"Zəngəzur dəhlizinin tezliklə açılması regionda gələcək sülhün fundamental elementlərindən biridir".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
“Bizim üçün bu yol açılmasa sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistan ilə normal birgə yaşayış və qonşuluq münasibətlərinə yönəlmiş səyləri uğursuzluğa düçar olacaq”, - dövlət başçısı deyib.
Prezident Ermənistanın müvafiq bəyanatı imzaladığını və bu səbəbdən, Azərbaycanın Zəngəzur dəhlizinin açılmasını tələb etmək hüququna malik olduğunu vurğulayıb: "Biz gözləyirik ki, Ermənistan 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının müddəalarına riayət etsin”.
İlham Əliyev qeyd edib ki, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyanın açılması məsələsinə hörmətlə yanaşmalıdır.
“10 noyabr bəyanatının – Ermənistanın kapitulyasiya aktını imzalamasından il yarım vaxt keçsə də, bu keçid hələ də yoxdur. Bu, qəbuledilməzdir. Bu, Ermənistan tərəfindən 10 noyabr bəyanatının pozulmasıdır”, - deyə İlham Əliyev bildirib.
İlham Əliyev deyib ki, Azərbaycan 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri icra edir: “Ermənistan bir il yarımdır ki, Laçın yolundan istifadə edir. Bununla da Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhali ilə əlaqə təmin edilir. Ancaq Ermənistan ərazisi vasitəsilə - Zəngəzur dəhlizi ilə Naxçıvanla əlaqə yaradılmayıb. Bu, ədalətli deyil və bununla razılaşmırıq”.
“Azərbaycanın mövqeyi budur ki, Cənubi Qafqazda əməkdaşlıq və inteqrasiya olsun”. - deyə, Prezident İlham Əliyev bildirib.
İlham Əliyev bildirib ki, Azərbaycan bu istiqamətdə ilk addımların atılması üçün təkliflər verib.
“Biz bu məsələdə Gürcüstanla məsləhətləşmələr aparırıq. Gürcüstan hökuməti də bu ideyanı dəstəkləyir.
Rəsmi Tbilisi Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirləri səviyyəsində Gürcüstanda üçtərəfli görüş keçirilməsini və dialoqa start verilməsini dəstəkləyir. Təəssüf ki, Ermənistan bundan imtina edir”, - deyə Prezident əlavə edib.
İlham Əliyev bildirib ki, bir neçə Avropa institutu da eyni təklif səsləndirir və Ermənistan yenə bundan imtina edir.
“Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalinin hüquqlarının və təhlükəsizliyinin təmin olunmasını dəstəkləyirik. Azərbaycan Konstitusiyası ilə bütün əhalinin təhlükəsizliyi təmin edilir. Azərbaycan çoxmillətli ölkədir. Erməni əhali isə Azərbaycanda ən böyük etnik azlıq deyil” - deyə, İlham Əliyev qeyd edib.
İlham Əliyev bildirib ki, Ermənistan hökuməti Qarabağda status məsələsini qeyd edir.
“Bu, Ermənistanın özü üçün təhlükədir. Çünki “dağlıq Qarabağ” yoxdur. Dağlıq Qarabağ Muxtar bölgəsi 1991-ci ilin sonunda Azərbaycan parlamentinin qərarı ilə ləğv edilib. Bizim ərazilərimizdə administrativ strukturlar yoxdur. Ona görə də status məsələsinə istinad etmək yalnız yeni konfrontasiyaya doğru addımdır. Ermənistan tarixi yenidən yazmaq cəhdindən çəkinməlidir və bunu başa düşməlidir. Tarix artıq buradadır. Artıq statusdan danışılmır və danışılmayacaq.
Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoysa, bizim başqa seçimimiz qalmayacaq. Biz də həmçinin Ermənistanın ərazi bütövlüyünü sual altına qoyacağıq”, - deyən Prezident Azərbaycanın tarixi torpaqlarının, Zəngəzurun Ermənistana verilməsi tarixini xatırladıb.
İlham Əliyev bildirib ki, Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşma prosesi üçün öz təkliflərini verib. Dövlət başçısı bildirib ki, Azərbaycan Ermənistanın beş maddəlik baza prinsiplərini (rəsmi Bakı təqdim edib) qəbul etməsindən məmnundur: “Bu, pozitiv dinamikadır. Biz indi praktiki tətbiqləri həyata keçirməliyik. Azərbaycan öz növbəsində sülh müqaviləsinin hazırlanması üçün komissiya yaradıb. Biz gözləyirik ki, Ermənistan da eyni addımı atacaq. Əgər bu, tezliklə edilsə, sonra danışıqlar başlayacaq”.
“Mən Azərbaycan Prezidenti kimi ölkəmizin təhlükəsizlik məsələləri ilə məşğul oluram. Qarabağ münaqişəsinin həll edilməsi regionda sülh və təhlükəsizlik üçün yeni imkanlar yaradıb” - deyə, İlham Əliyev vurğulayıb.
İlham Əliyevin sözlərinə görə, bir çox nümayəndə Azərbaycanın işğaldan azad etdiyi ərazilərə səfərlər edir.
“Mən istərdim ki, Azərbaycanın postmüharibə dövrünün vəziyyəti ilə bağlı yanaşmasını ifadə edim. Bu situasiya Cənubi Qafqazda regional təhlükəsizliklə əlaqəlidir”, - deyə İlham Əliyev əlavə edib.
O bildirib ki, indi Azərbaycan sülhdən danışır:“Biz istəyirik ki, Cənubi Qafqazda stabillik, dayanıqlı inkişaf olsun”,
Elman
"AzPolitika.info"