ELBƏYİ CƏLALOĞLU
Qaracalardan başlanan əzablı yol
(Əvvəli bu linkdə My Webpage)
Ramiz Mahmud oğlu Məmmədov Böyük Qafqaz dağlarının cənub-qərb ətəklərində, Tiflisdən 10 km cənub-şərqdə, şimal-qərbdən Cinniqaltan dağı, qərbdən Yağlıca dağı, şərqdən Kür çayı ilə əhatələnmiş düzənlikdə yerləşən bir kənddə – Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində dünyaya gəlib. Özünün dediyinə görə, 1949-cu il dekabrın 26-da doğulsa da, doğum şəhadətnaməsində bu tarix 1950-ci il fevralın 4-ü olaraq qeyd olunub.
Ramiz bəy uşaqlıq illərini belə xatırlayır: Qıtlıq illəri idi, kənddə əhalinin çoxusu qazma damlarda yaşayırdı. Amma bizim birmərtəbəli, ikiotaqlı, şüşəbəndli və balkonlu evimiz var idi. Onun qabağında yerləşən qaradamda isə mal-qara saxlayırdıq. 4 yaşındaykən həmin damın üstündə oynayırdıq, birdən bacadan damın içinə yıxıldım və belim onurğa sütununun ikinci fəqərəsindən sındı. Məni Tiflis Dəmiryol xəstəxanasına apardılar. Belim gipsə salındı və müalicə başlandı. Müalicədən sonra sümükdə spandeloz xəstəliyi aşkar olundu, bu dəfə onun müalicəsinə başladılar və 2 ildən artıq davam etdi. O zaman onun müalicəsi yox idi, ehtimalla ölməliydim. Lakin ümidi kəsməməyi təkid edən həkimlər mənə müxtəlif dəva-dərmanlar verməklə, atama məni yayda dağa, qışda arana aparmasını məsləhət görmüşdülər. Şikəst uşaq üçün bu proses 4 ilə qədər çəkdi, təsəvvür edirsinizmi nə əziyyətdir? İlk əvvəllər mənə dərsi evdə keçirdilər, müəllim evə gəlirdi. Sonra orta məktəbin birinci-ikinci sinifində oxuyarkən, xüsusi korsetdə gəzirdim və məktəbə də elə həmin vəziyyətdə gedirdim. Sinif yoldaşlarım mənə gülürdülər. Evdə mənim üçün xüsusi yeməklər hazırlanırdı, hətta həkimin məsləhəti ilə şərab da içirirdilər. Nəhayət, böyüdüm, instituta qəbul olduqdan sonra həmin xəstəxanaya gedib həkimim professor Meri Kapanadzeni tapdım. Məlum oldu ki, o, artıq xəstəxananın baş həkimi vəzifəsində çalışır. Mən gələndə o, “beşdəqiqəlik həkim yığıncağı” aparırdı. Gözlədim, yığıncaqdan çıxanda ona yaxınlaşdım və özümü təqdim etdim, sonra da təşəkkür etmək üçün gəldiyimi söylədim. Meri xanım məni tanıyan kimi sevincindən az qala atılıb-düşəcəkdi, qışqıraraq həkimlərin hamısını yanına çağırdı və o zaman bu xəstəliyi müalicə etməyin, demək olar ki, mümkün olmadığını, məni necə müalicə etdiklərini və bu haqda ali məktəb dərsliyində yazdığını danışdı.
Xəstə vaxtlarımdan və ümumiyyətlə, uşaqlıq vaxtlarımdan ən çox yadımda qalan rəhmətlik Məryəm nənəm oldu, çünki o, iki il xəstəxanada mənim yanımda qaldı. Heç bir dəfə də olsun evdə yatmağı yadına belə salmadı, iki il palatada skamyada yatdı. İndikindən fərqli olaraq, o zaman palatada xəstənin yanında qalan adam üçün çarpayı qoyulmurdu, onun üçün ancaq skamya nəzərdə tutulurdu. Xəstəxanadan çıxdıqdan sonra da hər zaman qayğıma hamıdan çox o qalıb, hətta 15 yaşımda da məni tək buraxmır, gecələr yanında yatırırdı.
Ramiz bəy nəsil şəcərəsini və onların başına gələnləri belə nağıl etdi: Tayfamızın həm zəngin, həm də maraqlı tarixçəsi var. Bizə “Sofiyevlər” deyirlər. Amma tayfa adının bağlı olduğu Sofu Rəşid oğlu ilə qohumluq əlaqəmiz olsa da, o, bizim kök qohumumuz olmayıb. Bizim babalarımız Nağı, Məmmədağa və s. qohumluq əlaqəsinin olduğuna görə ona sığnıblar və beləliklə, tayfalar birləşiblər, hətta yaylağa-qışlağa da birlikdə gediblər. Sofu bəy var-dövlətli, lakin savadsız adam olub. O zaman belə bir qayda varmış ki, insanlar pulla özlərinə dövlətdən hərbi rütbə ala bilirmişlər. Sofu bəy də həmin qaydadan istifadə edərək, özünə yüksək hərbi rütbə alıbmış.
Nənəm deyirdi ki, bir dəfə köç dağdan qayıdanda Gümüşün (Gümüş gölünün ətrafı nəzərdə tutulur – Gürcüstanın müasir Zalqa inzibati rayonu) düzündə berzan (yunan) qaçaq-quldurları soyğunçuluq etmək üçün bizi dövrəyə aldılar. Sofu bəy də ayrıca kəcavədə gedirdi, özü də bir qədər ağırtəbiətli, tənbəl adamıydı. Həyat yoldaşı üzünü ona tutub, – a kişi, bir çıx özünü göstər, bəlkə, qaçaqlar qaçıb dağlışalar, – deyir. O isə, – Anaxanım, qoy yerimdə oturum dəə, – deyə cavab verir. Yaxınlarının əl çəkmədiyini gördükdə isə, – yaxşı, kitelimi verin, –deyir. O, döşü nişanlı, qotazlı kitelini çiyninə salıb kəcavədən çıxanda quldurlar pərən-pərən olublar.
Babalarımın atası Mansır kişi XIX əsrin axırında yaşayıb. Ortaimkanlı şəxs olub, var-dövlətini səkkiz oğlu və bir qızı arasında bölüb. Məcid ağa, Həmid ağa, Almaz ağa, Mücüt ağa, Canar ağa (oğlu Mansır gənc yaşlarında kolxoz sədri olub), Hacı və s. və qızı Pərixanım.
Sovet dövrünün əvvəlində – 1930-cu ildə doğma babam Məcidi qardaşları Almas və Canarla birlikdə Kursk vilayətinə sürgün ediblər. Eynilə məşhur dekabristlərin arvadlarının taleyini Məryəm nənəm və onun eltiləri də yaşayıblar. Almas və Canarın arvadları ilə birlikdə ərlərinin arxasıycan Kurska gediblər və orada kiçik əmim Məmməd doğulub. Maraqlı olanlardan biri də odur ki, qardaşlar sürgündə ticarət işləri ilə məşğul olub, 1933-cü ildə sürgün müddətlərini başa vuraraq, varlanmış halda kəndə qayıdıblar.
1937-ci ildə qardaşlardan yeddisinə menşevik damğası vuraraq, bir gündə aparıblar. Nənəm deyirdi ki, Məcid baban heç adını belə yaza bilmirdi, o, nə bilirdi menşevik nədir, amma varı-dövləti vardı. İlxını calaya (otlaq yeridir) ötürüb qayıtdığı vaxt yolda tutub aparmışdılar. Gedəndə isə böyük oğlu barədə bircə kəlmə deyib ki, – Nurəddindən muğayat olun, birdən onu da apararlar.
Qardaşların kiçiyi Hacı kənd soveti sədrini qılınclayıbmış, həmin bu hadisə qardaşlara menşevik damğası vurulmasına səbəb olub. Qardaşlar tutularkən Hacı qaçıb gizlənmiş, bununla da salamat qalmışdı. Tutulanlar isə bir müddət Metex qalasında saxlanıldılar. Qohumları oraya gedib Kür çayının bu biri tərəfindən qışqıraraq onları səsləyirmişlər. Onlar da eyni qışqırıqla hələ orada olduqlarını deyirlərmiş. Lakin nənəm söyləyirdi ki, səhərə yaxın bir daha səsləri eşidilmədi.
Nənəm deyirdi ki, onlar tutulduqdan sonra ilxı və mal-qoyunu talamağa başladılar. Əvvəlcə prokuror, sonra da dalbadal hakim, ispolkom və s. seçib yaxşılarını götürdülər. Sürüdə çox az miqdarda arıq və zəif heyvanlar qaldı. Sonra məni çağırdılar ki, gəl seçilmiş heyvanları könüllü surətdə dövlətə verdiyin barədə sənədi imzala.
Mahmudu (Ramiz bəyin atası) qolçomaq oğlu kimi tanıyaraq məktəbə qoymurmuşlar. Bu səbəbdən Mahmudun anası Məryəm xanım öz atasının adını soyad olaraq (Məmmədov) götürüb və Mahmud “Sofiyev” deyil, “Məmmədov” soyadını qəbul etdikdən sonra məktəbə gedə bilib. Ailənin törəmələri həmin soyadı bu gün də yaşadırlar.
Ağalıq nəsli
Məcid babam atasından qalan var-dövlətə sahibləndikdən sonra evlənmək qərarına gəlib. O, bir qızı ilə dul qalmış və müəyyən əmlaka sahib olan Məryəm adlı qadınla evlənib. Bu səbəbdən, Məcidin ailəsi o birilərlə müqayisədə daha zəngin olub. Onun var-dövlətinin miqdarını təsəvvür etmək üçün babama uzun müddət çoban işləmiş bir nəfərin danışdığı hadisəni xatırlamaq kifayətdir. Həmin çoban deyirdi ki, sürünü Qarabağ qışlağına aparmışdım, borana-çovğuna düşdük və bir dəfəyə beş yuz qoyun qırıldı.
Məcid babamla Məryəm nənəmin Nurəddin, Mahmud (Ramiz bəyin atası), Əhməd, Məmməd adlı oğulları dünyaya gəliblər. Qardaşlar və onların övladları çox mehriban idilər, bir-biri ilə bir ailənin üzvləri kimi rəftar edirdilər. Nurəddin əmimin öz uşaqları da, o biri qardaşların uşaqları da, o cümlədən biz də ona “baba” deyə müraciət edirdik. Atam Mahmud kişiyə dörd qardaşın uşaqları “ata” deyə müraciət edirdilər. Əhmədə isə hamımız “əmi” deyirdik. Kiçik əmim Məmmədə isə hamımız öz adı ilə müraciət edirdik.
Mahmud kişi 1918-ci ildə dünyaya gəlib. Qısa müddətdə Böyük Vətən Müharibəsi iştirakçısı olub, belə ki, Krım ətrafında döyüşlərdə hərbi gəmidə ağır yaralanıb və arxa cəbhəyə göndərilib. Müharibədən qayıdandan sonra, özünün dediyi kimi, Lüksemburqda (Bolnisi şəhərinin o zamankı adı) kənd təsərrüfatı mexanizasiyası texnikumunda oxuyub. O, ailə qurduqdan xeyli sonra, 1957-ci ildə qardaşı Məmmədlə birgə Qaracalar kəndində birinci olaraq ikimərtəbəli ev tikdirdi. Evin birinci mərtəbəsi otaqlara bölünməmiş, 200 nəfərin otura biləcəyi geniş zal şəklində saxlanılmışdı. Hətta kəndin bir çox toyları həmin zalda keçirdilirdi. O zamanın bir çox aşıqları – Hüseyn Saraçlı, Əmrah Gülməmmədov, Kamandar Əfəndiyev, Ədalət Nəsibov, İmran Həsənov, Əkbər Cəfərov və s. həmin zalda məclislər keçiriblər. Mən də elə o zaman onlara qulaq asmışam.
Bir gün həmin zalda kolxozun iclası keçirilirdi. Kənddə “Qəzet Rəhim” kimi tanınan bir şəxs var idi. Danos işləri ilə məşğul olduğuna görə, kənddə ona bu ləqəb verilmişdi. Kolxozun illik iclaslarının birində Qəzet Rəhim ayağa durub dedi ki, yoldaş raykom, necə olur ki, kolxoz iclas keçirmək üçün bir klub tikə bilmir, amma Məmmədov Mahmud özünə bu boyda ev tikib. Bundan hirslənən atam ondan sonra həmin zalda kolxoz iclasının keçirilməsinə icazə vermədi.
Nəslimizə “Ağalıq” deyiblər. Bizim ailədən başqa nəslimizin bütün ailələrində doğulan uşaqların adında “ağa”, “bəy”, “xanım” və s. sonluqları və önlüklər var idi. İndi isə o ənənəni pozaraq müasir adlar qoyurlar.
Gürcüstan Demokratik Respublikasının türk qadın deputatı
5 yaşım olanda Məcid babamın bacısı Pəri xanımı gördüm. Onun həyatı, təhsili və fəaliyyəti barədə məlumatsızam, amma Gürcüstanın xalq hərakatına qoşulduğu və 1918-ci ildə Neo Jordaniyanın başçılığı ilə qurulan Gürcüstan Demokratik Respublikasının deputatı olduğu məlumdur. Ucadan və hökmlü danışığı, papiros çəkməsi hələ də yadımdadır. Bir də o yadımdadır ki, Məmməd əmimi nədənsə suçlandırıb tutmuşdular. Pəri xanım hirsli halda üzünü nəslimizin kişilərinə tutub, – mən Sovet hökumətinin əlindən adam öldürmüş qardaşım Hacını qurtara bildim, amma siz heç nəyin üstündə tutulmuş Məmmədi qurtara bilmirsiniz, – deyə məzəmmət etdi və cəmi beş gündən sonra dünyasını dəyişdi.
“Kəndimizdə maariflənmənin təməlini Qərənzadə Məhəmməd babam qoyub”
Ramiz müəllim ana tərəfini belə təsvir edir: Çar Rusiyası dövründə Qaracalar kəndinin zəngin adamlarından olan Qoca kişi çoxlu mal-qara, böyük bağ sahəsi və dəyirmana malik olub. Sovetlərin 60-cı illərində artıq çoxdan kolxozun mülkiyyətinə keçmiş bu bağa biz uşaqlar oğurluğa gedərdik. Qoca kişinin soyadı “Qurbanzadə” olub, lakin, öz dediyinə görə, babam Türkiyədə olduğu zaman sənədləşmə zamanı soyadın bu cür olmasını qəbul etməyiblər, ona görə də “Qərənzadə” kimi qeyd olunub. Qoca kişinin oğlu Məhəmməd mənim ana babam olub. Məhəmmədi təhsil almaq məqsədilə Amasyada yaşayan qohumlarının yanına göndəriblər. Orada ərəb, fransız dillərini mükəmməl öyrənib. Yaxşı oxuduğuna görə ona iri, qapaqlı cib saatı hədiyyə etmişdilər, o saatı çox sevirdi. Hərdən bizə göstərirdi. Təhsilini bitirməyə bir il qalmış, 1915-ci ildə kəndə tətilə gəlibmiş. Onda Amasya və oxuduğu məktəb barədə, ümumiyyətlə Türkiyə haqda, ağızdolusu danışırmış. Bu zaman atası deyib ki, bir halda ki, sən oradan yüksək həvəslə bəhs edirsən, demək, orada qalacaqsan, buraya qayıtmayacaqsan, onda mənim var-dövlətim kimə qalacaq? Ona görə də, səni bir daha oraya buraxmayacam. Lakin o, bilmirdi ki, qabaqdan Sovet hökuməti gəlir, onsuz da hər şey əlindən alınacaq.
Məhəmməd babam elə o vaxtdan kənddə qalır və bununla da kəndimizdə maariflənmənin təməlini qoyur. O, Sovet vaxtına qədər uşaqlara köhnə üsulla, Sovet gəldikdən sonra isə yeni üsulla dərs keçir. Lakin Sovet ideologiyasının yasaq etdiyi bir çox kitabları kəndimizin ətrafındakı meşədə, çalada basdırmalı olub. Onillərdən sonra isə vəziyyət dəyişdikdə kitabları çıxarmaq istəyib, lakin onların torpağın altında qalıb çürüdüyünü görəndə məyus olub.
Məhəmməd kişi 1922-ci ildə Qaracalar kəndində məktəbin əsasını qoyub. 1940-cı illərdə onu təhsili inkişaf etdirmək üçün Qax tərəfə göndəriblər. Bir neçə il orada çalışdıqdan sonra yenidən kəndə qayıdıb və kənddə kitabxana yaradıb. Kitabları səliqəylə saxlayır, sevir, həm də göz bəbəyi kimi qoruyurdu. Yadımdadır, kitabı götürüb oxuyurduq, qaytaranda kitabdan oxuduğumuzu danışmağımızı tələb edirdi, deyirdi ki, oxumamısansa, bir daha kitab verməyəcəm. Kənd kitabxanasında müasir kitabxanalara bənzər bir şərait yaratmışdı. Jurnal və qəzet oxumaq üçün, hərdən müxtəlif mövzularda disputlar keçiridi. Bir sözlə, yenə də kəndin əhalisini savadlandırmaq işini davam etdirirdi. Ana nənəm vaxtsız dünyasını dəyişmişdi, babam tək yaşayırdı, amma bizə tez-tez gəlirdi və belə deyirdi: mən bu evə ona gəlirəm ki, burada bir ziyalılıq hiss edirəm. Səksəndən çox yaşı olmasına baxmayaraq bizi, cəbrdən, həndəsədən, ədəbiyyatdan sorğuya tuturdu, əgər cavab verə bilməsək, özü izahını verərdi və qalib kimi bir az da gülümsəyərdi.
Mən Bakıya oxumağa gələndən sonra babam buradan ərəb və fransız dillərində ədəbiyyat gətirməyimi tapşırırdı. Axır vaxtlar gözü son dərəcə zəifləsə də, iki optik eynək taxaraq yenə də kitab oxumaqdan qalmırdı. Ən çox sevdiyi şair Tofiq Fikrət idi, ondan və Füzulidən hey şeir oxuyardı.
Məhəmməd babam həm də din bilgini idi. Mərasimlərdə yalançı mollaları tənqid edirdi, düz oxumadıqda iradını bildirirdi. Beləliklə, el camaatı ondan kəndə mollalıq etməsini xahiş etdi. O isə özünün həyata fərqli baxışlarının olduğunu deyərək, bundan imtina etdi. Lakin davamlı müraciətlərdən sonra razılıq verdi. Ondan “o dünya” haqqında soruşanda: “Heç kim oradan xəbər gətirməyib, çalış bu dünyadan kam al, dəyərli yaşa”, − deyərdi.
Məhəmməd kişinin qızı – mənim anam Nigar xanım da savadlı qadın idi. O, əvvəlcə məktəbdə dərs verib, sonra da evdar qadın olub.
Anam gənc yaşlarında əvvəlcə başqasına nişanlı olub, nişanlısı isə hamı kimi müharibədə olub, elə atam da. Atam və anamın nişanlısı əsgərlikdən eyni vaxtda qayıdıblar. Atam nişanlı qızı qaçırıb.
Atam Mahmud kişi də məktəbdə dərs deyib, lakin sonra Lüksemburqa (indiki Bolnisi) Kənd Təsərrüfatı Texnikumuna oxumağa gedib. Bitirdikdən sonra isə qayıdıb, öz kəndimizdə işləyib.
(Davamı var)
Xeberdar.net
XƏZƏRİN XANI yaxud AKADEMİK ÖMRÜNÜN SPEKTRLƏRİ-II yazı
Metex qalasında itən səslər