Prezident İlham Əliyev əksər çıxışlarında ölkədə aparılan islahatlar zamanı əsasən gənc kadrlara üstünlük verilməsi ilə bağlı dəfələrlə tövsiyələr vermişdir. Azərbaycanda gənc kadrlara ehtiyac olduğunun İ.Əliyevin öz dilindən eşidilməsi Prezidentin gəncliyi “Çiçəklənən Azərbaycan” lahiyəsinə hazırlaması kimi qəbul edilmişdir.
Təəssüf hissi ilə qeyd etməliyik ki, ölkə başçısının arzularına və xalqa verdiyi sözlərin reallaşmasına suni maneələr yaradanlar, bütün sahələrdə gənc kadrlara yer verilməsinə baxmayaraq, bu prosesdən kənarda qalan qurumlar da az deyil. Zənnimizcə, bunun bariz nümunəsi kimi Ədliyyə Nazirliyini göstərmək mümkündür. Lakin inanırıq ki, nazir Fikrət Məmmədov da tezliklə ölkədə aparılan islahatlar dalğasına təkan verərək, rəhbərlik etdiyi qurumda mühüm dəyişikliklər həyata keçirəcəkdir…
Qeyd etdiyimiz kimi, hazırda kadrların gəncləşdirilməsi sahəsəində əksər qurumlardan geri qalan Ədliyyə Nazirliyi, bu səbəbdən də yaşlı və qoca əməkdaşların ümidinə buraxılıb. Məsələn, Masallı şəhəri, H.Əliyev prospekti 93 ünvanında yerləşən İcra və Probasiya Şöbəsinin rəhbərliyini dediklərimizə nümunə göstərə bilərik. Hansı ki, bu idarədə bir çox kadrlar köhnə Sovet nostalgiyası ilə yaşayan, hələ də kommunist təfəkküründən əl çəkməyən yaşlı insanlardır. Bu baxımdan, təəssüflə qeyd edirik ki, Azərbaycanın ədliyyə sistemi hələ də Rusiyanın ədliyyə məktəblərinə möhtacdır. Belə bir vəziyyətdə isə, bir sıra rayonlar kimi, Masallı rayon İcra və Probasiya Şöbəsinin 60 yaşlı rəhbərinin idarəçiliyindən inkişaf gözləmək sadəlövhlük olar. Əksinə, bu gözləntilər gün keçdikcə rayon sakinlərinin narazılığının daha da böyüməsinə gətirib çıxarmaqdadır.
Əlbəttə, belə bir iddia ilə çıxış etməyimiz heç də səbəbsiz ola bilməz və bunu yaradan amillər mövcudur. Bu amillər isə həmin yaşlı məmurun qanun və qaydalara zidd addımları, qərarlarıdır...
Qeyd edək ki, Masallı rayon sakinləri ilə apardığımız proflaktik söhbət zamanı xeyli sayda rayon sakini İcra və Probasiya Şöbəsinin qanunsuz əmələrindən şikayətlərini dilə gətirib. Sakinlər deyir ki, Masallı rayon İcra və Probasiya Şöbəsinin rəisi Söhlət Şahverdiyevin 14 yanvar 2024-cü il tarixində 60 yaşı tamam olacaq. Yaxınlarının sözlərinə görə, o, bundan sonra da öz yerini gənclərə vermək istəmir və müqavilə əsasında çalışmaq arzusundadır. “Bu arzularını çin etməsi üçün isə, onun indiyədək nə qədər icra edilməmiş iş qalıbsa, onların sürətlə həyata keçirmək və bunu bir naliyyət kimi yuxarı instansiyalara təqdimat etmək niyyəti vardır”, - deyə məlumatlı mənbə bildirir. Bir sözlə, pensiya yaşına çatan Sölət Şahverdiyevin kreslosundan hələ ayrılmaq niyyəti yoxdur. Görünən də odur ki, Masallıda “qocalıq cavanlığın kürəyini yerə vurmağa meyllidir”.
O ki qaldı Masallı rayon İcra və Probasiya Şöbəsi rəhbərliyinin qanunsuz əməllərinə, bu haqda redaksiyamıza daxil olan məktubda da qeyd olunur. Belə ki, Masallı rayonu, İsgəndərli kəndi, Bahadur Məmmədov küçəsi, ev 92-də yaşayan Yaqubova İncibəyim Əziz qızı İcra və Probasiya Şöbəsinin əməkdaşlarını “uşaq oğurluğunda” ittiham edir. Bu haqda Masallı rayon prokuroru Vəli Mustafayevə də məktub ünvanlayan 73 yaşlı xanım qeyd edir: “27.10.2023-cü il tarixində icraçılar Masallı rayonu, İsgəndərli kənd orta məktəbinin direktoruna xəbərdarlıq etmədən məktəbə daxil olaraq, dərs prosesini pozub və 3-cü sinif şagirdi Rəhimova Fatimə Zabil qızını qaçırmağa cəhd ediblər. Məkrli planlarının həyata keçirilməsinə ciddi maneə olduğunu gördüksə isə, ərazini dərhal tərk ediblər. Bu şəxslərin məhkəmə qərarı olmadan bu cür hərəkət etmələri isə müəmmalıdır.
Baş verən qanunsuzluqlardan usanmayan İcra şöbəsinin “fəal” əməkdaşı Amid Hüseynov məkrli planlar qurmaqda kommunist təfəkkürlü rəisindən mənəvi dəstək görür və niyyəti hasil olana qədər durmaq istəmir. Məhkəmə qətnaməsində adları keçən şəxslərə heç bir aidiyyəti olmayan Hamlet Abıyevin nömrəsini taparaq, ondan həyat yoldaşının dərs dediyi sinifdə Fatimə adlı şagirdlə proflaktik söhbət aparılmasının, bu səbədən də onun İcra Şöbəsinə gətirilməsinin vacibliyini bildirir. H.Abıyev icraçının sözlərindən şübhəyə düşdüyündən, ona dəfələrlə sual edir ki, normalda özünüz gəlib apara biləcəyiniz halda, məndən niyə xahiş edirsiniz? Daha sonra isə, “bu problemli məsələdirsə, məni öz işlərinizə alət etməyin”, - deyərək Amid Hüseynova etirazını bildirir. Lakin qanunazidd yollarla da olsa uşağın anasına verilməsi tapşırığını alan A.Hüseynov Hamlet Abıyevin sözlərindən sonra “Ağsaqqal, ayıb olar, uşaq necə səninlə gələcəksə, elə də geri qayıdacaq, onu zorla anasına vermək niyyətimiz yoxdur və öz istəyi olmayan hər hansı şeylərin edilməsinə yol verilməyəcəkdir”, - deyib.
Bu danışıqdan sonra Hamlet Abıyev uşağın nənəsinin də onlarla İcra şöbəsinə getməsin istəyir. Onu icraya dəvət edən Amid Hüseynov H.Abıyevi binanın birinci mərtəbəsində saxlatdırır və azyaşlı ilə rəisin otağına girməsinə icazə vermir.
Uşağın nənəsi Yaqubova İncibəyim Əziz qızı deyir ki, gəlini Rəhimova Şəms Əzizağa qızı da həmin vaxt şöbədə olub. Bu zaman məlum olub ki, rəis Şöhlət Şahverdiyevin otağında uşağı anasına getməyə razı salmaq istəyiblər. Lakin bütün basqılara baxmayaraq, 3-cü sinif şagirdi nənəsindən başqa heç kimi istəmədiyin deyərək, anasından imtina edib. Bundan sonra gəlini tərəfindən hər kəsin yanında təhqirlərə məruz qalan İ.Yaqubovanın halı pisləşib. Bu zaman binadan çıxan 73 yşlı nənənin yoxluğundan istifadə edərək, Fatiməni qaçırmağa cəhd göstərilib. “Şəms Rəhimova ilə birlikdə olan naməlum şəxs və Amid azyaşlı uşağı zorla inzibati binanın ikinci mərtəbəsindən sürüyərək birinci mərtəbəyə endirib, orada maşına mindirmək istəyərkən icra məmurlarından işə aidiyatı olmayan şəxs müdaxilə etdi, Fatiməni onların əlindən alaraq mənə təhvil verdi”, - nənəsi bildirir.
Məktubda bildirilir ki, bu zaman Fatimənin nənəsinin əlindən yapışaraq binadan uzaqlaşdığını görən rəis Şölət Şahverdiyev tez qaçaraq onlara çatır. O, Fatiməni nənəsinin əlindən zorla alaraq, zorla kimliyi bilinməyən şəxsin maşınına mindirir. Ş.Şahverdiyev daha sonra ona “dərhal burdan uzaqlaş” deyir.
“Psixoloqun iştirakı ilə Fatimə anasından imtina etdiyi halda Şahverdiyevin bu əməlləri hansı qanunlara sığır”, - deyə nənəsi sual edir.
Bakunews.az olaraq bu məsələni araşdırmasını apararkən Masallı rayon İcra və Probasiya şöbəsində illərdir bağlı qalan və icraatda olan milyonluq borclar və necə belə işlərin icra edilmədiyi haqda məlumatlar əldə etdik. Fatimə ilə bağlı Amid Hüseynovun icratında olan qərar cəmi iki aydır məhkəmə tərəfindən verilib. Lakin bir sahibkarın məhkəmə qərarı ilə dövlətə olan 1 milyon manat borcunun ödənilməsi haqda çıxarılan hökmün icraası illərdir A.Hüseynov tərəfindən təmin edilmir.
73 yaşlı nənə iddia edir ki, “Şəms Rəhimova Şöhlət Şahverdiyevə və digər əməkdaşlara xərclədiyi 1600 manatın müqabilində onlar bu cür öhdəlik götürüblər”. Hər halda, güman edirik ki, bu Ş.Şahverdiyev qarşı tərəfin iddiasını cavablandırmaqdan çəkinməyəcək…
M.Seyidoğlu
Bakunews.az
P.S. Mövzu ilə bağlı araşdırmamız davam edir. Növbəti yazımızda Masallı rayon İcra və Probasiya Şöbəsi əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı daha ciddi faktları təqdim edəcəyik.
P.P.S. Yazıda adları qeyd olunan qurumların və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az