Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.
Xeberdar.net məlumat verir ki, Ulu Öndərin anadan olmasının 103-cü ildönümü qeyd olunur.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində dünyaya gəlib. O, əvvəlcə Naxçıvan Pedaqoji Texnikumunda təhsil alıb, daha sonra isə Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində oxuyub. Lakin İkinci Dünya müharibəsinin başlaması onun ali təhsilini yarımçıq qoymasına səbəb olub.
Əmək fəaliyyətinə 1941-ci ildən başlayan Heydər Əliyev əvvəlcə Naxçıvan MSSR-in daxili işlər və dövlət idarələrində müxtəlif vəzifələrdə çalışıb. 1944-cü ildən təhlükəsizlik orqanlarında fəaliyyət göstərən Əliyev sonradan Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbərliyinə qədər yüksəlib və general-mayor rütbəsi alıb. Həmin dövrdə Sankt-Peterburq şəhərində xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev respublikanın rəhbəri oldu. 1982-ci ildə isə SSRİ rəhbərliyində yüksək vəzifəyə təyin edilərək Sovet İttifaqının əsas siyasi fiqurlarından birinə çevrildi.
1987-ci ildə SSRİ rəhbərliyinin siyasətinə etiraz olaraq bütün vəzifələrindən istefa verən Heydər Əliyev, 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Moskvada Azərbaycan xalqına qarşı törədilən cinayətə sərt münasibət bildirib və günahkarların cəzalandırılmasını tələb edib.
1990-cı ildə Azərbaycana qayıdan Heydər Əliyev siyasi fəaliyyətini Naxçıvanda davam etdirib. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü ildə ölkədə yaranmış ağır siyasi böhran zamanı xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev əvvəlcə Ali Sovetin sədri, daha sonra isə Azərbaycan Prezidenti səlahiyyətlərini icra etməyə başlayıb. Həmin ilin oktyabr ayında ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilib və 1998-ci ildə yenidən prezident seçilərək fəaliyyətini davam etdirib.
Ümummilli Lider Heydər Əliyev 2003-cü il dekabrın 12-də ABŞ-da müalicə aldığı klinikada vəfat edib və dekabrın 15-də Fəxri Xiyabanda dəfn olunub.
Heydər Əliyev dövlətçilik tarixində mühüm rol oynayıb, bir çox orden və mükafatlara layiq görülüb, müxtəlif beynəlxalq universitetlərin fəxri doktoru seçilib.
İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar ölkədə və xaricdə Ulu Öndərin 100 illiyinə həsr edilmiş çoxsaylı tədbirlər təşkil olunub.
Ulu Öndərin ən böyük arzularından biri Qarabağın azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Bu məqsəd İlham Əliyevin rəhbərliyi ilə reallaşdı və Azərbaycanın suverenliyi tam təmin edildi.
Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı yenidənqurma, bərpa və mina təmizləmə işləri davam etdirilir.