Azərbaycan radiosunun tarixi haqqında yeni kitab

509 21-04-2022, 10:19 cemiyyet

Azərbaycan radiosunun tarixi haqqında yeni kitabBakı Dövlət universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, radio problemləri üzrə tanınmış mütəxəssis Sevinc Məmmədovanın “Qovorit Baku” adlı monoqrafiyası işıq üzü görüb.

“Sabah” nəşriyyatında nəşr olunmuş kitabda Bakı radiosunun yayıma başladığı ilk dövrün tarixi-xronoloji təsviri, mətbuatın və ictimaiyyət nümayəndələrinin radionun fəaliyyəti haqqında fikirləri, ilk verilişlərin təhlili verilib. Müəllif tarixi sənədlərə istinad edərək ötən əsrin 20-30-cu illərində beşiyi başında Ü.Hacıbəyov, M.S.Ordubadi, M.Maqomayev kimi qüdrətli sənətkarların dayandığı Azərbaycan radiosunun ölkənin ictimai-siyasi və mədəni həyatına təsiri barədə ətraflı söhbət açıb. Kitabda ötən illərin radio yaradıcılığına dair zəngin nümunələr verilib.

Kitabın elmi redaktoru, professor Qulu Məhərrəmli maraqlı tədqiqat işinə yazdığı girişdə qeyd etmişdir ki, belə araşdırmalar bir daha təsdiq edir ki, radio təkcə dinləyicilərin qulaq yoldaşı deyil, həm də zamanın və təmsil etdiyi cəmiyyətin səs yaddaşıdır, o bəzən milli ruhun ifadəçisi kimi də çıxış edir. Bu səbəblərdən radionun fəaliyyəti həmişə ciddi maraq doğurur. Tədqiqatçı-alim S.Məmmədovanın Azərbaycan radiosunun fəaliyyətinin ilk dövrünün dolğun mənzərəsini yaradan araşdırması məhz bu maraqdan qaynaqlanır.

Radio haqqında kütləvi tirajla çap olunmuş kitabın elmi məsləhətçiləri görkəmli radio tədqiqatçısı, professor Yalçın Əlizadə və BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Allahverdi Məmmədlidir. Kitab araşdırmaçılar və radio tarixini öyrənmək istəyənlər üçün qiymətli vəsaitdir.

Xeberdar.net

XƏBƏR LENTİ