İrana səfər edən bir qisim vətəndaşlar narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün cinayətkar fəaliyyətə sövq edilirlər.
Xeberdar.net məlumat verir ki,, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin məqaləsində qeyd olunub.
Bildirilib ki, DTX-nin keçirdiyi əməliyyat-axtarış tədbirlərinin təhlili göstərir ki, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan İran vətəndaşları dövlət sərhədi boyu yerləşən yaşayış məntəqələrində yaşayan və əsasən sosial təminatı aşağı olan Azərbaycan vətəndaşlarını narkotik ticarəti ilə bağlı cinayətkar fəaliyyətə cəlb edilirlər:
"Başqa bir qisim vətəndaşlarımız isə hər hansı digər vəziyyət və şərtlər daxilində (tibbi yoxlanışlar üçün İİR-ə səfər edərkən, habelə Azərbaycan ərazisində məhkumluq həyatı yaşayan İİR vətəndaşlarının AR vətəndaşları ilə yaratdıqları kontaktlar vasitəsilə və ya sosial şəbəkələr üzərindən təxmini tanışlıqlar quraraq) ələ alındıqdan sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün cinayətkar fəaliyyətə sövq edilirlər".
Məlumatda qeyd olunub ki, narkotik vasitələri Azərbaycana göndərmək niyyətində olan cinayətkar qrup və ya şəxslər “tələyə düşmüş” Azərbaycan vətəndaşlarını aldadaraq onlara gördükləri iş müqabilində müəyyən miqdarda pul vəsaiti ödəməklə özlərinin daha çox qazanc əldə etməsini təmin edirlər.
"Həmçinin həmin şəxsləri özlərindən asılı vəziyyətdə saxlamaq üçün “qurbanlarına” mütəmadi olaraq az miqdarda müxtəlif növ narkotik vasitələr “hədiyyə” edərək onları narkotik vasitələrin aludəçisinə çevirir, eyni zamanda “gördükləri işin” müqabilində həmin şəxslərə ödənəcək pul vəsaitini onlara hissə-hissə çatdırırlar. Qeyd olunan “ödəmə prinsipi” kuryer rolunda çıxış edən insanların narkotik vasitələrin mütəmadi olaraq daşınmasına sövq edilməsi üçün münbit şərait yaradır. Həmçinin bu şəxslərə müxtəlif vədlər verilərək qısa müddət ərzində maddi çətinliklərdən xilas olacaqları fikri aşılanır", - məlumatda qeyd olunub.