TANINMIŞ REJİSSOR-AKTYORDAN SENSASİON MÜRACİƏT:""Bütün Əliyevçilərin sonu budur"u eşitməmək üçün ölkədən gedə bilərəm"

1 040 1-02-2018, 15:52 siyaset / gundem

TANINMIŞ REJİSSOR-AKTYORDAN SENSASİON MÜRACİƏT:""Bütün Əliyevçilərin sonu budur"u eşitməmək üçün ölkədən gedə bilərəm"
Tanınmış rejissor, aktyor və yazar Rza Rzayev ölkə Prezidenti İlham Əliyevə xitabən media və sosial şəbəkələr vasitəsiylə yaydığı müraciətində Bakıdakı 220 saylı məktəb-litseydə baş verənlərlə bağlı sensasion faktlar açıqlayıb.

Strateq.az xəbər verir ki, yaxın qohumunun işlədiyi bu məktəbdə baş verən özbaşınalıqlara və müəllim adına yaraşımayan davranışlara açıq etiraz və ədalətin bərpası üçün müdaxilə edən Rza Rzayev dövlət başçısından təhsil müəssisəsində yaşanan rüsvayçılıqlara son qoyulması üçün tədbirlər görülməsini xahiş edir, tədbir görülməyəcəyi təqdirdə, ölkəni tərk edəcəyini vurğulayır.

Rza Rzayev müraciətində yazır:

"Hörmətli Cənab Prezident!

Nə vaxtsa belə bir mətn yazacağımı heç təsəvvürümə də gətirməzdim. Bu sətirləri yazdıqca, qələm əlimdə ən ağır yükə çevrilir. Məcburiyyət qarşısında qalıb, belə gərgin iş rejimində, vaxt azlığında Sizə müraciət edir, zamanınızı alırıq. Bu, bizi çox incitsə də, başqa yol qoymayıblar, buna görə, lütfən, üzrlü sayın.

90-cı ildən bu tərəfə dövlət üçün hər zaman öndə olmuşam, tanıyanlar tərəfindən və mətbuat səhifələrində qatı ƏLİYEVÇİ kimi təqdim olunmuşam. Nəzərinizə çatdırım ki, bir müddət dövlət məmuru kimi də çalışmışam, sonra öz istəyim və xahişimlə işdən azad olunmuşam. Yəni, heç vaxt vəzifə tutmaq iddiam olmayıb.

Sonra rejissorluq təhsili almışam – rejissorluq edirəm və çox da məmnunam işimdən.

Sizi narahat etmə səbəbimsə tam başqadır.

Ailə üzvlərimizin ən yaxınlarından biri 220 nömrəli məktəbdə 9 ilə yaxındır ki, ibtidai siniflər üzrə direktor müavini vəzifəsində çalışır. Neçə illərdir işini ləyaqətlə yerinə yetirir, kollektivin sevimlisidir, bu illər ərzində məktəbdə dövlətçilik əleyhinə təbliğat aparanlara qarşı mübarizə aparıb. Bu da bir çoxlarının marağı ilə üst-üstə düşməyib.

Son bir ildə yenə də məktəbdə dövlət əleyhinə aparılan təbliğatın üstünü açıb, etirazını bildirib ("X" adlı milli mənşəyi bilinməyən ədəbiyyat müəlliməsi “20 yanvar qırğınını yaxşı ediblər, niyə küçəyə çıxırdılar ki, onları da qırsınlar…"; ""Sarı Gəlin" ermənilərin mahnısıdır” – müəllimə şagirdlərə dərsdə bunları təbliğ edirmiş və burada yaza bilmədiyim başqa məsələləri). Həmin müəllimə yuxarı siniflər üzrə direktor müavini olan Aybəniz Mirzəliyeva tərəfindən iclasda dəstəklənsə də, dövlət orqanlarına keçmiş direktor tərəfindən bu barədə məlumat veriləndən sonra həmin müəllimə işdən uzaqlaşdırılıb.

Aybəniz Mirzəliyeva xoşagəlməz davranışları və mənəviyyatsız hərəkətləri ilə məktəbdə ad çıxarmış birisidir, məktəbdə işləyən siyasi və milli mənşəyi bəlli olmayan bir neçə müəllimlə "xüsusi", yaşına və başına yaraşmayan hərəkətlərlə tanınıb (bu adamların siyasi və milli mənşəyi dövlət orqanları tərəfindən yoxlansa, onların neçə illərdir apardıqları təbliğat üzə çıxar və təsdiqini tapar), dövlətçilik əleyhinə təbliğat aparanları dəstəkləyib, əxlaqsız hərəkətlərinə dözməyən bir neçə müəllimə tərəfindən hətta döyülüb də.

Şagirdlər zarafatla stolların üstünə "Aybəniz + X" yazırlar (keçirilən iclasda onun böhtançı ittihamlarına qarşı yuxarıda söylədiyim əməlləri fakt ilə üzünə deyilib və susdurulub). Və 6 ay öncə 220 saylı məktəbin direktoru işdən çıxarılıb, yerinə əvəzedici kimi Tural Mirzəliyev təyin olunub.

Yeni direktor əvəzedicisi heç bir idarəetmə qabiliyyətinə malik olmayan, adi etik normaları və danışıq qaydalarını bilməyən 35-37 yaşlı birisidir və orta məktəbdə əsas qadın müəllimlərin çalışdığını nəzərə alsaq, onun qüsurlu danışığı və hərəkətləri ciddi problemlər yaratmağa başlayıb.

Məsələn, direktor əvəzi qadın müəllimələri tək-tək otağına çağırır, stolu çəkib müəllimələr ilə üz-üzə oturur, məktəbə aidiyyatı olmayan suallar verir: “Sən adının mənasını bilirsən? Bilmirsən, mən deyim”. Sonra kompüterə girib adın mənasına baxıb deyir: “Sənin adının mənası – gözündən atəş, od yağan deməkdir”.

Və yaxud başqa birilərini çağırıb yenə mətləbə dəxli olmayan suallar verir: “fılan şeyə münasibətiniz necədir?” (burada yaza bilməyəcəyim məzmunda).

Müəllimələr direktor əvəzedicisinin hərəkətlərindən direktor müavini çalışan yaxın ailə üzvümüzə şikayət ediblər və deyiblər ki, bir də direktor əvəzedicisi onları çağırsa, onun otağına getməyəcəklər. O da direktor əvəzedicisinə “Belə olmaz, cavan qadınlardır, etik davranışlara riayət etmək lazımdır, sizin kimə iş ilə bağlı sözünüz varsa, mənim vasitəmlə deyə bilərsiniz” – deyib.

Sonra direktor əvəzedicisi direktor müavininə hazırlıq pulu yığmaq tapşırığını verib, o da bunun qanunsuz olduğunu deyib, yığmayıb, başqa birinə tapşırıb – özü ilə yeni gətirdiyi və təsərrüfat müdiri təyin etdiyi Gülşən adlı xanıma. (Əslində hazırlıq pulları üçün valideynlərlə müqavilə bağlanmalı və məktəbin hesabına keçirilməlidir, bunlar pulu nəqd qaydada yığırlar, pullar, guya, məktəbə xərclənir. Müəllimələrin öz imzaları ilə nə qədər pul verdiklərinin siyahısı var, valideynlərin içində isə təbliğat aparır ki, “Mənim restoranım və moykam var, oradan gələn gəlirin bir hissəsini məktəbə xərcləyirəm”)

Gülbəniz adlı psixoloq isə öz işi ilə məşğul olmaq əvəzinə, məktəbəqədər hazırlıq kursuna gələn uşaqlara dərs keçir və direktor əvəzinin tapşırığı ilə adam başına 40 manatdan pul yığır. Əslində, bu kurs pulsuzdur.

Bunları etmədiyinə görə, Tural Mirzəliyev keçmişdəki, yəni, siyasi və milli mənşəyi bilinməyən (əslində bilirik) xüsusi vaxtlarda dövlətçiliyin əleyhinə çıxan yuxarı siniflər üzrə direktor müavini Aybəniz Mirzəliyeva (bu zatın qardaşı 210 saylı məktəbin keçmiş direktoru olub, rüşvət üstündə işdən çıxarılıb) ilə birləşib təxribatçı hərəkətlər edirlər, onların sözünə baxmayan, hərəkətlərini təqdir etməyən ibtidai siniflər üzrə direktor müavinini cəzalandırmaq fikrinə düşüblər.

İbtidai siniflərin korpusu ayrıdır. Gah “Niyə gətirib sizin korpusda elan paylayıblar?” kimi bəhanələr gətirirlər (yuxarı siniflər üçün korpusda da paylanır və qapıçı yad adamları içəri buraxmasın, əgər icazəsizdirsə) və əslində buna da direktor əvəzi özü icazə verib, bu gün də bəzi şirkətlər dərsi pozaraq bu işlərini davam etdirirlər. Direktor əvəzedicisinə məlumat verdikdə, tədbir görmək əvəzinə, deyir ki, bunları Bakı Şəhər Təhsil İdarəsindən tapşırıblar.

Sonra ibtidai sinif uşaqlarının bilik səviyyəsini yoxlamaq üçün monitorinq keçiriblər, cavabları yenə Aybəniz və dəstəsi yoxlayıb, göstərici aşağı olub, valideynlər və müəllimlər narazılıq ediblər, qiymətləndirmə ilə razılaşmayıblar. Müəllimələr testləri alıb yenidən özləri yoxlayıblar. Təkrar yoxlamanın nəticəsindən bəlli olub ki, bilərək 50 faiz şagirdin cavabları səhv dəyərləndirilib, testin cavabları aşağı qiymətləndirilib. Fakt qarşısında qalandan sonra, monitorinqin cavablarını direktor əvəzedicisi ləğv edib. Və sonra yaxın ailə üzvümüz olan direktor müavinini direktor əvəzedicisi yanına çağırıb deyib: “Mən deyənləri etmirsən, müəllimlərini müdafiə edirsən, səni işdən çıxarıram, yerinə "X" adlı müəlliməni təyin edirəm” ("X" adlı müəllimə isə məktəbdə neçə illərdir ki, pul sələmə verir, bir neçə müəllim sələmi qaytara bilmədiyi üçün evini satıb).

İbtidai siniflərin Müəllimə Kollektivi bu addımdan narazı qalıblar və etiraz ərizəsi yazıblar, sonra direktor əvəzedicisi deyib: “İşdən çıxarmıram, işini dəyişirəm”… Və özü də heç bir səbəb göstərmədən.

Məsələni araşdırmaq üçün özüm şəxsən direktor əvəzedicisi Tural Mirzəliyevin yanında oldum.

Deyirəm:

– İnsanların heç də hamısı anasının-bacısının yanında olmur, ətraf, cəmiyyət onları qorumalıdır, sən hələ məktəb direktorunu əvəz edirsən, bu nə hərəkətlər və danışıq tərzidir?.

Cavabında deyir:

– Mən filoloqam, necə istəyirəm, danışa bilərəm.

Biz tərəfdən istənilən cavabını alır, belə başa salırıq:

– Filoloq kimi evində anan və bacınla danış! Bura məktəbdir, sən də məktəb direktorunu əvəz edirsən. Burada özünü filoloq kimi yox, məktəb direktorunu əvəz edən şəxs kimi aparmalısan.

Yanvar ayının 31-də iclas keçirilib, direktor əvəzedicisinin tapşırığı ilə Aybəniz və dəstəsi işlənmiş reseptlər ilə şantaja keçiblər və dəqiq cavabla susdurulublar, əməlləri üzlərinə deyilib, daha danışmayıblar. Etiraz edən müəllimlərə təzyiqlər olub, Gülşən adlı köməkçisi, yəni, Turalın pul yığanı bir-bir sinifləri gəzib, deyib: “Biz deyənə kim etiraz etsə, işdən çıxarılacaq, bu, Bakı Şəhər Təhsil İdarəsinin tapşırığıdır” və s.

Tural Mirzəliyev və Aybəniz Mirzəliyevanın soyadları eynidir, qohum olub-olmadıqlarını bilmirəm, amma eyni təbiətli olduqları ortadadır. Amma bunlar bir şeyi unudublar – ümummilli liderimiz Heydər Əliyevin qurduğu dövlətdə haqq əvvəl-axır öz yerini tapır və tapacaq.

Dünyada gedən gərgin proseslərin fonunda, cəmiyyətimizin həssas dönəmində belə əxlaqsız, düşünülməmiş hərəkətlər hər an dövlətçiliyimiz üçün təhlükə yaradır və məsul bir fərdin qüsurlu hərəkəti bütün hakimiyyətin idarəçiliyinin ifadəsi kimi başa düşülür.

Cənab Prezident, bu məsələ təcili öz haqlı həllini tapmasa, daha böyük faciələrə gətirib çıxara bilər – belə danışığın, hərəkətlərin fərdi cavabına! Sizdən xahişimiz budur ki, bu məsələnin qərəzsiz, tərəf tutulmadan yoxlanıb ciddi tədbir görülməsi üçün əmr və tapşırıq verəsiniz.

Bu məsələ haqlı həllini tapmasa, “Bütün qatı ƏLİYEVÇİLƏRİN sonu budur!” kəlməsini eşitməmək üçün – baş götürüb Azərbaycandan gedəcəyəm!

Hörmətlə,

rejissor, aktyor, yazar Rza Rzayev"

TANINMIŞ REJİSSOR-AKTYORDAN SENSASİON MÜRACİƏT:""Bütün Əliyevçilərin sonu budur"u eşitməmək üçün ölkədən gedə bilərəm"
TANINMIŞ REJİSSOR-AKTYORDAN SENSASİON MÜRACİƏT:""Bütün Əliyevçilərin sonu budur"u eşitməmək üçün ölkədən gedə bilərəm"
TANINMIŞ REJİSSOR-AKTYORDAN SENSASİON MÜRACİƏT:""Bütün Əliyevçilərin sonu budur"u eşitməmək üçün ölkədən gedə bilərəm"

XƏBƏR LENTİ