Kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir

13 Bu gün, 12:01 iqtisadiyyat

Kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir

Azərbaycan iqtisadiyyatının əsas sahələrindən biri olan kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində və iqtisadi inkişafın təşviqində mühüm rol oynayır. Son illər bu vacib sahənin ölkə iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına töhfəsi getdikcə artır.
Hələ zamanında ümummlilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində istər keçmiş sovetlər dönəmində, istərsə də müstəqillik illərində bütün sahələrdə olduğu kimi, aqrar sahədə də ciddi islahatlar aparılıb, ehtiyatlardan səmərəli və məqsədyönlü istifadə təmin olunub, sahənin dayanıqlı inkişafı üçün möhkəm baza yaradılıb. Əsası Ulu öndər tərəfindən qoyulmuş aqrar strategiya hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya nəticəsində aqrar sektor keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən edilib.
Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib.
Müşavirə zamanı aqrar və su təsərrüfatında mövcud islahatlar, eləcə də “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı” müzakirə edilib.
Prezident cənab İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı aqrar sahənin ölkə iqtisadiyyatında mühüm yer tutduğunu bir daha göstərmişdir. Dövlət başçısının “Kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir” fikri dövlətin aqrar sektorun inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən etdiyini ifadə edir.
Qeyd etdiyim kimi Azərbaycanda kənd təsərrüfatı əhalinin məşğulluğunun təmin olunmasında və ərzaq təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır. Dövlət tərəfindən fermerlərə göstərilən dəstək, subsidiyaların ayrılması, güzəştli kreditlərin verilməsi və müasir texnologiyaların tətbiqi aqrar sahənin inkişafına müsbət təsir göstərir. Məhz bu tədbirlər kənd təsərrüfatında məhsuldarlığın artırılmasına və rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradır.
Dövlət başçısının müşavirədə vurğuladığı əsas məsələlərdən biri də kənd təsərrüfatının modernləşdirilməsi olmuşdur. Müasir suvarma sistemlərinin qurulması, yeni texnikaların istifadəsi və innovativ üsulların tətbiqi kənd təsərrüfatının daha səmərəli inkişafına imkan yaradır. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində kənd yerlərində infrastrukturun yaxşılaşdırılması kənd əhalisinin rifahına mühüm töhfə verir.
Kənd təsərrüfatının inkişafı ixrac potensialının artırılması baxımından da böyük əhəmiyyət daşıyır. Yerli məhsulların xarici bazarlara çıxarılması ölkə iqtisadiyyatının güclənməsinə və qeyri-neft sektorunun inkişafına xidmət edir. Bu istiqamətdə həyata keçirilən dövlət siyasəti aqrar sahənin davamlı inkişafını təmin etməyə yönəlmişdir.
Ümumiyyətlə, ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən aqrar sahədə əldə edilən uğurlar və yüksək nəticələr Azərbaycanda dinamik inkişafın göstəricisidir. Bu tərəqqi və rifah, əhalinin maddi durumunun əhəmiyyətli dərəcədə yaxşılaşması aparılan məqsədyönlü dövlət siyasətinin bəhrəsidir.


Nizami NOVRUZOV,
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranən sədr müavini, texnika üzrə fəlsəfə doktoru

XƏBƏR LENTİ