verməsinə gətirib çıxarır.

İntihar - nəticədir. Bunun səbəbələrini baxsaq görərik ki, onları aradan qaldırmaq mümkündür. Düşünürəm ki, bu problemləri aradan qaldırsaq, müsbət nəticələr əldə edə bilərik”.

Psixoloq Gülər Məmmədova isə “AzPolitika.info”-ya şərhində bildirib ki, araşdırmalar nəticəsində bu cür intiharların səbəbinin heç də qəbul imtahanları ilə bağlı olmadığı məlum olub: “Məsələnin kökündə başqa səbəbələr dayanır. İntihar edən şəxslərin problemi ali məktəb imtahanı verməzdən əvvəl də mövcud olur. Biz zənn edirik ki, imtahan nəticələri aşağı olduğuna görə uşaqlar intihar edirlər. Amma əslində bu proses imtahandan əvvəl başlayır və özünü hansısa formada büruzə verir. Ümumiyyətlə, təfəkkürü sağlam olan və ailədə normal psixoloji mühitdə böyüyən insanlar bu cür addımlar atmırlar. Onlar hər hansı bir qərar verərkən, öz doğmalarını, yaxınlarını və sevdiklərini düşünürlər”.

Psixoloq qeyd edir ki, ali məktəbə qəbul olmamaq və ya az bal toplamaq insan həyatının əsas göstəricisi deyil: “Abituriyentlərin bu cür addım atmalarına səbəb, onların duyğularla yaşamalarıdr. Onlar məntiqdən bir qədər uzaq olurlar. Yeniyətməliyin son dönəmlərində bu duyğulardan qopa bilmirlər. Daxildə özlərini daim tənha hiss edirlər, çıxılmaz vəziyətə düşürlər. Onlar zənn edirlər ki, çarə yalnız ölməkdədər. Təəssüf ki, müvəqqəti cərayan edən bu hisslər bəzən mənfi sonluqla nəticələnir. Bu proseslər hər bir insanda müəyən dönəmlərdə baş verə bilər. Sadəcə həmin vaxt bu cür insanlara dəstək olmaq lazımdır. Təəssüf ki, bunu yeniyətmələrə zamanında bildirən olmur. Yaxınları onların xarici görkəmlərində, davranışlarında, xarakterlərində sərgilədikləri qeyri-normal hərəkətlərə ciddi yanaşmırlar. Onlara mənəvi dəstək olmurlar və nəticədə də bu cür xoşagəlməz hallar yaşanır”.

XƏBƏR LENTİ