Ermənilərin Şuşaya calamaq istədiyi bütün "qardaşlıqlar" tarixin zibilliyinə atıldı

1 388 17-01-2021, 20:40 kose / siyaset / cemiyyet

Faiq Ələkbərli: “...bu, Azərbaycanın dünyadakı mövqeyini və mənafeyini daha da gücləndirəcək”
Ermənilərin Şuşaya calamaq istədiyi bütün "qardaşlıqlar" tarixin zibilliyinə atıldı
Şuşa işğaldan azad olunub və dövlətçilik, mədəniyyət tariximizdə önəmli rola malik olan bu şəhərimizdə tamamilə yeni həyat başlayır, tikinti, quruculuq-bərpa işlərinə start verilir.

Şuşa bu gün nəinki Azərbaycanın və Cənubi Qafqazın, eləcə də bütün İslam aləminin, bütün Türk dünyasının tarixi mədəni mərkəzlərindən biridir, tarixi şəhərimizin bu istiqamətdə beynəlxalq təbliğatı mütləqdir.


Bilirik ki, 28 illik işğal dövründə düşmən Şuşanı mənimsəmək, özününkü kimi qələmə vermək üçün çox saxtakarlığa, uydurma, süni təbliğat vasitələrinə əl atdı. Hətta Ermənistanın və artıq tarixin zibilliyinə gömülən qondarma rejimin bu təxribatçı təbliğatına bəzi Avropa dövlətləri, xüsusən də Fransa canfəşanlıqla qoşuldu, Şuşanın Fransa şəhərləri ilə süni şəkildə “qardaşlaşdırılması” prosesi həyata keçirildi. Lakin bu proses heç bir tarixi əsası olmadığı üçün, elə kağız üzərində qaldı. Bu barədə Fransa hökumətinin verdiyi qondarma qərarların əksəriyyəti isə məhkəmə yolu ilə ləğv olundu. Bundan başqa, Azərbaycan Ordusunun misilsiz şücaəti, qəhrəmanlığı nəticəsində Şuşa işğaldan azad edildi və bununla da düşmənin bütün yaratdığı qondarma məsələlər, o cümlədən də Şuşanın “erməni şəhəri” kimi təqdim edilməsi və müəyyən ölkələrin şəhərləri ilə “qardaşlaşdırılması” məsələsi tarixin zibilliyinə getdi. Çünki heç bir əsası olmayan qondarma nəsnələrin sonu zibillik, çürüntülər arasıdır.

Bu gün Qarabağ şəhərlərinin əsl qardaşlaşma prosesini başlatmaq lazımdır. Tarixi Azərbaycan şəhəri Şuşanın beynəlxalq qardaşlaşmasında, tanıdılmasında yeni mərhələ başlanmalıdır.

“Ermənilərin Şuşanı süni surətdə başqa ölkələrin şəhərləri ilə “qardaşlaşdırması” iflasla nəticələndi”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli baki-xeber.com-a şərhində bildirdi ki, uzun illər ermənilər Şuşanı zorla erməniləşdirmək, Ermənistana birləşdirmək, ermənizmə bağlamaq üçün bir çox təxribata, süni təbliğatlara əl atsalar da, heç nəyə nail ola, Şuşanı öz milli-tarixi kökündən qopara bilməyiblər. “İşğal dövründə Ermənistan Şuşanı azərbaycanlıqdan, türklükdən qoparmaq üçün təxribatçı siyasət apardı və onu erməniliyə bağlamağa, Ermənistana birləşdirməyə çalışsa da, heç nə əldə edə bilmədi. Ermənilərin Şuşanı süni surətdə başqa ölkələrin şəhərləri ilə “qardaşlaşdırması” iflasla nəticələndi, uğursuzluğa düçar oldu.

Biz həmişə Şuşanın Azərbaycan-türk şəhəri olduğunu, buranın bizim dövlətçilik, mədəniyyət tarixi ilə sıx bağlı olduğunu demişik. Bu gün Şuşa işğaldan azad olunub və onun həyatında tam yeni mərhələ başlanır. Şuşanın azadlığından sonra Şuşanın beynəlxalq qardaşlaşdırılması, onun təbliği daha da gücləndirilməlidir. Yəni bizim qarşımızda duran məsələlərdən biri də Şuşanın Azərbaycana həm tarixi, həm milli-mədəni, həm dini, həm də siyasi baxımdan yaxın, doğma olan ölkələrin şəhərləri ilə qardaşlaşdırılması prosesinin həyata keçirilməsidir. Əlbəttə, Şuşa, ilk növbədə, Türkiyənin şəhərləri ilə qardaşlaşdırılmalıdır. Biz əgər Şuşanı Türk dünyasının mədəni paytaxtı kimi düşünürüksə, o zaman Türkiyənin müvafiq şəhərləri ilə onun qardaşlaşdırılması prosesi həyata keçirilsə yaxşı olar. Eyni zamanda, hesab edirəm ki, Şuşanın Pakistanın şəhərləri - Karaçi, İslamabadla da qardaşlaşma prosesi aparıla bilər. Şuşa Ukraynanın şəhərləri ilə də qardaşlaşdırıla bilər. Ukraynada bir sıra qıpçaq türklərin yaşadığı şəhərlər var. Biz nəzərə alsaq ki, Ukraynanın bəzi şəhərlərində qıpçaq və Krım türklərinin izləri çox dərindir, hələ də yaşayırlar, bu baxımdan, qardaşlaşma prosesi aparıla bilər. Sözün açığı, bizə daha yaxın dost olan ölkələrin şəhərləri ilə Şuşa şəhəri arasında qardaşlaşmanın qurulması, yaxud qardaşlaşdırılmış şəhər obrazının yaradılması prosesini həyata keçirmək çox müsbətdir. Ümumiyyətlə, beynəlxalq təbliğatın Şuşanın tarixi Azərbaycan şəhəri, həm də bir Azərbaycan türklüyünün məkanı olması istiqamətində qurulması çox vacibdir”.

F.Ələkbərli hesab edir ki, Şuşa ilə qardaşlaşdırılmış şəhərlər sırasına Orta Asiyanın bir sıra şəhərləri də qoşulmalıdır, biz bu istiqamətdə də prosesi həyata keçirə bilərik. Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın, Türkmənistanın və s. şəhərləri ilə bu prosesi tam həyata keçirməyin mümkün olduğunu deyən F.Ələkbərlinin fikrincə, bütün hallarda, seçimi ağıllı və məntiqli şəkildə aparmaq lazımdır. O qeyd etdi ki, Şuşanın yeni müstəvidə təqdim edilməsi, əslində, onun keçmişinin, tarixinin, mədəniyyətinin, hər bir məsələsinin Azərbaycanla, azərbaycançılıqla, türkçülüklə bağlı olmasını da ortaya qoymuş olacaq. Müsahibimiz bildirdi ki, Qarabağ xanlığı dövründə Xankəndi də Şuşanın bir tərkib hissəsi idi və Qarabağ xanları Xankəndini özləri üçün bir yaylağa çevirmişdilər. Həmsöhbətimiz hesab edir ki, Xankəndinin də Azərbaycanın tərkib hissəsi, Azərbaycan şəhəri olaraq Şuşa ilə yanaşı, beynəlxalq aləmdə təbliğ edilməsi Xankəndinin Azərbaycanın bir parçası olduğunun tanınmasına təkan verəcək, yalançı erməni təbliğatının qarşısı alınacaq. F.Ələkbərlinin sözlərinə görə, Şuşa, əslində, müəyyən anlamda Xankəndi deməkdir, çünki Xankəndi xanların yaylaq yeri olub, sonra isə, məlum olduğu kimi, müxtəlif yollarla erməniləşdirmə, saxtalaşdırılma prosesi aparılıb. “Bütün hallarda, bu istiqamətdə işlərin görülməsi müsbət olardı. Şuşanın beynəlxalq müstəvidə müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşdırılması prosesinin aparılması başlandıqdan sonra bu, Azərbaycanın dünyadakı mövqeyini və mənafeyini daha da gücləndirəcək” - deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA

XƏBƏR LENTİ