Meymunçiçəyi ilə bağlı ŞOK AÇIQLAMA: "Almaniya hazırlıqlara başlayıbsa..."

855 25-05-2022, 16:22 dunya

Meymunçiçəyi ilə bağlı ŞOK AÇIQLAMA: "Almaniya hazırlıqlara başlayıbsa..."Meymunçiçəyi xəstəliyi ilə bağlı artıq peyvənd tədarükünə başlanılıb. Almaniya "Bavarian Nordic" tərəfindən istehsal olunan 40 000 doza çiçək peyvəndi sifariş edib. Gedişatdan sual yaranır, xəstəliyə qarşı belə tez peyvənd hazırlamaq mümkündürmü? Yaxud başqa peyvəndlər bu xəstəliyə təsirlidirmi?

Musavat.com xəbər verir ki, professor Adil Qeybulla Teleqraf.com-a açıqlamasında bildirib ki, bu xəstəliyə qarşı ötən əsrdə peyvəndləmə aparılıb.

Onun sözlərinə görə, peyvəndləmədə iştirak edən yeni nəsli də təhlükə gözləyir:

"Meymunçiçəyi xəstəliyi təbii çiçək xəstəliyi ailəsinə aiddir. Meymunçiçəyi "monkeypox", təbii çiçək isə "smallpox" adlanır. Bunlar çiçək viruslarıdır. Təbii çiçəyə qarşı olan peyvənd 70 faiz meymunçiçəyinə qarşı həssaslıq göstərir. Bu baxımdan peyvəndin bu şəkildə istehsalı zərurəti yaranıb.

Əslində bu gün dünyada 42 yaşdan yuxarı əhali peyvəndlənib. Çünki 1980-ci illərdə çiçək xəstəliyinə qarşı məcburi peyvəndləmə həyata keçirilirdi. Lakin xəstəlik lokalaşdırıldıqdan sonra peyvəndləmə dayandırıldı. Demək olar ki, bu gün dünyada 42 yaşa qədər olan əhali sözügedən xəstəliyə qarşı peyvəndsizdir. Əgər xəstəlik pandemiyaya çevrilərsə, əhalinin bu hissəsinin taleyi sual altına düşə bilər. Bu baxımdan ehtiyat peyvəndlərin hazırlanması realdır".

Professorun fikrincə, Almaniyanın belə tezliklə virusla mübarizəyə başlaması vəziyyətin ciddiliyindən xəbər verir:

"Peyvəndlərin tez hazırlanması texnologiyadan asılıdır. Hazırda biotexnologiyanın ən müasir üsulları ilə konkret bir virusun antigenini spesifik qıcıqlandırmaq imkanı var. COVID-19 vaksinlərinin də bir qismi eyni qaydada hazırlandı.

Almaniya hazırlıqlara başlayıb. Biz özümüz də müəyyən resurslar əldə etməliyik ki, tədbirlər görüb, yaranan vəziyyətdən az itkilərlə çıxa bilək".

XƏBƏR LENTİ