"Zəngilan bu gün müasir Azərbaycan dövlətçiliyinin gələcəyə baxışının simvoludur. " - ŞAHİN SEYİDZADƏ

21 Bu gün, 11:17 bolge

"Zəngilan bu gün müasir Azərbaycan dövlətçiliyinin gələcəyə baxışının simvoludur. " - ŞAHİN SEYİDZADƏ

Azərbaycanın tarixi zəfəri ilə işğaldan azad olunan hər bir bölgə bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Bu inkişafın öncül simalarından biri, şübhəsiz ki, Zəngilandır. 20 oktyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən azad edilən bu qədim diyar bu gün “Böyük Qayıdış” proqramının nümunəvi modeli, müasir dövlət siyasətinin praktiki göstəricisidir. Zəngilan, azadlıqdan sonra keçən illər ərzində yalnız bərpa edilmir, eyni zamanda regionun ən müasir, ekoloji və texnoloji cəhətdən dayanıqlı məkanına çevrilir. Zəngilanın təbii-coğrafi mövqeyi onun iqtisadi və strateji rolunu daha da artırır. Şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər uzanan ərazi, şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan Araz çayı boyunca İran, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Bu mövqe Zəngilanı mühüm kommunikasiya və ticarət qovşağına çevirir. Xüsusilə, Zəngilanın azad olunması ilə Azərbaycan-İran sərhədi boyunca 132 kilometr sahə tam nəzarətə götürüldü ki, bu da ölkəmizin regional təhlükəsizliyinə və iqtisadi əlaqələrinə yeni imkanlar açdı. Zəngilan qədim dövrlərdən etibarən kənd təsərrüfatı, maldarlıq və ticarət baxımından mühüm bölgə olub. Müstəqilliyin bərpasından sonra, xüsusilə işğaldan sonrakı mərhələdə bu potensial dövlətin diqqət mərkəzinə gətirildi. “Böyük Qayıdış” konsepsiyası çərçivəsində Zəngilan həm ekoloji, həm də sosial-iqtisadi baxımdan müasir inkişaf modelinə çevrilir. Zəngilanda reallaşan ilk pilot layihə — Ağalı “Ağıllı kənd” layihəsi Azərbaycanın müasir inkişaf konsepsiyasının yeni mərhələsini təcəssüm etdirir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu layihə, regionda dayanıqlı və ekoloji cəhətdən təmiz yaşayış mühitinin formalaşdırılmasına yönəlib. Kənddə 200 evdən ibarət müasir yaşayış məntəqəsi salınıb, bütün sosial infrastruktur — məktəb, uşaq bağçası, tibb məntəqəsi, “ASAN” və “DOST” xidmətləri, ictimai-iaşə və ticarət obyektləri yaradılıb. Əhalinin məşğulluğu üçün müxtəlif sahələrdə iş yerləri təmin olunub. 2022-ci ilin mayında Ağalının ilk sakinləri doğma torpaqlarına qayıdaraq Böyük Qayıdışın real təzahürünü yaşadı. Layihə çərçivəsində ekoloji dayanıqlılıq və enerji səmərəliliyi əsas prinsip kimi götürülüb. Həkəri çayı üzərində inşa edilən 212 kVt gücündə üç Arximed turbinli su elektrik stansiyası, 325 kVt gücündə günəş panelləri və alternativ enerji mənbələri kəndin enerji təminatını dayanıqlı edir. Ev və ictimai binaların izolyasiyalı materiallardan tikilməsi, çirkab suların bioloji üsulla təmizlənməsi, yüksək sürətli optik internet və “ağıllı” müşahidə sistemləri Ağalını dünyanın ən müasir kəndlərindən birinə çevirib. Bu kənd təkcə yaşayış məkanı deyil, həm də Azərbaycanın gələcək kənd modelinin sınaq meydanıdır. Burada tətbiq olunan texnologiyalar və idarəetmə modeli digər azad edilmiş ərazilərdə də həyata keçiriləcək. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 30 oktyabr tarixində “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan”ı təsdiq edib. Bu sənəd, şəhərin sosial, iqtisadi, ekoloji və urbanistik inkişaf istiqamətlərini müəyyənləşdirən əsas yol xəritəsidir. Baş plana əsasən, şəhərin mərkəzində yaşayış massivləri, inzibati binalar, sosial xidmət müəssisələri, park və ictimai istirahət məkanları salınacaq. Zəngilan eyni zamanda “yaşıl şəhər” modeli əsasında formalaşır — alternativ enerji, tullantıların idarə olunması, ekoloji nəqliyyat və ağıllı idarəetmə sistemləri burada əsas prioritetlərdir. Zəngilanın gələcək inkişafında mühüm strateji əhəmiyyət kəsb edən obyektlərdən biri də Zəngilan Beynəlxalq Hava Limanıdır. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı həyata keçirilən bu hava limanı Qarabağ və Şərqi Zəngəzurun logistik mərkəzinə çevrilməsini təmin edir. ICAO və IATA standartlarına uyğun inşa edilmiş bu hava limanı bütün növ təyyarələrin, o cümlədən ağır yük təyyarələrinin qəbuluna imkan verir. Bu obyekt regionun nəqliyyat şəbəkəsinin vacib halqası, həmçinin Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturunun əsas hissəsidir. Zəngilanın iqtisadi dirçəlişini təmin edən əsas istiqamətlərdən biri müasir nəqliyyat infrastrukturudur. Hazırda Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və Zəngilan–Horadiz avtomobil yolu layihələri sürətlə icra olunur. Uzunluğu 124 kilometr olan avtomobil yolu 15 milyon ton illik yük buraxılış gücünə malik olacaq. Bu layihə regionun iqtisadi potensialını genişləndirəcək, həm əhalinin, həm də malların təhlükəsiz və sürətli daşınmasına imkan yaradacaq. Həmçinin, Naxçıvanla birbaşa bağlantının qurulması ölkənin geoiqtisadi mövqeyini daha da möhkəmləndirəcək. İşğal illərində dağıdılmış tarixi abidələrin bərpası Zəngilanda xüsusi önəm daşıyır. XIX əsrdə inşa edilmiş Zəngilan şəhər məscidi işğal zamanı təhqir olunaraq tövləyə çevrilmişdi. Lakin azadlıqdan sonra Heydər Əliyev Fondunun dəstəyi ilə məscid bərpa olunub. Yeni məscid memarlıq baxımından ənənəvi üslubu müasir elementlərlə birləşdirir. İki minarəli, üçnefli, 220 və 100 nəfərlik ibadət zalları olan bu abidə Zəngilanın mənəvi dirçəlişinin simvoluna çevrilib. Minbər və mehrab milli naxışlarla işlənmiş, interyer kaşı və ağac üzərində incə nəqqaşlıq nümunələri ilə bəzədilmişdir. Zəngilan bu gün həm turizm, həm də kənd təsərrüfatı potensialı baxımından sürətlə inkişaf edir. 2024-cü ilin mayında Ağalı kəndində fəaliyyətə başlayan “Ağalı” oteli ekoturizm konsepsiyası əsasında inşa olunub. Hotel Həkəri çayı üzərində yaradılmış süni gölün sahilində yerləşir və bölgənin turizm cazibəsini artırır. Eyni zamanda, “Dost Aqropark” layihəsi Zəngilanın kənd təsərrüfatı sektorunda yeni mərhələ açıb. Azərbaycan və Türkiyə şirkətlərinin birgə yaratdığı bu aqroparkda 500 nəfərlik məşğulluq təmin ediləcək. Burada 10 min baş cins heyvan yetişdirilməsi, toxumçuluq, istixana və ət emalı müəssisələri yaradılması nəzərdə tutulur. Bütün bunlar Zəngilanın yaxın gələcəkdə “Made in Qarabağ” brendi ilə məhsullarını dünya bazarına çıxaran əsas regionlardan birinə çevriləcəyini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı Zəngilanın inkişafında həlledici rol oynayır. Dövlətin məqsədi təkcə ərazilərin bərpası deyil, həm də orada müasir, rifahlı və ekoloji cəhətdən dayanıqlı həyatın qurulmasıdır. Zəngilanın ilk sakinləri artıq doğma yurdlarına qayıdır, yeni evlərdə yaşayır, məktəblərdə təhsil alır, bağçalarda uşaqlar böyüyür, kəndlərdə yeni təsərrüfatlar qurulur. Bu proses Azərbaycan dövlətinin gücünü, xalqın iradəsini və torpağa bağlılığını əyani şəkildə nümayiş etdirir. Zəngilan bu gün müasir Azərbaycan dövlətçiliyinin gələcəyə baxışının simvoludur. Burada həyata keçirilən layihələr bir tərəfdən azad edilmiş torpaqlarda həyatın bərpasını təmin edir, digər tərəfdən ölkənin sosial-iqtisadi inkişafına strateji töhfə verir. 20 oktyabr – Zəngilan şəhəri günü artıq təkcə bir ərazi bayramı deyil, həm də xalqın yenidənqurma iradəsinin, dövlətin yaradıcılıq gücünün və Prezident İlham Əliyevin uzaqgörən siyasətinin təntənəsidir. Zəngilan bu gün olduğu kimi gələcəkdə də “Böyük Qayıdış”ın parlayan ünvanı, azadlığın və dirçəlişin əbədi simvolu kimi qalacaq.

Şahin Seyidzadə
Milli Məclisin Deputatı




Xəbərin müəllifi: Mirzə Mirzəli