İranın taleyini dəyişə biləcək yeganə qüvvə Azərbaycan türkləridir, Güney azərbaycanlılardır

İranın taleyini dəyişə biləcək yeganə qüvvə Azərbaycan türkləridir, Güney azərbaycanlılardır
























Faiq Ələkbərli: "Azərbaycan türkləri tarixən bu ərazidə yaranan dövlətlərdə əsas rol oynayıblar"

İranın İkinci Qarabağ savaşında Azərbaycanın tarixi zəfərindən sonra ölkəmizə qarşı artan təxribatları fonunda Güneydə yaşayan soydaşlarımızın da aktivliyi artır. Tehranın bu cür məkrli oyunlarına qarşı artıq geniş miqyasda səslərini qaldıran Güney azərbaycanlıların indiki mərhələdəki aktivliyi hansı nəticələrə gətirib çıxara bilər?: Bu və digər suallarla Bütöv Azərbaycan Ocaqlarının Türk dünyası ilə əlaqələr üzrə sədr müavini Faiq Ələkbərli ilə söhbətləşdik.

-Faiq bəy, İranın Azərbaycana yönəlik və davamlı xarakter alan təxribatları fonunda Güneydə yaşayan soydaşlarımızın da getdikcə aktivləşməsi, müstəqillik, azadlıq şüarlarının indi daha geniş yayılması müşahidə edilir. Sizcə proseslər hansı istiqamətə doğru cərəyan edir və gözləntilər nədən ibarətdir?

-Hazırda İranın özünün ictimai-siyasi, iqtisadi vəziyyəti olduqca gərgindir. 40 ildən artıq bir müddət ərzində İran adlanan ölkəyə qarşı Qərb dövlətlərinin tətbiq etdiyi sanksiyalar da bu məsələlərdə olduqca önəmli rol oynayır. Çox maraqlıdır ki, aradan keçən 40 ildən artıq müddət ərzində bu ölkənin istər dini, istərsə də siyasi rəhbərliyi Azərbaycan öz müstəqilliyimizi əldə etdikdən sonra bizə qarşı davamlı şəkildə təxribatlar həyata keçirib. Həmin təxribatlar zamanı da müxtəlif üsul və vasitələrdən istifadə edilib. Müstəqil Azərbaycan Respublikasına qarşı rəsmi Tehranın davamlı şəkildə həyata keçirdiyi təxribatlar güneyli soydaşlarımızı hər zaman olduqca narahat etmişdi. Güneydəki soydaşlarımız daim müstəqil Azərbaycana qarşı olan təxribatlara müxtəlif üsullarla cavab verməyə çalışıblar. Bütün bunların fonunda Azərbaycanın Güneyindəki soydaşlarımız daha da aktivləşib. Əgər əvvəllər soydaşlarımız mədəni muxtariyyat istəyirdilərsə, daha sonra federasiya, son illərdə isə istiqlal istəyi haqlı olaraq meydana çıxıb. Son illərdə bu proses daha da güclü xarakter alır. Xüsusiilə, İkinci Qarabağ müharibəsində Azərbaycanın Ermənistan üzərində tarixi zəfər əldə etməsi də bu prosesdə mühüm rol oynayır. Məlumdur ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi zəfər bir çox hallarda rəsmi Tehranı Ermənistandan heç də az narahat etməmişdi. Biz bunu ötən iki il ərzində daha çox müşahidə edirik. Ötən iki il ərzində rəsmi Tehran müxtəlif yollarla Azərbaycanın tarixi qələbəsinə kölgə salmağa çalışıb. İranın bu cəhdləri də haqlı olaraq Azərbaycanın Güneyindəki soydaşlarımız tərəfindən ciddi etirazla qarşılanıb.

Ümumiyyətlə, ötən illərdə Azərbaycanın Güneyində proseslər yavaş-yavaş istiqlal istəyinin, arzusunun yetişməsində mühüm rol oynayıb. Artıq Azərbaycanın Güneyindəki soydaşlarımız öz haqq və hüquqlarını daha cəsarətli şəkildə tələb edirlər. Təbii ki. bu tələblər heç də İran hakimiyyəti tərəfindən birmənalı qarşılanmır və güneydəki soydaşlarımıza qarşı təzyiqlər edilir, milli fəallar həbs olunur.

-Bu prosesin qarşısını almaq, xalqın gözünü qırmaq üçün Tehran rejimi yenidən güneylilərə qarşı daha geniş represiyalar, təzyiqlər həyata keçirə bilərmi?

-Şübhəsiz ki, proseslərin Tehranın əleyhinə işləməsi bu ölkənin istər dini, istərsə də siyasi rəhbərliyini ciddi şəkildə narahat edir. Artıq İran hakimiyyəti vəziyyətin əvvəlki kimi olmadığının fərqindədir. Bu təkcə Azərbaycanın getdikcə güclənməsi, Türkiyənin İrana olan münasibətinin dəyişməsi, Qərb dövlətlərinin Tehrana qarşı təzyiqlərinin artması ilə bağlı deyil, eyni zamanda Azərbaycanın Güneyindəki soydaşlarımız, bu ölkədə yaşayan türklər, ümumən qeyri-fars olan xalqların öz mövqeyini ortaya qoyması ilə bağlıdır. Təbii ki, Tehran rejimi belucilər, ərəblər, kürdlər və digər xalqlara qarşı deyil, daha çox güneyli soydaşlarımıza qarşı təzyiqlər etməkdədir. Çünki İran adlanan ölkənin taleyini dəyişə biləcək yeganə qüvvə Azərbaycan türkləridir, Güney azərbaycanlılardır. Azərbaycan türkləri tarixən bu ərazidə yaranan dövlətlərdə əsas rol oynayıblar. Hətta bu prosesi Səfəvilər, Ağqoyunlular, Qaraqoyunlular, Əfşarlar və daha sonra Qacarlarda da görmüşük. Pəhləvilər fars rejimi olsalar belə, onun yaranmasında da Azərbaycan türkləri müəyyən mənada rol oynayıblar. Eyni zamanda İslam İnqilabında da Azərbaycan türklərinin mühüm rol oynadığını deyə bilərik. Ona görə də Tehran rejiminin əsas hədəfi Azərbaycanın Güneyindəki soydaşlarımızdır. Onsuz da hər zaman Tehran rejimi Güneydəki soydaşlarımıza qarşı təzyiqlərə əl atıb. Yüzlərlə, minlərlə soydaşımız ya İran adlanan ölkənin həbsxanalarındadır, ya təzyiqlər altındadırlar, ya da mühacirət ediblər. Ancaq hər bir fürsətdə də bu represiya və təzyiqlərə qarşı güneyli soydaşlarımız dirəniş göstəriblər. Bunun üçün İranın zindanlarında yatmaqdan, hətta şəhid olmaqdan belə çəkinməyiblər. İranın represiyaları təkcə güneyli soydaşlarımıza qarşı həyata keçirilmir, eyni zamanda dilimizə, kimliyimizə, mədəniyyətimizə qarşı da represiyalardan istifadə edilir. Bütün bunlara baxmayaraq soydaşlarımız qəti şəkildə geri addım atmır, əksinə onları daha da mübariz, əzmkar edir ki, bu da istiqlalımızı bir addım da yaxınlaşdırır.

-Bəs, İranın Güneydəki fəallaşmanın qarşısını almaq üçün Azərbaycanda təxribatlar törətməsi nə dərəcədə mümkün görünür?

-Şübhəsiz ki, Azərbaycanımızın Güneyindəki Milli İstiqlal ideası bütün təqib və təzyiqlərə baxmayaraq güclənir. Rəsmi Tehran da şübhəsiz, boş oturmur. Onlar bir tərəfdən Azərbaycanımızın Güneyindəki Milli İstiqlal ideyasını boğmaq, onların daha da irəli getməsinə qarşı əllərindən gələni etməklə yanaşı, Azərbaycanın Kuzeyində olan, yəni mövcud Azərbaycan Respublikasında da müxtəlif təxribatlar etməyə çalışırlar. Biz ötən 30-31 il ərzində də bu kimi təxribatların şahidi olmuşuq. Xüsusilə Tehran rejimi Kuzey Azərbaycanda İslam dini, şiəlik məzhəbi pərdəsi altında müxtəlif təxribatlar həyata keçirib. Burada müxtəlif mədrəsələr açmaqla, insanların imamlara olan sevgisindən və s. bu kimi dini həssaslıqlardan sui-istifadə edərək Azərbaycanda öz məqsədlərini həyata keçirməyə cəhd ediblər. Burada məqsəd nə idi? Məqsəd burada özlərinə kifayət qədər tərəfdar toplamaq, onlar vasitəsilə müxtəlif təxribatlar həyata keçirməklə Azərbaycanın Güneyindəki Milli hərəkatın qarşısını almaq və yaxud onu tamamilə məhv etmək idi. Bu anlamda hazırda da Tehran ciddi şəkildə çox narahatdır. Xüsusilə ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan dövlətinin daha da güclənməsi, Azərbaycan Respublikasının öz ərazi bütövlüyünün təmin edilməsi, bütün bunlar Ermənistandan daha çox rəsmi Tehranı narahat etməkdədir və onların üst səviyyəli məmurları belə bu narahatçılıqlarını açıq şəkiuldə büruzə veriblər. Açıq-aşkar bildiriblər ki, güclü Azərbaycanın olması İran üçün ciddi bir təhlükədi və İranın parçalanmasının əsası Kuzey Azərbaycandır. Əslində təbii ki, onlar öz yanlış siyasətlərinin qurbanıdır. Təxminən 1925-ci ildən bu günə qədər istər pəhləvilər rejimi, istərsə də İslam rejimi adı altında ən böyük təxribat həm Azərbaycanın Kuzeyində, həm də Azərbaycanın Güneyində aparılmışdır. Kuzey Azərbaycanda nə qədər təxribatlar aparmaq istəsələr, bu Azərbaycanın Güneyində yaşayan soydaşlarımızı daha da hiddətləndirir. Yəni təkcə biz yox, Güneydəkilər daha çox hiddətlənirlər. Nəticədə onlar bunun qarşısınn alınmasını Milli İstiqlalda və Azərbaycanın bütövləşməsində görürlər. Ona görə də rəsmi Tehranın son 30-31 il ərzində buradakı hücrələri, yaxud hansısa dini həssaslıqdan sui-istifadə edərək ələ keçirdiyi insanların əli ilə Azərbaycanda bəzi təxribatlar törətməyə cəhdlər edib. Biz bunu dini mərasimlərdə görürük. Amma insanlarımız artıq o insanlar deyillər. Onlar irançılıqla, farçılıqla, şiəliyi, türkçülüyü ayırmağı bacarır. Onlar anlayırlar ki, din, şiəlik təəssübkeşiyi ilə, irançılıq, farsçılıq başqa-başqa şeylərdir. Hər bir insanın dini inancı var, ancaq dini inancdan sui-istifadə edib təxribat törədənlərə insanlar artıq nifrət edir. Açıq-aşkar görünür ki, İranın oyuncağına çevrilənlərin burada nə imama sevgisindən, nə də dinə olan hörmətindən söhbət gedir. Burada açıq-aşkar irançılığa və farsçılığa xidmətdən söhbət gedir. Buna görə də bu kimi təxribatlar olanda insanlar daha çox həssas olurlar və siyasi məsələni daha yaxşı seçib ayıra bilirlər. Artıq dini mərasimlərdə də Azərbaycan bayrağını qaldırırlar, Azərbaycanın Güneyində və Kuzeyində də din və siyasət məsələsini daha yaxşı seçib ayıra bilirlər. Əlbəttə, istisna etmirəm ki, Azərbaycanımızın Güneyində Milli İstiqlal gücləndikcə, burada təxribatlara cəhd göstərəcəklər, amma bu uğursuzluqla nəticələnəcək. Çünki Azərbaycanda dini inanclı insanlar bu kimi oyunlara getməyəcəklər, onlar hər şeyi yaxşı ayırd edə bilirlər.

-Bu günlərdə bir qrup ictimai fəal, eyni zamanda mədəniyyət xadimimizin Xudafərin körpüsündə olması və orada xalq artisti Nurəddin Mehdixanlının Güneyə yönəlik səsləndirdiyi şer onu deməyə əsas verirmi ki, artıq müstəqil Azərbaycanda da güneylilərə dəstək mesajları gündəmi zəbt edib.

-Kuzey Azərbaycanda da Güney Azərbaycan məsələsinə münasibətdə ciddi şəkildə bir dönüş var. Müstəqilliyin ilk illərində bir az emosionallıq var idisə, ancaq artıq bu emosionallıq müdrikləşməyə doğru istiqamət götürüb. Artıq insanlarımız müdrikləşmiş bir şəkildə bu bütövlüyü, birliyi görür. Düzdür, yenə də içimizdə bəziləri tapılır ki, bu bütövlüyün əleyhinə çıxış edirlər və zaman-zaman biz bunu görürük. Hansısa fikirlər, ideyalar ortaya atılır, bəzən isə bunu Rusiyanın bir oyunu kimi qələmə verirlər. Ancaq buna baxmayaraq Kuzey Azərbaycan insanı, müstəqil Azərbaycan dövlətinin vətəndşları Güneydəki soyadaşlarımızla bir yerdə olmağı istəyir, arzu edirlər. Artıq bu istək və arzu gerçəklik şəklində özünü büruzə verir. Bu anlamda istər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xudafərin körpüsündə olan görüntüləri (onu da qeyd edim ki, bu hadisə çox həssaslıqla qarşılanıb), istərsə də bu günlərdə xalq artisti Nurəddin Mehdixanlının orada Məhəmməd Hüseyn Şəhriyarın şerlərini səsləndirməsi, artıq birliyimizin vacibliyini bir daha ortaya qoyur. Əvvəllər, təxminən 10-15 il əvvəl Güneydə gedən milli-azadlıq hərəkatına bəlkə də o dərəcədə ciddi yanaşan yox idi. Ancaq indi elə deyil, əksinə bu gün Kuzey Azərbaycanda da Güneyin milli istiqlala qovuşması arzusunda, düşüncəsində olan insanların sayı hər an artmaqdadır. Həm də bu passiv şəkildə olan bir dəstək deyil, artıq bu dəstək aktiv fazaya keçib. Əgər 15-20 il əvvəl hər 100 nəfərdən cəmi 4-5 nəfər bu barədə düşünür, yazırdısa, indi əksinə, böyük ölçüdə bu sahədə dəyişiklik olub. Mən demirəm ki, bu dəyişiklik hardasa yüzdə səksən dərəcədədir. Ancaq əvvəlki illərə nisbətən böyük bir miqyasda dəyişiklikdir. Məsələnin belə bir səviyyəyə gəlib çatmasında istər Bütöv Azərbaycan Brliyi, istər Bütöv Azərbaycan Ocaqları, istərsə də digər təşkilatların böyük təsiri var. Mən də Bütöv Azərbaycan Ocaqlarının Türk dünyası ilə əlaqələr üzrə müavini kimi bu proseslərdə yaxndan iştirak edirəm və hər zaman Güneylə ünsiyyət içərisindəyik. Artıq bu proseslərin içərisində yer almışıq. Məsələn, əvəllər auditoriyada olan 20 tələbədən 1-2 nəfərin bu proseslərdən, Güneydəki soydaşlarımızın durumundan məlumatı var idisə, bu gün onun yarıdan çoxu Təbriz, Urmiya, Xoy, Ərdəbil, eləcə də Xiyabani, Şəhriyar, Pişəvəri barədə məlumatlıdırlar. Yəni, Azərbaycanın Kuzeyində də yeni nəsil bilir ki, Azərbaycan Yalamadan Astaraya, yaxud Bakıdan Naxçıvana, Qazaxa qədər deyil. Azərbaycan Dərbənddən Kənkər körfəzinə, Bakıdan Kərkükə, Kərkükdən Təbrizə qədər olan bir dövlətdir. Budur Azərbaycan. Eləcə də Güneydə yaşayan azərbaycanlılar deyirlər ki, Azərbaycan yalnız Təbriz, Urmiya, Xoy, Ərdəbildən ibarət deyil. Bütün bunlar çox önəmlidir. Vaxtilə Məmməd Əmin Rəsulzadə də deyirdi ki, təbrizli kimdirsə, şəkili odur. Yəni, naxçıvanlı qədər biz həm də xoylu, urmulu qədər bakılıyıq. Yaxud şirvanlı qədər mərəndliyik, miyanəli qədər gəncəliyik. Azərbaycan budur. Tarixən bir olmuşuq və bundan sonra da bir olacağıq və bu qanunauyğunluq öz yerini tapacaq.

-Ancaq bəziləri iddia etdi ki, Nurəddin Mehdixanlının bu addımı İranla Azərbaycan arasında münasibətlərə kölgə salmaq məqsədi daşıyır. Nə dərəcədə məntiqli yanaşmadır?

-Çox təssüflər olsun ki, bu gün istər Azərbaycanın Kuzeyi, istərsə də Güneyində belə fikirlər səslənir. Ancaq bir şeyi dəqiq bilmək lazımdır ki, İran adlanan dövlətin öz mahiyyəti saxtadır. Hətta 1935-ci ildə ora İran adının verilməsi də saxtadır. Bir aralar ora Persiya adı vermək istədilər. Ancaq sonradan İran adı verildi. Lakin İran adının Güney Azərbaycana, Xorasana, Türkmənsəhraya şamil edilməsi qətiyyən doğru deyil. Bu anlamda Tehran biz onu itirənə qədər bir türk şəhəri və Qacarlar dövlətinin türk paytaxtı idi. Heç vaxt Azərbaycan İran olmayıb, hər şey dəqiq şəkildə öz əksini tapmalıdır. Bu mənada istər Nurəddin Mehdixanlı, istərsə də digər aydınlarımızın birlik, bərabərlik kimi çıxışlarını ölkələrarası münasibətlərə kölgə salmaq kimi qiymətləndirmək özü absurddur. Arazın o tayı da Azərbaycandır, bu tayı da. Bu gün iki Culfa, Astara, Biləsuvar varsa, bu absurddur. Artıq İran öz yuvasına çəkilməlidir. İranın inşallah quracağımız Böyük Azərbaycanla dövlətlərarası münasibəti ola bilər ki, o zaman da hər kəs öz həddini biləcək. Biz məntiqi şəkildə tarixən mövcud olmuş böyük Azərbaycan dövlətçiliyini bərpa edəcəyik. Bütöv Azərbaycan Ocaqları olaraq məsələnin mahiyyətini belə görürük. Düşünürük ki, gec-tez tarixi həqiqət öz əksini tapacaq. Son sözü Güneydəki milyonlar deyəcək və inanıram ki, həmin prosesə də çox az vaxt qalıb və Azərbaycanın bütövlüyü bir gerçəkliyə çevriləcək.

Süleyman İsmayılbəyli

İranın taleyini dəyişə biləcək yeganə qüvvə Azərbaycan türkləridir, Güney azərbaycanlılardır

  • 9-09-2022, 11:01
  • 2 230


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Tahir Bağırov adına 59 saylı tam orta məktəbdə Kəlağayı gününə həsr olunmuş tədbir keçirildi
  2. Şair-publisist Güllü Eldar Tomarlı medal və fəxr diplomla təltif edildi
  3. DÜNYA KÜTLƏVİ ACLIQ ASTANASINDA... - İki seçim yolu var (ARAŞDIRMA + FOTO)
  4. “Rusiya Aleksandr Lukaşenkoya sui-qəsd hazırlayır” - ABŞ analitikləri
  5. Böyük Qayıdış futbol çempionatında 1/2 finalçılar müəyənləşdi.
  6. “Ukraynaya yardım qərb ölkələrinə baha başa gəlir” - NATO-nun baş katibi
  7. Tokayev Rusiyaya səfər edib
  8. Hərbçimiz vəfat etdi
  9. İranda 7 azərbaycanlı fəal həbs olunub - FOTOlar
  10. İki gündə cinayətdə şübhəli 74 nəfər saxlanılıb
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI