Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Zeytun budağı" əməliyyatı ilə bağlı yeni açıqlamalar verib.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Fransada ABŞ Dövlət katibi Tillersonla görüşündə bir çox məsələlərin müzakirə olunduğunu bildirib:
"Hazırda əsas hədəfimiz Afrin və oradakı terrorçulardır. Bu əməliyyatdan sonra və ya buna paralel olaraq Menbiç və Fərat çayının şərqində də yeni əməliyyatlara başlaya bilərik. Vaxtı ilə bu bölgə ilə bağlı ABŞ bizə verdiyi vədə əməl etmədi. Bunu bu gün Tillersonla görüşdə də açıq formada dedim".
Çavuşoğlu bir daha bəyan edib ki, Türkiyənin hədəfi kürdlər deyil: "Bunu dəfələrlə bəyan etmişik. Hədəfimiz terrordur. Afrində PKK-nın qolu olan PYD, YPG kimi terror qrupları ilə yanaşı, İŞİD-də var. Onlar Afrindən sərhədimizi keçərək, Türkiyədə terror etməyə çalışırdılar. Eyni zamanda, sərhədi keçərək, Fransa kimi ölkələrə getməyə cəhd edirlər. Afrində İŞİD-lə YPG-nin arasında işbirliyi var. Biz də onları məhv edirik".
Türk nazir Afrin əməliyyatına başlamaq üçün Rusiya və Suriya ilə bir anlaşma olub-olmadığı haqda da suala cavab verib: "Biz heç bir ölkə ilə anlaşmadıq. Sadəcə, gərəkli ölkələrə əməliyyat haqqında bilgi verdik. Suriya rejimindən də icazə istəmədik. Bir sözlə, bu əməliyyatla bağlı kimsəylə bazarlıq ya da anlaşmamız olmayıb. Bu əməliyyat Türkiyənin təhlükəsizlik məsələsidir".
Xeberdar.net