“UKRAYNADA VƏ DÜNYADA GƏRGİNLƏŞMƏ DAVAM EDƏCƏK...” - “Makronun və Şoltsun imkanı olsaydı, Ukraynanı bu gün satardılar”

“UKRAYNADA VƏ DÜNYADA GƏRGİNLƏŞMƏ DAVAM EDƏCƏK...” - “Makronun və Şoltsun imkanı olsaydı, Ukraynanı bu gün satardılar”Əli Abbasov: “Əgər yayda Kiyevin silah-sursat gözləntisi özünü tam doğrultmasa, yeni reallıqlar ortaya çıxacaq və bu zaman müharibə ilin sonuna qədər uzanaca”


“Ukrayna qalib gəlsə, Avropanın yeni təhlükəsizlik arxitekturasında Almaniya və Fransa olmayacaq”

Rusiya-Ukrayna savaşı davam edir. Ukrayna rəsmiləri bildirir ki, Qərbdən tədarük olunan əsas silah partiyası ən yaxşı halda iyulun əvvəllərində Kiyevdə olacaq. Hərbi mütəxəssislər bu silahların müharibənin gedişatını dəyişə biləcəyini deyirlər. Amma müharibə teatrının arxa səhnəsində baş verən proseslər də xüsusi əhəmiyyət kəsb edir. Söhbət bəzi Qərb ölkələrinin az qala Putinlə birlikdə hərəkət etməsindən gedir...

“AzPolitika.info” bu mövzunu AMEA-nın Fəlsəfə İnstitutunun professoru, analitik Əli Abbasovla müzakirə edib:


- Əli müəllim, Rusiya-Ukrayna savaşı davam edir, hazırda ruslar hərbi təşəbbüsü ələ almış kimi görünür. Əsas məqam müharibənin arxa fonunda baş verənlər -siyasi təmaslar, Ukraynaya hərbi dəstək və digər bu kimi məsələlərdir. Bu kontekstdə real vəziyyəti necə qiymətləndirirmək olar?

- Öncə nəzərə almaq lazımdır ki, indi cəbhə xəttində çox ağır vəziyyət yaranıb. Əslində, hər iki tərəf üçün vəziyyət ağırdır. Məsələn, Rusiyanın geniş imkanları yoxdur, hazırda ruslar son resurslarını toplayaraq Donbasa atılıblar. Texnika, silah-sursat resursu imkanı vermir ki, onlar uzun müddət Ukraynada bu formada davam etsinlər. Bu baxımdan rusların vəziyyəti elə də yaxşı deyil. Üstəlik, Moskva anlayır ki, Çindən xüsusi dəstək gözləmək mənasızdır, çünki bu, olmayacaq. Ukraynanın müqaviməti də burada prinsipial rola malikdir.

Ukraynanın da durumu ağırdır. Ukrayna hazırda var gücü ilə Rusiyaya müqavimət göstərir, vuruşur və müdafiə olunur. Baxmayaraq ki, resursları azdır və nəzərdə tutulan hərbi yardım hələ Ukraynaya çatmayıb.

Üçüncü maraqlı cəhət kənarda olan qüvvələrin Rusiya ilə Ukraynanın uzun illər müharibə etməsində maraqlı olmasıdır. Belə bir vəziyyət onların maraqlarına tam uyğundur. Bu qüvvələr özlərinin hansısa sonuncu silahlarını Ukraynaya göndərmək kimi niyyətdə deyillər. Şərqi Avropa ölkələr - Polşa və Baltikyanı ölkələr vəziyyəti yaxından bilirlər və bu səbəbdən də Avropa Birliyinin ləng siyasətinə qarşı çıxır, onu tənqid edirlər. Bu nüans göstərir ki, Avropada yeni bir müttəfiqlik konfiqurasiyasına ehtiyac var. Belədə yeni bir təşkilat meydana çıxa bilər. Bu qurumun nüvəsini isə Britaniya, Polşa, Türkiyə kimi nəhəng dövlətlər təşkil edə bilərlər. Sözsüz ki, burada Ukrayna və Baltikyanı ölkələrə də yer olacaq. Belə bir konfiqurasiya ABŞ-ın qəti mövqeyindən asılıdır.

Almaniya və Fransa isə son olaylarla əlaqədar nüfuzunu itirib. Məsələn, Makron parlament seçkilərini uduzdu, artıq parlamentdə onun rəqibləri daha çox sayda təmsil olunur. Kansler Şoltsun daxildə vəziyyəti o qədər də yaxşı deyil. Bəli, Makronun və Şoltsun imkanı olsaydı, Ukraynanı bu gün satardılar. Sadəcə olaraq onlara belə imkan verilmir. Onlar hesab edirlər ki, Ukrayna qalib gəlsə, Avropanın yeni təhlükəsizlik arxitekturasında Almaniya və Fransa olmayacaq.

Bu baxımdan vəziyyət çətin və mürəkkəbdir. Sonunculara görə, müharibənin gedişatına baxıb qalib gələcəyi aydın olan tərəfə dəstək vermək lazımdır. Və ya Kiyevi məcbur etmək lazımdır ki, gedib Moskva ilə bir masa arxasında otursun. Bu xətt daha çox Paris və Berlinin maraqlarına uyğun gəlir.

Azərbaycan, Qazaxıstan və digər bu kimi ölkələr isə indi gözləyirlər ki, Ukraynadakı hadisələr necə başa çatacaq.
Ətraflı
- İndiki halda bəzi Qərb ölkələri müharibənin davam etdirilməsində, tərəflərin daha ağır vəziyyətə düşməsində maraqlı olduqları üçün Ukraynaya ağır silahları vaxtında çatdırmırlar, yoxsa başqa səbəblər var?

- Məsələ ondadır ki, Ukrayna bu gün ən azından Rusiyadan Ukraynaya gələn yolları və infrastrukturu raketlə dağıtmalıdır ki, ərazisinə qoşun, ehtiyat hissələr, texnika daxil olmasın. ABŞ başda olmaqla Qərb dövlətləri isə bunu istəmir. Əgər belədirsə, Moskva buryatları Ukraynada qırıb qurtardıqdan sonra başqa xalqları ora göndərəcək. Sonda isə rusları Ukraynaya gətirəcək. Bu ssenaridə Rusiyanın imkanı Ukraynadan qat-qat çoxdur. Ukrayna hakimiyyəti də bütün bunları nəzərə alaraq Qərb müttəfiqlərinə deyir ki, siz müharibədə iştirak etmirsinizsə, etməyin, amma mənə silah verin ki, özümü müdafiə edim. Silah verin ki, ölkəmdə yaranan vəziyyəti Ukrayna ilə sərhəddə yerləşən Rusiya ərazilərində yaradım və onların diqqəti özlərinə yönəlsin. Görsünlər ki, kommunikasiya dağılıb, yollar yoxdur və Ukraynaya yeni ordu, texnika salmaq müşgülə çevrilib. Bax, bunu Qərb istəmir. Bu halda biz qəti nəticə haqqında proqnoz verməkdə çətinlik çəkirik.

Digər tərəfdən, Rusiya indi Ukraynadan çıxarılsa belə, Putin rejimi hakimiyyətdə qalır. Bu da Qərbin marağında deyil. Onlar düşünürlər ki, müharibə davam etsin, Rusiyada durum ağırlaşsın və rusların özü Putini götürüb bayıra atsınlar. Bunun üçün də müharibə getməli, Rusiyada yaşayan milyonlarla rus hiss etməlidir ki, müharibə onların əleyhinə işləyir və səbəb də Putindir. İndi ruslar bunu hiss etmirlər. Niyə? Çünki hazırda Rusiya neft-qaz satışından gündə 1 milyard qazanc əldə edir. Beləcə müharibədəki xərcləri kompensasiya edirlər. Hələlik mharibədə iştirak edəcək insan resurları da bitməyib.


“UKRAYNADA VƏ DÜNYADA GƏRGİNLƏŞMƏ DAVAM EDƏCƏK...” - “Makronun və Şoltsun imkanı olsaydı, Ukraynanı bu gün satardılar”
- Ukrayna siyasi şərhçilər artıq açıq bəyan edirlər ki, NATO və Avropa Birliyinin dörd ölkəsi Putinlə birlikdə hərəkət edirlər. Söhbət Fransa, Almaniya, İtaliya və Macarıstandan gedir. Əlavə edirlər ki, Ukraynanın qələbəsi bu ölkələrə sərf etmir. Çünki Kiyev qələbə qazansa Avropanın yeni təhlükəsizlik strategiyası qurulacaq və klassik Avropa dövlətləri bu strategiyadan kənarda saxlanılacaq...

- Sözsüz ki, bu məqam var və onlar da bunu dərk edirlər. Bu dörd ölkəni bir yerdə götürmək doğru olmazdı. Əsas fiqurlar Almaniya və Fransadır, onlar bir yerdədirlər. İtaliya öz maraqlarına uyğun, Macarıstan da öz xətti ilə hərəkət edir. Bildiyiniz kimi, Macarıstan neft satışı bazasıdır. Bizim neftimiz hələ inqilabdan əvvəl ora gedirdi. Yəni indiki halda Macarıstan çox şey itirir. İtaliyanınsa marağındadır ki, rus qazı satılsın və İtaliyadan keçsin. Macarıstanı anlamaq olar. Sabah neft və qaz dayandı, dənizə də çıxışı yoxdur. Bu halda ona çətin olacaq. Eyni zamanda Ukrayna uduzsa, burada milyona yaxın macar yaşayır. Macarıstanın iştahı açıla bilər. Digər ölkələrin də buna oxşar maraqları var. Almaniya və Fransa isə anlayır ki, anqlosakson ölkələr onlara qarşı son müharibələrini aparırlar. Anqlosakslar istəmirlər ki, Avropa bu iki ölkənin əlində qalsın.

Avropa Birliyinin siyasəti Almaniyanın iqtisadi-maliyyə gücü ilə yaranıb. İndi onları zəiflətsələr, Britaniya və ABŞ Avropanı ələ keçirəcək. Məhz bu səbəbdən də Berlin və Paris düşünür ki, ruslar daha yaxşıdır. Çünki bu balansın pozulmasına qarşıdırlar. Əlbəttə, böyük siyasətdə çox şeyləri danışırlar, amma eləmirlər. Bəzənsə danışmırlar, əvəzində lazım olanı edirlər.

Ukrayna müharibəsi nədən başladı? Britaniya Avropa Birliyindən çıxdı. Daha sonra London və Vaşinqton birləşdi, Avstriyanı da yanına alaraq Asiyaya keçid etdilər. Anladılar ki, indi dünya siyasətinin ağırlığı Yaxın Şərq və Avropadan Sakit okean regionuna keçir. Bu, təsadüfi deyildi. Yeri gəlmişkən, zamanında London Avropa Birliyinin üzvü olmaq istəyirdi, amma qəbul etmirdilər. Qəbul olunduqdan sonra isə qəfildən birliyi tərk etdi. Təbii ki, dünyanın siyasi-iqtisadi mərkəzi dəyişir, Asiya regionuna tərəf keçir. London və Vaşinqton Asiyada güclənir. Avropa Birliyi də görür ki, həmin regionda rol ala bilmir. Üstəlik, Rusiya fəallaşanda ABŞ sanksiya tətbiq edir, dünya ölkələri də onun arxasınca gedir. Eləcə də Çin məsələsində. Bu da klassik Avropa ölkələrini pis vəziyyətə salır. Nəzərə alın ki, Fransanın nəhəng donanması var. Amma heç kim Fransaya təklif etmədi ki, gəl qoşul bizə və Asiyada fəallaş. Fransa və Almaniya kənarda saxlanıldı, əvəzində Yeni Zellandiya, Yaponiya kimi ölkələri yeni prosesə cəlb etdilər.

- Bunun Ukrayna ilə bağlılığı nədən ibarətdir?

- Bunlar hamısı bir-birilə sıx bağlı olan məsələlərdir. Həm Ukraynada, həm də dünyada gərginləşmə davam edəcək. Nəzərə alın ki, bundan əvvəl bəyan olunurdu ki, ərzaq, su və taxıl qıtlığı olacaq. Bunun üzərindən koronavirus epidemiyası gəldi. Görün, gərginlik nə həddədir. SSRİ ilə ABŞ arasında “Soyuq müharibə” gedirdi, gərginlik yaşanırdı, amma qıtlıq bu səviyyədə deyildi. İndi tam başqa proses gedir. Əlbəttə, indi ruslar taxıl qıtlığından silah kimi istifadə edirlər. Amma bu da müvəqqətidir. Yeri gəlmişkən, bir zamanlar taxıl ticarətinin və istehsalının mərkəzində ABŞ və Kanada dururdu. Amma ABŞ sonra gördü ki, bu iş sərf etmir, gəliri azdır. Ona görə də bu sahəyə xüsusi diqqət ayrılmadı.

Hesab edirəm ki, Ukrayna məsələsində bu yay baş verəcək hadisələrdən çox şey asılıdır. Bu, daha çox Kiyevə veriləcək silahlardan asılı olacaq. Əgər yayda silah-sursat gözləntisi özünü tam doğrultmasa, yeni reallıqlar ortaya çıxacaq və bu zaman müharibə ilin sonuna qədər uzanacaq.

Rasim Əliyev

“AzPolitika.info”

“UKRAYNADA VƏ DÜNYADA GƏRGİNLƏŞMƏ DAVAM EDƏCƏK...” - “Makronun və Şoltsun imkanı olsaydı, Ukraynanı bu gün satardılar”

  • 16-06-2022, 10:15
  • 624


Oxşar mövzular
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI