“Həkim 4 dərman yazıb, poliklinika isə ikisini verir” - GİLEY

221 14-01-2023, 13:41 cemiyyet

“Həkim 4 dərman yazıb, poliklinika isə ikisini verir” - GİLEY“37 nömrəli Şəhər Poliklinikasından qan analizləri üçün 5 nömrəli xəstəxanaya göndəriş aldıq. Düzdür, növbə çox olsa da, analiz verildi. Qanda şəkərin miqdarı çox olduğundan Respublika Endokrinoloji Mərkəzə göndərildik. Həkim qəbulundan sonra dərman yazıldı. Yenidən poliklinikaya qayıtdıqda məlum oldu ki, şəkərölçən cihaz yoxdur. Həkim bildirdi ki, şəkərin miqdarı yüksək olduğundan təcili öz hesabımıza da olsa aparat almalıyıq...”

Xeberdar.net
bildirir ki, bu şikayətlə “Qafqazinfo”ya sığorta üzrə ekspert İlkin İbrahimov müraciət edib. Onun sözlərinə görə, cihazın niyə olmadığını soruşanda bildirilib ki, baş həkim sifariş edib, amma gəlməyib. Ekspert bildirir ki, ağır şəkər xəstələrinin olduğunu nəzərə alsaq, poliklinikada qandakı şəkərin miqdarını ölçən cihazın olmaması acınacaqlıdır.

Digər tərəfdən isə, İ. İbrahimov Respublika Endokrinoloji Mərkəzinin həkimi tərəfindən yazılan reseptdəki bütün dərmanların poliklinikada verilməməsindən şikayətlənir: “Mərkəzin həkimi yüksək şəkərə görə 4 dərman yazıb. Lakin həmin reseptlə poliklinikaya yaxınlaşdıqda, buradakı həkim bildirdi ki, biz bu dərmanların hamısını yaza bilmərik. Həmin dərmandan yalnız ikisi verilə bilər. Bəs əgər xəstəyə ixtisaslı həkim tərəfindən bu resept yazılırsa, nəyə görə qalan hissəsini öz hesabımıza almalıyıq?”

Problemlə bağlı İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, Agentlik tərəfindən qanda şəkərin səviyyəsini ölçən qurğular (qlükometrlər) satın alınıb. Qurğuların TƏBİB tərəfindən təqdim edilən siyahılara uyğun olaraq tibb müəssisələrinə paylanılması həyata keçirilir.

Digər problem, dərmanların poliklinikada ixtisaslı həkimin yazdığından az miqdarda verilməsinə gəlincə isə bildirilib ki, bu məsələ Nazirlər Kabinetinin Qərarı ilə tənzimlənir: “Şəkərli diabet xəstəliyindən əziyyət çəkən xəstələrə şəkərsalıcı dərman vasitələrinin verilməsinin miqdarı Nazirlər Kabinetinin 2005-ci il 13may tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilib. Qərara əsasən şəkərli diabet xəstələrinə gündə 2 həb hesabı ilə ildə 720 həb verilməsi təyin olunub”.

Qeyd edək ki, şəkərli diabetdən əziyyət çəkənlərin Nazirlər Kabinetinin müəyyən etdiyi dərman sayının azlığı ilə bağlı problemi dəfələrlə gündəmə gəlib. Xəstəxanaların qarşısında çəkilib paylaşılan fotolardan aydın olub ki, onların dərmanla təmin olunması zamanı uzun növbələr yaranır.
“Həkim 4 dərman yazıb, poliklinika isə ikisini verir” - GİLEY

Xeberdar.net

XƏBƏR LENTİ