175 nömrəli marşrutda yaralanmış sərnişinlərə maddi zərəri kim ÖDƏMƏLİDİR?

849 10-01-2018, 16:53 cemiyyet / gundem

175 nömrəli marşrutda yaralanmış sərnişinlərə maddi zərəri kim ÖDƏMƏLİDİR?Bir neçə gün öncə Zığ şosesində 175 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-XM-581 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yoldan kənara çıxaraq dərəyə aşmışdı. Hadisə nəticəsində ümumilikdə, 20 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların 15-i 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Araşdırmalar zamanı avtobus sürücüsünün sürücülük hüququ olmadığı və məhkumluq həyatı yaşadığı məlum olub.

Bu hadisədən bir sual yaranır: qəzada zərərçəkənlər onlara dəymiş maddi və mənəvi zərərin qarşılığını kimdən tələb edə bilərlər?
Məsələ ilə bağlı danışan hüquqşünas Ərşad Hüseynov deyib ki, yol nəqliyyat hadisəsi baş veribsə, hadisədə zərər çəkmiş hər bir sərnişin çəkdikləri zərərin əvəzini tələb etmək hüququna malikdir.

“Yəqin ki, həmin avtobusun icbari sığortası var, sərnişinlərə dəymiş ziyana görə onlara zərərin dərəcəsinə uyğun olaraq sığorta ödənişləri olmalıdır. Bundan başqa da hadisədə təqsirkar kimdirsə, zərəri ödəməlidir. Qəza baş verən avtobus şirkətə məxsusdur. Mülki qanunvericiliyə görə, həm şirkət, həm də nəqliyyat vasitəsini idarə edən şəxs məsuliyyət daşıyır. Əgər zərər çəkənlərin narazı qaldıqları məqamlar varsa, məhkəmədə iddia qaldıra bilərlər”.

Xatırladaq ki, 175 nömrəli marşrut üzrə daşıyıcı işində ciddi nöqsanlara yol verdiyinə görə hadisədən sonra Bakı Nəqliyyat Agentliyi daşıyıcı ilə müvəqqəti istismara dair müqaviləyə xitam verib. 175 nömrəli marşrut xəttinin müvəqqəti istismarı “BakuBus” MMC-ə həvalə edilib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı məlumatda bildirilir ki, sözügedən hadisəni törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.2 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunmuş və nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan 1989-cu il təvəllüdlü Ağayev Kamran Hüseynağa oğlu tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Kamran Ağayevə sərnişinlərin həyatını etibar edən marşurutun sahibi isə Laçın Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin sabiq müdir müavini Babək Aslanov olub. Məlum olub ki, B.Aslanov marşrut xəttini icarəyə veribmiş.(Modern.az )

XƏBƏR LENTİ