Bakı “bütün körpüləri yandırmaq” mesajını niyə verdi?

194 26-01-2024, 10:53 siyaset

Bakı “bütün körpüləri yandırmaq” mesajını niyə verdi?AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dayandırmasından sonra Bakının Avropa Şurasından çıxmaq və Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını tanımaqdan imtina etmək haqda düşündüyü gündəmə gəlib. Mövcud vəziyyətdə Bakı AŞPA-nın ədalətsizliyinə qarşı Avropaya ata biləcəyi addımlar haqda mesaj verir. Lakin bu baş verərsə, radikal gediş olacaq və əsas sual da Azərbaycanın niyə bu qədər kəskin mövqe sərgiləməsidir.

Məsələnin Avropanın insan haqları, demokratik prinsiplərlə bağlı istəklərindən qaynaqlandığını demək diletanlıq olar. Çünki rəsmi Bakı eyni məsələ ilə illərdir üz-üzə qalıb və AŞPA da illərlə eyni məsələləri gündəmə gətirib, amma buna görə Azərbaycana qarşı hansısa addım atılmayıb, yaxud rəsmi Bakı bu qədər kəskin mövqe sərgiləməyib.

İndi baş verənlərin arxasında Avropa, yaxud hansısa dəyərlərin qorunub-qorunmaması yox, Cənubi Qafqazdakı geosiyasi mübarizə dayanır. Konkretləşdirsək: Azərbaycandan Ermənistanın maraqlarının nəzərə almağını, Zəngəzur dəhlizini – Naxçıvana maneəsiz keçid ideyasını unutmağını, delimitasiyanı və sülh sazişini İrəvanın gündəliyinə uyğun qəbul etməsini istəyirlər;

Və baş verənləri insan haqlarına, demokratiyaya bağlayan Azərbaycandakıların əksinə, Avropada bunu gizlətmirlər də. AŞPA Laçın yoluna buraxılmamasını, “Qarabağ ermənilərinin qorunmasını” açıq şəkildə qeyd edir.

Bakının “bütün körpüləri yandırmaq” mesajı da Avropanın nə istədiyini bilməsindən qaynaqlanır. Bütün bunların Azərbaycan üçün sərfəli olmadığı aydındır, amma tərəzinin bir gözündə də Ermənistanın maraqları var və rəsmi Bakı anlayır ki, “qırmızı xətti”ndən geri çəkilsə, Azərbaycana rəhm etməyəcəklər, təcrübə ilə isbat olunub.
axar.az

XƏBƏR LENTİ