8 türkü öldürən terror təşkilatının qadın üzvündən etiraf...

219 23-05-2023, 11:04 kriminal / dunya

8 türkü öldürən terror təşkilatının qadın üzvündən etiraf...Milli Sosialist Yeraltı terror təşkilatının üzvü Beti Şkape qətllərin qarşısını almadığını etiraf edib...

Almaniyada 8-i türk olmaqla 10 nəfəri qətlə yetirən Milli Sosialist Yeraltı (NSU) terror təşkilatının yeganə tanınan üzvü Beti Şkape fürsəti olsa da, qətllərin qarşısını almadığını etiraf edib.

Poliqon Anadolu Agentliyinə istinadla xəbər verir ki, 2000-2007-ci illərdə irqçi qətllər törədən terror təşkilatı NSU-nun fəaliyyətini və əlaqələrini araşdırmaq üçün Bavariya Əyalət Məclisində yaradılan 2-ci NSU İstintaq Komissiyası həbsxanada təşkilatın başçılarından olan Beti Şkapeni dindirib.

Beti Şkape Komissiya üzvlərinə "özümü tətiyi çəkmiş kimi günahkar hiss edirəm. Mən iki Uvenin (Uve Böhnhard və Uve Mundlos) həyatını qurbanlardan üstün tutdum", deyib.

Münhendə NSU məhkəməsinin bitməsindən 5 il sonra ilk dəfə danışan Beate Şkape sualları birbaşa cavablandırıb. O, məhkəmədə yalnız yazılı ifadələr vermişdi və hökmün elan olunduğu iclasda yalnız iki dəfə danışmışdı.

Komissiya sədri Toni Şuberl Almaniya mətbuatına açıqlamasında “Bunu gözləmirdik. Komissiyadan kənar insanların çoxu onun bizimlə heç vaxt danışmayacaqlarını düşünürdü”, deyib.

Qeyd edək ki, 2000-2007-ci illərdə 8-i türk olmaqla 10 nəfəri qətlə yetirən, ən azı 2 bombalı hücum və 15 bank soyğununu həyata keçirən NSU terror təşkilatı üzvlərinin varlığı və rolu 4 noyabr 2011-ci ildə təsadüf nəticəsində üzə çıxıb.

Neonasist terror təşkilatının uzun illər Almaniya təhlükəsizlik orqanları tərəfindən aşkarlana bilməməsi və NSU üzvlərinin keçmişdə bəzi kəşfiyyat məlumatçıları ilə əlaqəsinin olmasının ortaya çıxması Almaniyada böyük müzakirələrə səbəb olub.

4 noyabr 2011-ci il tarixindən bir neçə gün sonra Almaniyanın daxili kəşfiyyat xidməti olan Konstitusiyanın Müdafiəsi Təşkilatında istifadə edilən ifrat sağçı qruplar və məlumatçılarla bağlı bəzi sənədlərin məhv edilməsi də böyük şübhələr yaradıb.

NSU üzvləri Uve Böhnhard və Uve Mundlos 4 noyabr 2011-ci ildə bank soyğunundan sonra gizləndikləri yerdə ölü tapılıb və onların intihar etdikləri iddia edilib.

Terror təşkilatı NSU-nun Münhen Ali Regional Məhkəməsində 2013-cü ildə başlayan məhkəməsində qərar 11 iyul 2018-ci ildə elan edilib, əsas müttəhim Beti Şkape ömürlük həbs cəzasına məhkum olunub, terrorçulara kömək edən 4 müttəhim haqqında 2,5 ildən 10 ilə qədər həbs cəzası kəsilib.

XƏBƏR LENTİ