"Üçüncü qüvvə Türkiyə-Ermənistan birbaşa müzakirələrinə mane olur" - Erməni türkoloqdan maraqlı açıqlamalar

508 13-08-2022, 21:14 cemiyyet

"Üçüncü qüvvə Türkiyə-Ermənistan birbaşa müzakirələrinə mane olur" - Erməni türkoloqdan maraqlı açıqlamalar"Ermənistanda və ya Türkiyədə xüsusi nümayəndələrin görüşlərini təşkil etməməklə erməni tərəfi tam etimad səviyyəsinə çatana qədər özünü fors-major və maneələrdən sığortalamaq istəyir".

"AzPolitika.info" xəbər verir ki, bunu erməni mediasına müsahbəsində türkoloq Andranik İspiryan rəsmi İrəvanın iki ölkə arasında danışıqların vasitəçisiz Ermənistanda və ya Türkiyədə keçirilməsindən imtinasının səbəbləri barədə danışarkən deyib.

“Biz görürük ki, son vaxtlar regiondakı qüvvələr kifayət qədər fəaldırlar - istər Rusiya, istər Qərb, istrsə də İran... Lakin bu halda nəzərə almalıyıq ki, proses danışıqların iki ölkə arasında keçirilməli olduğunu diqtə edir. Üçüncü tərəflər danışıqların rəvan getməsinə kömək edə biləcək sadəcə vasitəçilərdir. Baş nazir danışıqların gedişi barədə həm Rusiya liderini, həm də Qərb ölkələrini məlumatlandırıb və güman etmək olar ki, onlar müzakirələrin Ermənistanda və ya Türkiyədə baş tutmasına imkan vermirlər. Bununla belə, hesab edirəm ki, tərəflər etimadı saxlamağa və iki ölkədə yeni görüşlər təşkil etməyə çalışırlar. Çünki belə müzakirələrin üçüncü ölkədə davam etdirilməsi əbədi ola bilməz”, - İspiryan vurğulayıb.

Türkiyə mətbuatının tərəflərin sentyabrda Qars şəhərində görüşəcəkləri barədə yaydığı məlumatlara münasibət bildirən türkoloq bunu istisna etməyib: “Türkiyə mətbuatının inamlı yazı tərzinə baxsaq, görünür, erməni tərəfi hər şeyə müsbət reaksiya verib. Qars əhalisi Ermənistanla sərhədin açılmasını istəyir. Düzdür, Ermənistan tərəfi hələ ki, cavab verməyib, amma təcrübə göstərir ki, anonim türk mənbələri həmişə haqlıdır”.
"Üçüncü qüvvə Türkiyə-Ermənistan birbaşa müzakirələrinə mane olur" - Erməni türkoloqdan maraqlı açıqlamalar
İspiryanın sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin qeyri-sabit olmasının səbəbi Ermənistan-Azərbaycan münasibətləridir ki, bunu Türkiyə Xarici işlər nazirinin bəyanatı da təsdiqləyir: "Qeyd etməliyik ki, Türkiyənin ləngiməsinin səbəbi Ermənistan-Azərbaycan münasibətlərində inkişaf və irəliləyiş gözləməsi ilə bağlıdır".

Ermənistanla Türkiyə arasındakı sərhədin üçüncü ölkə vətəndaşları üçün açıq olacağı ilə bağlı bəyanata gəlincə, türkoloq qeyd edib ki, bu, kifayət qədər qəribə bəyanatdır.

“Regionumuzda üçüncü ölkələrlə bağlı ifadə kimə aiddir? Gürcülərin türklərlə birbaşa sərhədi var, İranın birbaşa sərhədi var, Rusiya bölgədə deyil, yalnız Azərbaycan qalıb. Və biz baş nazirin dediyini eşitdik ki, azərbaycanlılar gəlib Ermənistanın sərhədindən istifadə edə, bir sərhəddən digərinə gedə bilərlər. Bu, azərbaycanlılar üçün ən əlverişli variantlardan biridir. Sərhədlərin təkcə azərbaycanlılar üçün deyil, başqa ölkələrdən gələn turistlər üçün də açıq olmasına etirazlar ola bilər, amma bu, az realdır. Hər halda, bu qərar Ermənistanın maraqlarından irəli gəlmir” - deyə, İspiryan vurğulayıb./"AzPolitika.info"

XƏBƏR LENTİ