Bir gün də dənizdə 5 adam batdı - Xəzəri “əjdaha” edən səbəblər...

850 20-07-2022, 10:23 cemiyyet

Bir gün də dənizdə 5 adam batdı - Xəzəri “əjdaha” edən səbəblər...FHN rəsmisi: “Küləyin sürəti 10 km/saatdan yüksəkdirsə, çimərliklərdən istifadə etmək qadağandır”

İyulun 17-də Fövqəladə Hallar Nazirliyi (FHN) dənizdə boğulan 8 nəfəri xilas edib. Eyni zamanda ictimai çimərliklərdən kənarda 5 nəfər dənizdə boğulub, onların meyitləri xilasedicilər tərəfindən sahilə çıxarılıb. Bu barədə FHN-in iyulun 18-də yaydığı məlumatda deyilir. Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət mayoru Aqşin Əlili “Yeni Müsavat”a müsahibəsində dənizdə boğulma hallarının səbəbləri və digər suallara ətraflı cavab verib:

- Dənizdə boğulma halları Xəzərin daha çox hansı hissəsində qeydə alınır?

- Biz vətəndaşlara gedəcəkləri çimərliklər haqqında öncədən məlumatlı olmağı hər zaman tövsiyə edirik. Əgər ərazidə xilasedici yoxdursa, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini və belə ərazilərdə çimməyin təhlükəli olduğunu bildirir. Bizi dənizdə boğulma riskindən xilasedicilər qoruyur. FHN-in xilasediciləri nəzarət olunan çimərliklərdə və İDEA İctimai Birliyi tərəfindən yaradılmış Bakı şəhərinin Qaradağ, Səbayel, Xəzər, Sabunçu və Binəqədi ictimai çimərliklərində xidmət edirlər. Buna baxmayaraq, ərazidən asılı olmayaraq suda boğulma təhlükəsi ilə üzləşən şəxs barədə məlumat daxil olduqda dərhal yardım edilir. İnsanların xilası üçün hər saniyə önəmlidir. Bu baxımdan bizə müraciətlər olur. Məsələn, xilasetmə məntəqəmizdən bir neçə kilometr kənarda bədbəxt hadisə baş verir. Məsafənin uzun olması zaman itkisinə səbəb olur. Bu baxımdan da vətəndaşları diqqətli olmağa çağırırıq. Xilasedicilərin xidmət aparmadığı ərazilərdən istifadə etməsinlər. Mövsümqabağı yerli icra nümayəndələrinin iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər həyata keçirmişik. Əsas məqsəd çimərlik üçün əlverişsiz və təhlükəli ərazilərin müəyyən edilməsidir. Bu baxımdan Abşeron yarımadasında təhlükəli çimərliklər müəyyənləşib: Bakı şəhəri Xəzər rayonunun Şüvəlan qəsəbəsində Milqaya, Şimal dres adlı ərazi, Mərdəkan qəsəbəsində Marina Beach çimərliyinin yaxınlığındakı ərazi, Sabunçu rayonunda 12-ci dalan və Yaxt klub (Nardaran qəsəbəsi), Kürdəxanı qəsəbəsində Ləhiş bağlarına yaxın Estakada adlı ərazi, Novxanı və Goradil qəsəbələri arasında Sarıqaya, Corat qəsəbəsində Ləman çimərliyinin yaxınlığındakı ərazi, Qaradağ rayonunda Mayak ərazisi. Sözügedən ərazilərdə qəfil dərinlik, sualtı qayalıqlar mövcuddur, axınların sürəti normadan yüksəkdir. Bu məlumat mütəmadi olaraq KİV-də dərc olunur. Aidiyyəti icra hakimiyyəti tərəfindən sözügedən ərazilərə qadağanedici lövhələr yerləşdirilib.
Bir gün də dənizdə 5 adam batdı - Xəzəri “əjdaha” edən səbəblər...
Aqşin Əlili

- Hava şəraiti statistikada nə dərəcədə rol oynayır? Məsələn, Bakı küləkli şəhərdir. Amma cənubda və şimalda da boğulanlar olur...

- Vətəndaşlara hər zaman hava haqqında məlumatı diqqətdə saxlamağı tövsiyə edirik. Küləyin sürəti 10 km/saatdan yüksəkdirsə, çimərliklərdən istifadə etmək qadağandır. FHN-in nəzarətində olan çimərliklərdə qeyri-sabit hava şəraitində bunu bildiririk. Bəzən vətəndaşlar buna məhəl qoymaq istəmirlər. Çimərliyin hansı ərazidə yerləşməsindən çox şey asılıdır. Hər bir halda, istər şimal, istərsə də cənub küləyi əsərkən dənizə girmək təhlükəlidir. Statistikada bədbəxt hadisələri yaradan səbəblərdən biri qeyri-sabit, küləkli, dalğalı hava şəraitidir.

- Dənizdə boğulma hallarında təcrübəsizlik daha çox önə çıxan səbəbdir, ya məsuliyyətsizlik?

- Hər ikisi ciddi səbəbdir. Lakin mən məsuliyyət faktorunu vurğulamaq istərdim. Təcrübədə görmüşük ki, bəzən insanlar gözlə görünən təhlükəli ərazilərdən istifadə etməyə çalışırlar. Məsələn, müxtəlif limanların ərazisini qeyd edə bilərəm. Həmçinin sənaye müəssisələrində emal zamanı istifadə olunan dəzgahların soyudulması üçün dəniz suyundan istifadə olunur və həmin ərazilərdə yüksək təzyiqli nasoslar işləyir. “Çimmək qadağandır” nişanı olmasına rəğmən, ərazidən istifadə etməyə çalışanlar var. Küləkli havada, spirtli içki qəbul edərək çimmək olmaz, məhdudlaşdırıcı nişanları keçmək qadağandır. Bunu hər kəs bilsə də, heç də hər kəs əməl etmir. Daha bir məsuliyyətsizlik çimərlik ərazilərində nəzarətsiz qalan uşaqlarla bağlıdır. Son zamanlar belə halların sayı artıb.

- Boğulma təhlükəsi ilə üzləşən birinə necə kömək etmək olar?

- Bəzən bir ərazidə 3 nəfər eyni anda boğulma təhlükəsi ilə üz-üzə qalır. Əslində isə bir nəfər boğulur, digər iki nəfər isə ona yardım edərkən boğulur. Çünki suda qorxuya düşən şəxs adətən adekvat davrana bilmir və onu xilas etməyə çalışanları da riskə ata bilər. Boğulan şəxsə heç bir halda üzbəüz yardım etmək olmaz. Çalışmaq lazımdır ki, boğulan şəxs onu xilas etməyə çalışan şəxsdən tutmasın. Boğulan şəxsə arxadan yaxınlaşaraq ya saçından, ya paltarından, yaxud da qollarının altından tutmalıyıq, başını suyun üzərinə qaldıraraq sahilə doğru üzməliyik. FHN-in 122 qaynar xəttinə məlumat vermək lazımdır ki, xilasedicilər dərhal köməyə gəlsinlər.

- Hansı hallarda birmənalı şəkildə ehtiyatlı olmaq tövsiyə olunur?

- FHN-in rəsmi saytında bununla bağlı əhaliyə xəbərdarlıq olunur. Vətəndaşlardan xəbərdarlığa riayət etmələrini xahiş edirik. 13 yaşa qədər uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə edə bilərlər. Onları nəzarətsiz qoymaq olmaz. Xilasedicilərin tələblərinə sözsüz əməl olunmalıdır. Qızmar günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra dənizə girmək təhlükəlidir. Çimərliklərdə təhlükəsiz istirahət saat 09.00-dan 20.00-a qədərdir. Bəzən bununla bağlı suallar olur. Qaranlıqda suda quraşdırılan üzmə sərhədlərini müəyyən edən nişanları görmək olmur. Eyni zamanda axtarış-xilasetmə tədbirləri zamanı çətinliklər yaranır. Adətən xilasetmə əməliyyatı zamanı kiçik həcmli su nəqliyyatı vasitələrindən, kiçik həcmli gəmilərdən istifadə olunur. Sutkanın qaranlıq saatlarında belə nəqliyyat vasitələrinin hərəkəti qadağandır. Həyata keçirilən təhlükəsizlik tədbirləri nəticəsində xilasedicilər tərəfindən çimərlik mövsümündə 68, il ərzində isə 94 suda boğulma təhlükəsi ilə üzləşən şəxs xilas olunub. FHN-in nəzarətində olan ərazilərdə ölümlə nəticələnən bədbəxt hadisə baş verməyib. Bu göstəricilər onu deməyə əsas verir ki, biz nəzarət olunan çimərliklərdən istifadə etməliyik və təhlükəsizlik tədbirlərinə əməl etməliyik.

XƏBƏR LENTİ