Talıbovlar Naxçıvanı silkələyir - fəhlələr niyə tətil edir?

254 17-03-2023, 13:12 cemiyyet

Talıbovlar Naxçıvanı silkələyir - fəhlələr niyə tətil edir?Naxçıvanlı jurnalist Tural Səfərov: “Məqsəd Vasif Talıbovun dövründə hər şey daha yaxşı idi görüntüsünü yaratmaqdır”
Naxçıvanda “Arkoz Holdinq”ə məxsus fabrik və zavodlarda çalışan yüzlərlə fəhlə martın 14-dən etibarən tətilə başlayıb. Bu haqda “Gündəlik Naxçıvan”a tətilə qoşulan fəhlələr məlumat veriblər. Bildirilib ki, buraya “Daş Məhsulları Sənaye Kompleksi”, “Bellissa Mebel Fabriki”, “Plastik Məhsulları İstehsalı” və digər müəssisələr daxildir. Fəhlələr üç aydır maaşlarının verilməməsinə etiraz edirlər. Onlar bildirirlər ki, problemlə bağlı rəhbərliyə dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmayıb. Tətilçilərdən deyir ki, üç ay ərzində xeyli borca düşüblər və bu etiraz aksiyasını keçirməkdən başqa çıxış yolu qalmayıb.

Fəhlələrin kütləvi tətil etməsini “Arkoz Holdinq”dən də təsdiq ediblər. Holdinqin adının çəkilməsini istəməyən əməkdaşı bildirib ki, rəhbərlik problemin tezliklə həll olunmasına çalışır: “Maaşların üç aydır verilməməsinə görə işçilər işləməkdən imtina ediblər. Yoxlamalar oldu, müəyyən maliyyə problemləri var. Hələlik bu problemləri həll etməyə çalışırıq. Tətillə bağlı bu gün holdinqin rəhbərliyi işçilərlə danışıb. İşi davam etdirməyi tələb edib, yaxın günlərdə maaşların ödəniləcəyinə söz verib. Lakin işçilər israrla maaşları verilməyənə qədər işə çıxmayacaqlarını bildiriblər”.

Maraqlıdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub.

“TNS” İnformasiya Agentliyinin baş redaktoru, naxçıvanlı jurnalist Tural Səfərov “Yeni Müsavat”a deyib ki, “Arkoz Holdinq”in Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən fabrik və zavodlarında yüzlərlə fəhlənin tətil etdiyi ilə bağlı xəbər bir az şişirdilmiş formada təqdim edilib. Doğrudur, belə bir problem olub. Amma bu problem Vasif Talıbovun Naxçıvana rəhbərlik etdiyi, onun oğlu Rza Talıbovun “Gəmiqaya” Holdinqin ortağı olduğu dövrdə məqsədli şəkildə yaradılan problemdir.

Baş redaktor bildirib ki, hələ Vasif Talıbovun Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə Emin Uçarın rəhbərlik etdiyi şirkətlərə süni əngəllər yaradır, bu müəssisələrin istehsal etdiyi məhsulların satışına mane olurdular: "Məqsəd sahibkarı tamamilə müflisləşdirmək idi. Çünki Emin Uçar Vasif Talıbovun tələbləri ilə razılaşmamış, min bir əziyyətlə qurub yaratdığı şirkətləri onun övladlarına vermək istəməmişdi. Ona görə də Vasif Talıbov Emin Uçara məxsus şirkətlərin fəaliyyətinə əngəllər yaratmışdı. Bugünkü problemlər məhz Vasif Talıbovun dövründən miras qalmış problemlərdir. Bu xəbərin belə şişirdilmiş formada təqdim edilməsi, yüzlərlə fəhlənin guya tətil etdiyi ilə bağlı məlumatların sosial şəbəkələrdə paylaşılması Vasif Talıbovun komandasının daha bir sabotajıdır. Məqsəd Vasif Talıbovun dövründə hər şey daha yaxşı idi görüntüsünü yaratmaqdır".

Tural Səfərov deyib ki, “Gəmiqaya” şirkəti ləğv edildikdən, Emin Uçara məxsus olan fabrik və zavodlar “Arkoz Holdinq”in tabeliyinə keçirildikdən sonra bir sıra texniki və sənədləşmə məsələləri ortaya çıxıb: "Bizdə olan məlumata görə, əməkhaqlarının gecikdirilməsinin səbəbi məhz budur. Holdinqin istehsal müəssisələrində çalışan işçilərin əmək haqqı artıq ödənilib.

Bizdə dəqiq məlumat var ki, "Arkoz Holdinq"ə məxsus şirkətlərin heç birində işçilər tərəfindən rəsmi tətil elan edilməyib. Hazırda fabrik və zavodlarda iş hər zamankı ritminə uyğun şəkildə davam etməkdədir. Görəsən, bu məsələni bu qədər böyütmək, yüzlərlə işçinin tətil etdiyi kimi təqdim etmək kimlərin marağındadır? Əlbəttə ki, Vasif Talıbovun komandasının. Amma heç nəyə nail ola bilməyəcəklər. Naxçıvanda hər şey yaxşı doğru dəyişəcək".

“Arkoz Holdinq”ə məxsus zavod və fabriklərdə əmək haqlarının 3 ay müddətində verilməməsi və yüzlərlə işçinin dünəndən etibarən kütləvi tətilə başlaması barədə mediada və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir. TNS xəbər verir ki, bu barədə “Arkoz Holdinq” açıqlama yayıb. Qeyd olunub ki, “Arkoz Holdinq”ə daxil olan bütün şirkətlərə məxsus zavod və fabriklərdə işçilərin ödəmə vaxtı çatmış aylar üçün əməkhaqları artıq ödənilib.

“Bildiririk ki, "Arkoz Holdinq"ə məxsus şirkətlərin heç birində işçilər tərəfindən rəsmi tətil elan edilməyib. Kütləvi informasiya vasitələrinə ötürülən məlumatlar fərdi xarakterli olub provokasiya məqsədi daşıyır. Hazırda fabrik və zavodlarda iş hər zamankı ritminə uyğun şəkildə davam etməkdədir", - açıqlamada vurğulanıb.

XƏBƏR LENTİ