“”Halal turizm" konsepsiyası ilə yanaşı, Qərb ənənələrini özündə əks etdirən, əyləncənin ən müxtəlif növlərini yüksək keyfiyyətlə təklif edən bir mühitin yaradılması daha doğru olardı"
Azərbaycanda ötən ilin yay turizminin uğurlu keçməsində ərəb turistlərin böyük rolu oldu. İndi isə onlar ölkənin qış turizmini canlandırmaqdadırlar. Azərbaycanın əsrarəngiz təbiəti, üstəgəl bölgələrdə qarın yağması və qış turizmi imkanlarının genişləndirilməsi, rayonlararası yol infrastrukturunun yenidən qurulması nəticəsində gediş-gəlişin asanlaşması turist sayının daha da çoxalmasına səbəb olub. Hazırda istər paytaxtda , istərsə də bölgələrdə istənilən istirahət məkanında və ya gəzməli yerlərdə ərəb turistlərlə qarşılaşmamaq mümkün deyil. Bu isə ölkədə biznes sektorunun, eləcə də turizmin inkişafı, o cümlədən dövlət büdcəsinə əlavə gəlir gəlməsi deməkdir.
Ərəb turistlərin özəlliyi ondadır ki, onlar bizim bu günə qədər öyrəşdiyimiz rus, avropalı və iranlı turistlərdən fərqli olaraq daha varlı və daha əliaçıq, əyləncəyə daha düşkündürlər. Həmçinin qeyri-adi özəllikləri, ov etmək maraqları, bəyəndikləri yerlərə investisiya yatırmaq istəkləri də onları bu sektor üçün əvəzolunmaz edir.
Son günlər Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ərəb turistlərin hər kəsin marağına səbəb olacaq fotosu da yayılmışdı. Ölkəmizə hər zamankı adətləri üzrə ov üçün gələn turistlər özləri ilə xeyli ov quşu və çamadan gətiriblər. Maraqlısı odur ki, təyyarədə özləri ilə yanaşı ov quşlarına da bilet alaraq yer ayırıblar. Bu cür səxavətlə pul xərcləyən ərəb isə hər bir iş adamının arzuladığı turist sinfinə daxildir.
Qeyd etdiyimiz kimi, ərəblərin daşınmaz əmlaka, o cümlədən hotel-restoran şəbəkəsinə investisiya yatırması halları da artıb. Son olaraq ərəb investorlarının Bakıda almaq üçün hotel axtardığı ilə bağlı məlumat mətbuatda yer alıb. Belə ki, əsasən İraq və Qətərdən olan investorlar Azərbaycanda hotel alaraq həmin məkanları halal hotellərə çevirmək istəyirlər. Dəyəri milyonlarla dollarla ölçülən hotellərə maraq göstərən ərəb turistlərdən həm də ölkəyə valyuta axınına yeni kanalın açılması üçün yararlanmaq olar.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, ərəb ölkələrindən turist axınının artmasının bir çox səbəbləri var: “Neftin qiymətinin ucuzlaşmasından sonra Azərbaycan iqtisadiyyatın qeyri-neft istiqamətləri üzrə müəyyən islahatlara və açılımlara getdi. Bu açılımlardan biri də məhz ərəb ölkələri ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi, o cümlədən ərəb ölkələrinin turizm potensialından yararlanmaq istiqamətində idi. Bu istiqamətdə müəyyən qədər addımlar atıldı, xüsusən də viza sadələşdi, aviareyslərin qiymətində ucuzlaşma qeydə alındı, təbliğat işi aparıldı. Bütün bunlar ərəblərin Azərbaycana axınını stimullaşdırdı. Bunun fundamental səbəbləri də var idi. Çünki Azərbaycan dünyada həm müsəlman ölkəsi hesab olunur, həm də ənənəvi müsəlman ölkələrindən fərqli olaraq Qərb və Şərq mədəniyyətinin birlikdə müşahidə edildiyi bölgələrdən biridir. Ənənəvi İslam mühitindən kənarlaşmaq istəyənlər Azərbaycanda rahat şəkildə Qərb adət-ənənələrinə uyğun xidmətlərdən də istifadə edə bilirlər. Bu isə onların Azərbaycana axınını sürətləndirən amillərdən biridir. Digər bir faktor isə Azərbaycanla bu ölkələr arasında ali səviyyədə münasibətlərin sıx olması və bu istiqamətdə siyasi qərarların ortaya qoyulmasıdır”.
İqtisadçı ekspert vurğuladı ki, ərəblərin Azərbaycan turizminə marağını necə cəlb etməklə bağlı birmənalı fikir söyləmək çox çətindir: “Bir sıra hallarda ”halal turizm"lə bağlı müzakirələr gedirdi ki, bu turizmin də əsas hədəfi ərəb turistlər idi. Onların turizm potensialından yararlanma imkanını artırmaq məqsədi ilə irəli sürülən bir konsepsiyadır. Bu doğru bir yanaşmadır. Azərbaycanda “halal turizm”in inkişafı təkcə ərəb ölkələrindən deyil, eyni zamanda yaxın İran və Türkiyədən Azərbaycana turist axınını sürətləndirə bilər. Ancaq bir faktı da gözardı etmək olmaz ki, ərəblərin heç də hamısı Azərbaycana “halal turizm” üçün gəlmir. Çünki bu cür turizm ərəb ölkələrində də var. Onlar qarışıq və fərqli mədəniyyətlər olan yerdə vaxt keçirməyə çalışırlar. Azərbaycana bugünkü axının əsas səbəblərindən biri də ondan ibarətdir. Ailəli bir ərəb Azərbaycana gəlirsə, istəyir ki, daha uyğun və alışılmış bir mühitdə öz ailəsinin istirahətini təmin edə bilsin. Ancaq eyni zamanda onun özünün də maraqları var, o da təmin olunmalıdır. Birmənalı şəkildə demək olmaz ki, bütün ərəblər “halal turizm” üçün gəlir. Azərbaycan turizminin ərəblər üçün cəlbediciliyi həm də Qərb mədəniyyətinə uyğun hər cür əyləncənin olması ilə əlaqəlidir. “Halal turizm” konsepsiyası ilə yanaşı, Qərb ənənələrini özündə əks etdirən, əyləncənin ən müxtəlif növlərini yüksək keyfiyyətlə təklif edən bir mühitin yaradılması daha doğru olardı".
R.Həsənov onu da vurğuladı ki, ərəb ölkələrində hazırda investisiya potensialı da kifayət qədər yüksəkdir: “Çünki bu ölkələrin əksəriyyəti iri neft resurslarına malik olan ölkələrdir, böyük maliyyə imkanları var. Eyni zamanda Azərbaycanla müqayisədə daha uzunmüddətli dövrdə qeyri-neft iqtisadiyyatının inkişafı ilə bağlı müxtəlif strategiyaların icrasını həyata keçirmiş ölkələrdir. Buna görə də müəyyən imkanlar yaranır ki, ərəb ölkələrindən Azərbaycana investisiya cəlbi mümkün olsun. Bu, müxtəlif sahələr ola bilər. Hazırda daşınmaz əmlak sektorunda ərəblərin aktivliyi daha çox müşahidə olunur. Ancaq bununla yanaşı, biz yüngül sənayedə, o cümlədən kənd təsərrüfatında da ərəb sərmayəsinə rast gələ bilirik. Düzdür, Qərb sərmayəsi ilə müqayisə etsək ərəb sərmayəsi nisbətən daha az innovativ və texnolojidir. Ancaq buna baxmayaraq yenə də vəsait vəsaitdir. Bu vəsaitlərlə əlavə iş yerinin yaradılması, əlavə dəyərin formalaşdırılması, istehsal mühitinin inkişafı mümkündür. Bundan yararlanmaq üçün Azərbaycanda xüsusi investisiya proqramları qəbul oluna bilər. Bu proqramlar çərçivəsində hədəf qrupu ölkələri üçün, yəni ərəb ölkələri üçün əlavə təşviqedici mexanizmlər tətbiq etmək yolu ilə, eyni zamanda investisiya zəmanətliliyi mexanizminin daha da gücləndirilməsi, müdaxilələrin məhdudlaşdırılması ilə ərəblərin Azərbaycanın qeyri-neft istiqamətli sahələrinə yatırımlarını cəlb etmək mümkündür”.
Xeberdar.net