Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: HƏSƏN BƏY ZƏRDABİ (7.Yazı)

922 9-02-2019, 14:34 kose / siyaset

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: HƏSƏN BƏY ZƏRDABİ (7.Yazı)

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)


Ümumiyyətlə, idrak məsələsində H.b.Zərdabinin gəldiyi qənaətə görə, dərketmə sonsuzdur, çünki hər dövrdə alimlər ortaya çıxıb yeni nəzəriyyələr irəli sürürlər və həmin nəzəriyyələr real həyatda reallaşanda insanlar əvvəlki fikirlərini dəyişirlər. Bu da o deməkdir ki, insanın nəzəri idrakı inandırıcı olanda, sonradan onun gerçəkləşməsi də çətin olmur. O yazır: “Zaman keçdikcə elm xadimləri arasında geniş görüş dairəsinə malik elə görkəmli şəxsiyyətlər meydana gəlirlər ki, onlar toplanmış elmi məlumatlara əsaslanaraq öz nəzəriyyələrini söyləyirlər və beləliklə də bütün insanları sanki ayıldıb ətrafa nəzər salmağa və bu şəxsiyyətlər tərəfindən göstərilmiş yeni yolla, tədqiqat və axtarışların əyrim-üyrüm cığırlarına üz qoymağa məcbur edirlər. bu şəxsiyyətlər elm xadimlərinin rəhbərləridir, onlarsız elm müxtəlif xam materiala yüklənərək həqiqətlərə və biliklərə doğru gedən yolu işıqlandırmaq əvəzinə, onu zülmətə bürüyə bilər”. İdrakda həqiqət probleminə də toxunan Zərdabiyə görə, həqiqət elə bir şeydir ki, o, ancaq reallığı, faktikliyi, konkretliyi özündə əks etdirməlidr. Əks təqdirdə hər ortaya atılan istənilən müddəa da həqiqət hesab oluna bilər ki, bu da doğru deyildir.
Zərdabinin dünyagörüşündə az da olsa dialektika ünsürləri də görmək mümkündür. Zərdabi irsinin arşadırmaçısı İzzət Rüstəmova görə, Zərdabi də kortəbii surətdə dialektik təfəkkür tərəfini mənimsəmiş, kainatın inkişafı haqqında özünəməxsus fikirlər söyləmişdir: “Həsən bəy Zərdabi qeyri-üzvi materiyanı inkişaf halında nəzərdən keçirir, həmçinin üzvi materiyanın əmələ gəlib inkişaf etməsi məsələsinə toxunur və onu düzgün həll edir. Zərdabiyə görə üzvi təbiətin inkişafının davamı və bilavasitə onun məhsuludur. Belə bir nöqteyi-nəzər metafizika ilə yanaşı, idealizmə də zərbə idi”. Doğrudan da Zərdabi bir məqaləsində hərəkətin insandan kənarda olub obyektiv xarakter daşımasını yazmışdır. O yazır: “Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin. Necə ki, məsəldir deyərlər: “Zəmanə sənə saz olmasa, sən zəmanəyə saz olgunan”. Pəs olmaz ki, dünyadə həmişə bir qaidə ilə rəftar olsun. Bizim zəmanə dəyişilməyi, əlbəttə, hər anlayan kəsə məlumdur və bu tövr zəmanənin dəgişilməgi bizim ilə deyil, həmçinin biz qadir degilik ki, zəmanəni dəgişilmikdən saxlayaq”. Bu anlamda Zərdabi istisna etmir ki, aləm daim dövran etsə də, ancaq bir gün Günəş sistemi sönəcək və yeni bir Günəş sistemi yaranacaqdır. Çünki kainatın quruluşu odur ki, daima dəyişiklik olsun, köhnələri yenilər əvəz etsin.
Zərdabinin dünyagörüşündə etik və estetik görüşlərdə mühüm yer tutmuşdur. Zərdabi tutduğu vəzifə və var-dövlətindən asılı olmayaraq insanların yüksək əxlaqa sahib olmasını önəmli hesab etmişdir. Ona görə bir cəmiyyətdə heç kəs heç kəsə qul olmalı deyildir. O yazır: “Əgərçi bizim şəriətimizə görə qulu azad etmək çox böyük savabdır, amma biz bu barədə həm işi gec qanmışıq. Satınalma qulu azad etməyi savab hesab edə-edə, biz öz xahişimiz ilə bir-birimizə qul olmuşuq. Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustada və qeyrə məgər qul deyil!... Həqiqət, bizlərdə oğul atanın quludur. Məlumdur ki, bizlərdə oğul kimi atanın hüzurunda oturmaq, xörək yemək, danışmaq və qeyrə eyibdir!..». Ancaq Zərdabinin hesab etməsi ki, uşaqlara bu cür mənfi münasibətin əsasında ata-baba adətləri dayanır, yanılırdı. Çünki Azərbaycan türklərinin ata-baba adətlərində hər bir zamanda, ailədə hər kəsin öz yerinin və hüququnun olması bəllidir. Sadəcə, Zərdabi son dövrlərdə tənəzzülə doğru gedən müsəlman-türk cəmiyyətlərində sonradan ortaya çıxmış gerilkçi “adətləri” nəzərdə tutaraq bu kimi fikirləri ifadə etmişdir. Məhz son dövrlərdə ortaya çıxmış gerlikçi “adətlər”i nəzərə alaraq Zərdabi yazırdı ki, bu cür “adətlərlə” uşaqları təlim-tərbiyə etmək olmaz: “Xülasə, nə qədər qabiliyyətli uşaq olsa, bizim adətlər ilə olunan təlimdən insan ola bilməz. Biz övladın yağısı olub, onun axırına çıxıb, nsaniyyətlikdən uzaq edirik”.
Onun fikrincə, öz uşağına tərbiyə və elm verə bilməyən müsəlman elmli bir müəllim tapmağa məcburdur ki, ancaq müsəlmanlar arasında isə bu cür müəllimlər yoxdur. Bu baxımdan müsəlman uşaqlarının tərbiyə və təhsil almaq məsələsi Zərdabini daim narahat etmiş, millətsevərləri yeni tipli məktələr açmağa səsləmişdir: «Pəs millət, dövlət qeyrəti çəkən qardaşlar gərək xəyalat və qəvaidi-mövhuməni kənara qoyub başarıq və qüvvə sahibləri əsbab, alati-tərəqqiyyat və məktəbxanalar bina edib maşın və ustadlar gətirib və ətraflı qaideyi-ülum ilə tərbiyət etsinlər, ta kəm-kəm baxəbər olub öz məaşi-əbdanına lazım olan işləri əmələ gətirsinlər. Axır, insaf, təfəkkür yaxşıdır: laməhalə bunu mülahizə etmək ki, haçanacan sair millətlərə möhtac olaq, bizim Quran və kitablarımız xarici kağızlarında yazılsın və bizim ətfal və cavanlar bikar, bielm, bitərbiyət olub əksəri əcamirü ovbaşlar ilə papağın kəc qoyub küçələrdə yar-yar oxuyub gəzsinlər?».
Deməli, uşaqlara bu cür gerilikçi “adətlərlə” münasibətin bəslənməsi onların əxlaqına mənfi təsir göstərir. Ona görə də, o, uşaqlara və qadınlara yuxarıdan aşağı baxılmasını qətiyyən qəbul etmir, yeni məktəblər inşa edib, orada onlara təlim-tərbiyə verilməsini diləyirdi. Onun fikrincə, uşaqların, xüsusilə də qadınların bir cəmiyyətdə aşağılanması, bütövlükdə həmin cəmiyyətin özünə ən ağır zərbədir. Ancaq bu məsələdə də Zərdabi Avropa alimlərinin ifrat dərəcədə ortaya atılmış mülahizələrinə əsaslanaraq qədim dövrlərdən indiyədək qadınların daim aşağılandığına inanmışdır: “Məsələn, bizlərdə olan qız götürüb qaçmaq və övrəti qul kimi və ya bir şey kimi özünə təəllüq hesab etmək adətinin necə əmələ gəlməyini hükəma belə bəyan edir: Keçmişdə kəbin olmayıb. Hər camaatın övrətləri ol camaatın kişilərinin olub. Belədə bir kişi bir övrət məxsusi onun olmağını istəyəndə labüd qalıb onu qeyr camaatdan oğrulayıb: yəni kəbinin əsli övrət oğrulamaqdan əmələ gəlib. Və bir də keçmişdə qeyr tayfadan oğrulanan, yəni əsr olan kəslər qul hesab olunub. Bu səbəblərə çox kəs indiyəcən övrəti götürüb qaçır ki, onu əsir edirəm və ondan sonra onu özünə qul hesab edir ki, guya əsir edibdir”.
Qadınlara qul kimi baxılmasının hər hansı cəmiyyətə başucalığı gətirmədiyini inanan Zərdabiyə görə, onların savadlanmasına çalışaraq cəmiyyətdəki yerlərini doğru müəyyənləşdirmək lazımdır. Çünki qadınlar savadsız qalarsa, o zaman kişilərin savadlı olmasının çox da əhəmiyyəti olmur. Buna nümunə kimi Osmanlı dövlətini göstərən Zərdabi yazır ki, bu dövlətin məktəblərində yalnız oğlanlar oxuyurlar və qadın tayfası elmdən xəbərsizdir: “Ancaq tərbiyətin binası ana ilədir, uşaq 7-8 yaşına gəlincə ona ana tərbiyət edir, ona görə qadın tayfası tərbiyətsiz qaldığına, Osmanlı dövlətinin kişilərə elm öyrətməyindən ol qədər xeyir olmur”.
Zərdabi insan əxlaqının formalaşmasında əməyin, zəhmətin rolunu da yüksək dəyərləndirmişdir. Azərbaycan Türk aydınına görə, qədim dövrlərdə bəzi millətlərdə əməklə məşğul olmaq doğru hesab edilməyib, öz işlərini qullara gördürsələr də, bütövlükdə əməyin insan həyatının tarixində yeri çox böyük olmuşdur. Bu anlamda indinin özündə də bir çoxlarının, o cümlədən gənclərin əməyə xor baxmasına Zərdabi dözə bilmirdi: “Küçələrdə cavanlarımız ya papağını əyri qo¬yub ay balam, ay balam çağırır, ya bir-birinə yaman deyir, meydanlarda kimi dərviş nağılına qulaq asır, kimi xoruz, kimi qoç döyüşdürür. Xülasə, heç bir həvəs ilə zəhmət çəkən yoxdur, hamı ya tənbəllik edib işdən qaçırıq, ya bikar oturub Allahdan buyruq deyirik.. Pəs qardaşlar, zəhmətinizi artırın ki, bekarlıq və tənbəllik insan üçün zəhərdir”.
Zərdabinin etik görüşlərində vətən və millət əxlaqı, yəni vətən və millət üçün təmannasız çalışmaq əxlaqı ən yüksək səviyyədə təzahür etmişdir.
Zərdabinin estetik görüşləri isə, ədəbiyyat və incəsənətin müxtəlif siniflərin mənafeyində hansı şəkildə öz əksini tapması məsələləri ilə bağlı olmuşdur. Bununla bağlı zərdabşünas İ.Rüstəmov yazır: “Zərdabi hakim sinfin istək və arzularını, onların zövqlərini ifadə edən ədəbiyyat və incəsənəti zəhmətkeş xalqın mənafeyini müdafiə edən, köhnə cəmiyyətin çirkinliklərini açıb göstərən, mövcud quruluşa itthamnamə oxuyan və xalqa azadlıq yolu göstərməyə çalışan ədəbiyyat və incəsənətlə qarışdırmamışdır. Dövrün tələbatını, xalqın ehtiyaclarını əks etdirməyən ədəbiyyatı Zərdabi olduqca pisləmişdir. O, şairləri və yazıçıları zamanın tələblərinə uyğun olaraq iş görməyə çağıraraq, qeyd edirdi ki, şairlər, yazıçılar, rəssamlar, xalqın ehtiyaclarını əks etdirən, xalqa edilən zülmləri göstərən şeirlər, əsərlər yazmalı, xalqı maarifləndiməli və mübarizəyə çağırmalıdır”. Zərdabinin estetik görüşləri müxtəlif məqalələrində, o cümlədən “Əkinçi”də qələmə aldığı yazılarında və “Türk nəğmələrinin məcmuəsi” (1900) adlı kitabçasında öz əksini tapmışdır.
Ümumiyyətlə, Zərdabinin dünyagörüşündə dini-fəlsəfi və istimai-siyasi məsələlər xüsusi çəkisi ilə seçilmişdir. Belə ki, Zərdabi İslam-Şərq-Türk mədəniyyətinin və fəlsəfəsinin əsas mahiyyətindən uzaqlaşmadan, eyni zamanda Qərbin mütərəqqi cəhətlərinin mənimsənilməsinin vacibliyini də dərk etmişdir. Bu anlamda hələ, “Əkinçi” qəzetində dini elmlərlə yanaşı dünyəvi elmlərin də öyrənilməsinin zəruriliyini müzakirə obyektinə çevirən Zərdabinin bununla yanaşı, müsəlman xalqları arasında ən azından mənəvi anlamda birliyin olmasını diləməsi də diqqətəlayiqdir. Bizcə, Zərdabi də Əfqani kimi, İslam birliyindən bəhs edərkən burada daha çox müsəlman xalqlarının antiislam, antitürk, antiinsani mövqedə dayanan qüvvələrə qarşı özünümüdafiə hərəkatını başa düşmüşdür. Həmin dövrdə, müsəlman xalqlarında milli özünüdərkdən çox dini hissiyyat güclü olduğu, eyni zamanda milli özünüdərkində Qərbsayağı formada reallaşması ortada olduğu halda Zərdabinin mənəvi mahiyyətli bir islam birliyini arzulaması təbii idi. Ancaq Zərdabi də yaxşı anlayırdı ki, hər hansı müsəlman xalqı milli mədəniyyətinə sahib çıxmadığı təqdirdə, kor-koranə islam birliyi də mənasızdır.
Məhz belə bir şəraitdə, istər-istəməz Qərb mədəniyyətindən də yararlanmağın əhəmiyyətini anlayan Zərdabi ancaq bunun kor-təbii şəkildə deyil, əsasən milli-dini dəyərlərmizə zidd olmayacağı formada həyata keçirilməsinin tərəfdarı olmuşdur. Bizcə, müəyyən məqamlarda Zərdabinin milli-dini adət-ənənələri köhnəlmiş hesab etməsi yanlış olsa da, bütövlükdə o da, Əfqani kimi İslam-Şərq-Türk mədəniyyətinin türk xalqlarının həyatındakı rolunu doğru görə bilmişdir. Hər halda o, ömrünün son çağlarında milli varlığın ifadəsi baxımından dil birliyini (Türk birliyi) və din birliyini (İslam birliyin) açıq şəkildə müdafiə etmişdir. Bu o demək idi ki, Zərdabi hər hansı müsəlman xalqının, o cümlədən müsəlman türk xalqının milli varlığında dil və din birliyini çox zəruri hesab etmişdir. Üstəlik, milli-dini məsələlərə baxışda Qərb mədəniyyətinin məqsəd deyil, vasitə olmasını da yaxşıca anlamışdır.
Zərdabinin fəlsəfi, etik və estetik görüşləri isə daha çox təfəkkürün varlığa ruhun təbiətə, idrak məsələlərinə və dialektik metodlara münasibətdə öz əksini tapmışdır. Türk mütəfəkkiri bu məsələlərə bəzən materialist, bəzən də idealist şəkildə yanaşaraq özünəməxsus fikirlər ifadə etmişdir. Bütün hallarda Zərdabinin ictimai fikirləri ilə yanaşı fəlsəfi görüşlərinin də Azərbaycan Türk fəlsəfə tarixində mühüm yet tutduğuna inanırıq. Çünki Zərdabi ictimai görüşlərində olduğu kimi, fəlsəfi baxışlarında da dəyərli fikirləri ilə milli fəlsəfi fikir tariximizə öz damğasını vura bilmişdir.

XƏBƏR LENTİ