“Gurultulu” xəbər başlıqları qeyri-peşəkarlıq və ucuz reklamdır” – DİN

518 30-05-2018, 14:33 cemiyyet

“Gurultulu” xəbər başlıqları qeyri-peşəkarlıq və ucuz reklamdır” – DİN
“Bəzi xəbər saytlarında Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları barəsində yayılan məlumat qərəzlidir.”

Bunu “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Qərb Regional Qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov deyib.

O bildirib ki, dələduzluğa görə əvvəllər məhkumluq həyatı yaşayan və əsassız şikayətlərlə gündəmdə olan Gəncə şəhər sakini Gulnar Muradovanın (Gülnar İbadova) dediklərini dəqiqləşdirmədən yayan xəbər saytlarının gördükləri iş qeyri-peşəkarlıq və ucuz reklam əlamətidir: “Gülnar İbadovanın iddia etdiyi “Qızıl ev” çay evində kriminal qruplaşmalardan hər hansı birinin dava salması barədə iddialar tamamilə əsassızdır. Belə ki, bu il fevralın 7-də adı çəkilən çay evində iki şəxsin mübahisəsi sonradan davaya çevrilib, oradakı şəxslər isə onları ayırmağa çalışıblar. Hadisə barədə məlumat daxil olduqdan sonra dərhal Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Hədələnməsi, ona maddi ziyan dəyməsi barəsində Gülnar Muradovanın fikirləri həqiqəti əks etdirmir və bu, aparılan araşdrıma zamanı öz təsdiqini tapmayıb”.

Baş inspektor əlavə edib ki, ölkənin hıər yerində olduğu kimi Gəncə şəhərində də polis əməkdaşları cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahələrində üzərlərinə düşən vəzifələri vətəndaş məmnunluğunu təmin etməklə layiqincə yerinə yetirirlər: “Bu barədə doğru-dürüst məlumatlar, obyektiv yazılar hazırlamaq, polis-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə vəsilə olmaq əvəzinə, əsassız iddialarla, ilk baxışdan da süni ajiotaj yaratmağa hesablanmış xəbərlər, “gurultulu” başlıqlar yazmaq sadəcə qeyri-peşəkarlıq və ucuz reklam əlamətidir. Yazı müəllifinin heç bir əsas olmadan vətəndaşın kriminal qrupa üzv olmasını iddia etməklə fotoşəklini yayımlaması ən azından peşə etikasına zidd hərəkət və qanunsuz əməldir”.

Xeberdar.net

XƏBƏR LENTİ