Fransız qadınlar necə kef edirlər

Fransız qadınlar necə kef edirlər
Şarmlı, eleqant, zövqlü, zərif və kifayət qədər cazibədar qadın deyəndə, ağlınıza ilk gələn hansı millətin xanımları olur? Yəqin ki, çoxumuzun təsəvvüründə qəhvə və şarab ətrinin xoş vəhdətinə bürünən Paris küçələrində dikdaban ayaqqabıları üzərində süzən fransız madamları canlanır. Hətta bəzi kitabları oxuyandan sonra insan elə düşünür ki, bütün qüsursuz, cazibədar xanımların pasportunun milliyət köşəsində mütləq "fransız" yazılır. Dəb jurnallarının üz qabığından, moda həftələrindən görüb valeh olduğumuz bu xanımlara mən də bir vaxtlar həsədlə baxır, hətta onlara bənzəmək istəyirdim. Ta ki, şəxsən tanıyıb, təxəyyülümdə çizdiyim ideal qadın portretini öz əlimlə pozanadək.

Ümumiyyətlə, düşünürəm ki, dünyanın hansı nöqtəsində yaşayırsa yaşasın, milliyətcə kim olur olsun, qadınların ümumi obrazı, istəkləri eynidir. Fransız qadınları da bu baxımdan heç kimdən fərqlənmirlər. Formada qalıb, artıq çəki almamaqsa, onların super gücü deyil, sadəcə az kalorili milli mətbəxlərinə bağlı bir amildir.

"Fransiz qadını" adlı bahalı konfetin kağızını birgə soymağa nə deyirsiniz?

Öncə qeyd edim ki, fransız xanımları soyuğa çox dözümlü olurlar. Onlarla birinci tanışlığım Fransaya ilk səfərim zamanı Şarl de Qoll aeroportunda olub. Dekabrın son günləri idi. Üstümdəki isti geyimlərin çəkisi az qalsın öz çəkimi aşırdı ki, aeroportun gözləmə salonlarında çılpaq ayaqlarına qısa cins ətəklər geyinmiş xanımlar gördüm. Bu qadınlara yaxınlaşıb, ayaqlarına toxunub, tərəddüdlərimi təsdiqləmək istədiyim an, fikrimi toplayıb, məsum niyyətimdən daşındım. Cəmi bir neçə il onların əhatəsində yaşayandan sonra özüm də soyuq qış günlərində bəzən yalın ayağa çəkmə geyinib evdən çıxmağa başladım.

Fransız qadınları qocalıb, təqaüd yaşına çatanadək sadə cins şalvarı, enlənib, formasını itirmiş t-şörtlərini əyinlərindən çıxartmırlar. Yəni bu ölkədə al qırmızı dodaq boyası vurub, zövqlü geyimi ilə göz qamaşdıran qadın görsəniz, bilin ki, onun yaşı 70-dən yuxarıdır. Gözəllik salonlarına ən çox axın edən də bu yaşlı madamlardır. Hətta zibil atmaq məqsədilə evdən çıxanda da bəzənən qadınların ölkəsindən gəlmisənsə, vəziyyət bir az qəlizləşir. Sadə makiyaj edib ictimai nəqliyyata minəndə belə hər kəs dönüb, səni yarı təəccüb, yarı heyrət dolu baxışlarla süzür. Ertəsi günü utanıb, qələmlə vurğuladığın gözlərini çılpaq qoyursan. Bir həftədən sonra isə "makiyaj" sözünün "m"-sı da sənə yadlaşır.

Oğlumun bağçasında 5 tərbiyəçidən yalnız biri baxımlı idi. Digər qadınlarsa bir az yağlanmış, azca da kirəcləşmiş saçlarını başlarının ortasında yumrulayıb, işə gəlirdilər.

Bəli, fransız qadını baxımsızdır, lakin etinasız deyil. O hər gün övladlarını parkda gəzdirəcək qədər qayğıkeşdir. Lakin bu gəzinti zamanı belə siqaretini tüstülətməkdən çəkinmir. Uşaqlarının gigiyenasına da ən az özü qədər diqqətsiz yanaşır. Məsələn, pediatr qəbulunda növbə gözləyən ana pasaqlı geyimdə qucağına sıxdığı balalarına kitab oxuyub, onlarla keçirdiyi hər anı dəyərləndirəcək qədər də ağıllıdır. Bəzən uşaq arabasında burnunun suyu ağzından axıb-tökülən uşaq görəndə də lap tənginəfəs olursan. Ay madam, uşağınızın burnu axır, bəlkə siləsiniz?-demək istəyirsən. Bir neçə saniyədən sonra görürsən ki, ana bunun fərqindədir, sadəcə bu təmizlik əməliyyatı onun üçün böyük önəm daşımır. Üstəlik, bu uşaq ciyərləri ağzına gələcək dərəcədə öskürüb, bihal olanda təxminin tam dəqiqləşir. Məhz bu etinasızlıq fransızları ən uzunömürlü xalqlardan biri edir. Çünki uşaq elə doğulan gündən orqanizmi xəstəliklərə sinə gərməyə alışır.

Fransız qadınlarda sevdiyim cəhətlər də var. Məsələn, idmana meyillidirlər. Ümumiyyətlə, bu xalq günün yorğunluğunu divanda uzanıb, televizor seyr etməklə yox, parklarda qaçaraq çıxardır.

İkinci övladı dünyaya gələn ana birincinin sosial həyatına sədd çəkmir. İki həftəlik körpəsini arabaya qoyub, 3 yaşlı böyük övladını gimnastika dərnəyinə gətirib, onunla birgə əylənməkdən də boyun qaçırmır.

Bütün bunlara baxmayaraq, milli mədəniyyətimizə, cəfakeş analarımızın həyat tərzinə naməhrəm olan fransız qadını da öz mənfisi və müsbəti ilə övladının qayğıkeş anası, valideynlərinin ərköyün övladı, sevgilisinin gözündə isə dünyanın ən seksual qadınıdır.

Fransız qadının bir də ən üstün cəhəti bilirsinizmi nədir? Gecə yataqlarına girəndə, "sabah nə geyinəcəm", "necə bəzənib evdən çıxacam" sualları ilə beyinlərini yormaq əvəzinə, "sabah da həyatdan zövq almağa çalışacam" deyirlər

.Leyla Sarabi

Fransız qadınlar necə kef edirlər

  • 5-01-2018, 09:10
  • 703


Oxşar mövzular
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI