«Avropa Şurası ilə gərginliyi biz yaratmamışıq ki, onu da aradan qaldıraq».
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov həbsdə olan İlqar Məmmədovun işiylə bağlı rəsmi Bakı ilə bu qurum arasında gərginliyin aradan qaldırılmasını «Turan» agentliyinə şərh edərkən belə deyib.
S.Seyidov bildirib ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) bütün qərarlarına hörmətlə yanaşır. Bununla yanaşı, o, Avropa İnsan Hüquqları Məhkəməsində İ.Məmmədovun işi üzə xüsusi prosedurun başa çatmasını gözləməyin vacibliyini qeyd edib.
«İlqar Məmmədovun işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində xüsusi prosedur işə salınıb. Bu məsələyə Avropa İnsan Hüquqları Məhkəməsində baxıldığına görə nə Avropa Şurası, nə AŞPA, nə də hansısa başqa tərəf bu işə müdaxilə edə bilər. Bu məsələ ilə bağlı səbirli olmaq lazımdır. Azərbaycan hər zaman Avropa Şurası ilə əməkdaşlıq edib, bundan sonra da edəcək», - S.Seyidov bildirib.
Azərbaycana qarşı mümkün sanksiyalara gəlincə, S.Seyidov qeyd edib ki, «sanksiyaları tətbiq edən tərəflər bundan daha çox əziyyət çəkir, nəinki sanksiya tətbiq edilən tərəf...».
Avropa Şurasının rəsmiləri bir müddət öncə AİHM qərarlarına baxmayaraq, REAL Hərəkatının lideri İ.Məmmədovun həbsdən buraxılmadığını əsas götürərək, sərt tədbirlərin görülməsinin vacibliyindən bəhs etmişdilər. Sonra Azərbaycan rəsmiləri də öz növbələrində bu qurumdan çıxa biləcəklərini ifadə etmişdilər.
Xatırladaq ki, İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.
Xeberdar.net