ELBƏYİ CƏLALOĞLU
“Ramiz, vallah, mənlik deyil”
(Əvvəli BU LİNKDƏ My Webpage)
1957-ci ildə orta məktəbə getmişəm. Orta məktəbdə fərqlənən şagirdlərdən olmuşam. Müəllimlərim xətirimi çox istəyirdilər. Şagird təşkilat komitəsinin sədri seçilmişdim. Bu səbəbdən də müəllimlər otağına sərbəst girib-çıxa bilirdim, müəllim kolektivi ilə oturub-dururdum. Bütün bunlara rəğmən məktəb illərimi həyatımın xoşbəxt vaxtlarından hesab edirəm. Ən güclü müəllimlərim ibtidai sinif müəllimləri olublar. Vədut müəllim hər şeyə məsuliyyətlə yanaşan, qar-çovğuna məhəl qoymadan dərsə vaxtında gəlib, vaxtında gedən, tələbkar, eyni zamanda, yüksək öyrətmə qabiliyyətinə malik bir insan idi. Eynilə Cəmilə müəllimə də çox yaxşı pedaqoq olduğu kimi, həm də qiymətli insan idi, bizə ana qayğısı göstərərdi, dərslərin öyrədilməsində başqalarına gözəl bir nümunə idi.
Qeyd edim ki, müəllimlərimizin çoxu Tiflisdə yaşayırdılar və elektrik qatarı ilə oradan hər gün məktəbə işə gəlirdilər. Məktəbdə bütün fənlərə yaxşı hazırlaşırdım, amma üç fənni – ədəbiyyat, riyaziyyat və fizikanı xüsusilə qeyd etmək istərdim. Bu üç fənn üzrə, sözün əsl mənasında, bəxtimiz gətirmişdi. Riyaziyyat müəllimi Heydər müəllim barədə qısaca danışım. Sonralar anladım ki, Heydər müəllim çox çətin tənlikləri həll edə bilmir, buna baxmayaraq, dərslikdə olan məsələləri bizə heyranedici səviyyədə başa salırdı, özü də çox məsuliyyətli idi. Ədəbiyyat müəllimim Humay müəllimə (ona “Xumar müəllimə” deyə müraciət edirdik) dərsə son dərəcə diqqətlə yanaşırdı. Hətta bir dəfə inşa yazdırmışdı, mənim yazımı yoxladıqdan sonra, – bu, iki vergülü düz qoymayıb, buna necə “5” yazım, – deyə atamın yanına gəlmişdi. Fizika müəllimi Səyyad müəllim də dəyərli, savadlı və həm də yaxşı tədris təşkilatçısı idi. Onların sayəsində rayon olimpiadalarında qalib gəlirdik, respublika olimpiadalarında müəyyən yerlərə sahib olurduq. Maraqlı burasıdır ki, mən kimyanı az oxuduğum halda olumpiadada həmin fənn üzrə respublika birincisi oldum. Ümumiyyətlə, orta məktəbi əla qiymətlərlə oxumuşam, lakin qızıl medal ala bilməmişəm. Bu mükafatı almaq üçün valideynlərimizdən rüşvət tələb olunurdu, biz isə buna razı olmadıq. Bu səbəbdən attestatımda alman dili fənnindən “3” yazılıb. Ona görə “3” ki, əgər “4” yazılsaydı gümüş medal almalıydım. Alman dili müəlliməm Zaira xanımın attestatımda qiymətimi görcək ağlaya-ağlaya “Ramiz, vallah, mənlik deyil”, deyə kədərləndiyini heç unutmuram. Amma əvvəlki illərdə 10-a qədər məzun qızıl medal almışdı. Ümumiyyətlə, Qaracalar məktəbi rayonda ən irəlidə gedən məktəblərdən idi. Rayon təhsil şöbəsindən yoxlamağa gələn nümayəndələr şagirdlərin biliyinə heyran qalırdılar. 1980-ci ilə qədər məktəbimizdə üç kəndin uşaqları dərs alırdı. 4-cü sinifdən Qaratəhlə, 7-ci sinifdən Ağtəhlə kəndinin uşaqları da bizim məktəbə gəlirdilər. Bu səbəbdən bəzi illərdə hətta beş buraxılış sinfi olurdu.
Məktəbdə hərdənbir şuluq işlərimiz də olurdu. Çaçava soyadlı bir rus dili müəllimimiz vardı. Bu adam avtoqələm vurğunu idi. Biz də bunu bilirdik, ona görə də, əvvəlcədən bir sınıq avtoqələm tapırdıq, dərsə başlamazdan əvvəl həmin qələmi təmir etməyi ondan xahiş edirdik. O, dərsin axırına kimi qələmin təmiri ilə məşğul olurdu, biz də sərbəst olur, “keyf edirdik”. Bir dəfə müəllimin stuluna qır yaxmışıq, amma buna görə bizi məktəbdə və evdə möhkəm cəzalandırdılar. Bundan başqa, liderlik hisslərim də baş qaldırırdı. Bir dəfə dərsdən kütləvi qaçmaq məsələsini təşkil etmişdim. İdman yarışlarımız da olurdu. “Yuxarı məhəllə”, “Orta məhəllə”, “Aşağı məhəllə”, “Vağzal” və “Araz” adları altında futbol komandalarımız var idi. Mən “Araz”ın təşkilatçısı və kapitanı idim. Valideynlərimizdən pul alıb özümüzə futbol forması aldıq, üzərinə komandamızın adını və nömrəmizi yazdıq. Bu, o zaman üçün kənd futbolunda irəli addım idi, bizim azərkeşlərin sayı artmışdı. Qeyd edim ki, 1960-1970-ci illərdə məclislərdə ön sıralarda səsləndirdiyimiz, ayağa durub içdiyimiz sağlıqlardan biri iki qardaşın – Quzey və Güney Azərbaycanın Arazın üstündə görüşəcəyi günü arzulamaq idi. Bu mənada “Araz” adı bizdən ötrü çox əziz idi.
Bunlardan başqa, məhəllələrarası davalarımız da olurdu, gündüz “silahlarımız”ı münasib bir yerdə gizlədər, axşam-dəsdən sonra hərənin əlində bir ağac və ya çırpılı iri budaq, ta tərəflərdən biri təslim olana qədər döyüşürdük. Hadisədən xəbər tutan valideynlərimiz isə bizə “məhkəmə” qurur, cəzalandırırdılar.
Dağlarda keçən uşaqlıq illəri
Mənim uşaqlıq dövrümün yay fəsilləri həmişə dağlarda keçibdir. Belə ki, tarixən bizim xalqın, o cümlədən Qaracalar kəndi camaatının dağı-aranı olmuşdur, yayda dağa köçərdilər, payızda isə arana, yəni öz evlərinə qayıdardılar. Bu, bir növ yarımtərəkəmə həyatı idi. Yaz gələndə mal-qoyunu dağa qaldırar, onun ardınca da çobanlar, uşaqlar, qadınlar gedərdilər dağa, dəyə qurub ta payıza qədər, Sovet dövründə isə sentyabrda dərs başlanana qədər, dağda qalardılar. Bu dağda təmiz hava və sudan, təzə süd və qatıqdan, ətdən qidalanan insanlar sağlamlaşar, uşaqların üzü yüksəklikdə dağ günəşinin ultrabənövşəyi şüalarından qabıq qoyardı. Dağlarda Sovet hökuməti qurulmamışdan əvvəl var-dövləti, çoxlu sayda mal-qoyunu olmuş köhnə kişilərin (o cümlədən mənim Məcid babamın) o dağlarda xalxallarının izi qalmışdı və bizlər bunlarla fəxr edirdik. Onu da qeyd edim ki, Sovet hökuməti bu dağlıq otlaq ərazilərini bizim kəndlərə rəsmi surətdə verdikdə, həmin bu amil əsas götürülmüşdür, yəni o yerlər bizlərin dədə-baba yay otlaq yerləri olmuşdur. Hazırda belə reallıq yoxdur, Sovet hökuməti dağılanda, hər yerdə olduğu kimi, Gürcüstanda da hərc-mərclik oldu, torpaqlar heç bir hüququ əsas olmadan müvəqqəti yaradılmış özəl təşkilatlara verildi. Bu özəl təşkilatları da, adətən, axırıncı kolxoz sədri və yaxud sovxoz direktorları yaratmışdılar. İndi Qaracalarda çoxlu sayda qoyunu olan sahibkar çoban öz dədə-baba dağımıza – yaylağımıza qalxmaq üçün kiməsə yaylağın kirayə pulunu verməlidir.
Coğrafi olaraq bu dağlar müasir Gürcüstan Respublikasının cənub-şərqində, Cavaxeti yaylasında, Türkiyə sərhədinə yaxın 2000-3000 metr hündürlüklü bir ərazini əhatə edir. Bura Yer kürəsinin ən gözəl alp çəmənliklərindən biridir. Heç İsveçrənin alp çəmənliyi (mən orada da olmuşam) də belə füsunkar deyildir. Yüksək hündürlük meşə örtüyünün yaranmasına imkan vermir. Lakin bu ərazilər çəmənlik, gül-çiçək, bulaqlar, vulkanik püskürmələr ilə zəngindir. Camaat hündürlüyü bəzən 3500 metrə çatan bu vulkanik püskürmələrə – dağlara ad qoymuşdu: Xanımçıxan, Böyük qırmızı, Bala qırmızı, Çınqıl, Koroğlu, Dəli dağ və s. Biz uşaqlar bu zirvələri fəth etməyi bir qəhrəmanlıq sayırdıq. Səhər tezdən pendir-çörəyimizi götürüb yollanırdıq, məsələn, Xanımçıxana doğru. Bir neçə saat yol gedər, dağın ətəyinə çatar, sonra bir neçə saat da dağın zirvəsinə qalxardıq. Dağın zirvəsinə çatdıqdan sonra hər kəs öz “qurqasını” qurar, özümüz ilə gətirdiyimiz bıçaq və ya dəmir parçası ilə buradakı qayaların üstünə adımızı yazardıq ki, bilsinlər ki, mən burada olmuşam. Hər kəs hansı dağın zirvəsinə neçə dəfə qalxması ilə qürrələnərdi. Zirvəsinə qalxdığımız və bizi təəcübləndirən belə dağlardan biri də, iki zirvəsi olan Koroğlu dağı idi. Belə ki, biz bu dağın birinci zirvəsinə qalxdıqda orada bir xalxal gördük və təəccübləndik: bu hündürlükdə bu, nəyə lazımdır? Sonra onun içinə girdik və qayalardan evciklərin qurulduğunu gördük. Bir qədər gəzdikdən sonra xalxalın içindən bir yol çıxdığını gördük və bu yol bizi daha çox təəccübləndirdi. Bu yüksəklikdə qayalardan salınmış dolama yolun üstü ilə minik avtomobili sürmək olardı. Dolama yol daha yüksəkdə yerləşmiş ikinci zirvəyə aparırdı. İkinci zirvə daha böyük və möhtəşəm idi və burada özünəməxsus qala divarı – xalxal tikilmişdi. Burada qayalardan düzəldilmiş evlərdə bir təbəqələnmə görünürdü, bəyin və yaxud rəisin evi, nökərin-qulluqçunun evi və s. Biz burada həm qədim (kaman, ox, qılınc və s.) və həm də nisbətən sonrakı dövrün (tapanca, tüfəng və s.) silahlarının qırıqlarını tapdıq. Təəssüf edirəm ki, o dağa bir də qalxa bilmərəm, yoxsa orada gördüklərim indi mənə daha çox şeylər deyərdi. Əlbəttə, bizim yaylağın ən böyük incisi indi adını dəyişməyə çalışdıqları Pərvanə gölüdür və bütün dünya xəritələrində o belə adlanır. Bu gölün ətrafında o zaman Çar Rusiyasından sürgün edilmiş duxoborların (starover) Tambovka, Poka, Aysor və s. kəndləri yerləşmişdi. İndi RF onları mütəşəkkil şəkildə Rusiyaya köçürüb.
Bir kərə səhər tezdən yuxudan durub, pendir-çörəyimizi götürüb yollandıq Xanımçıxan dağına doğru, onun zirvəsinə qalxmağa. Təqribən iki saat yol gedəndən sonra gəlib çıxdıq dağın ətəyinə, bir o qədər vaxta da qalxdıq zirvəyə. “Qurqamızı” qoyduq, pendir-çörəyimizi yedik, bir az dincəldik, aşağı enmək istəyəndə elə qatı çən gəldi ki, 2-3 metrdən o yanı görmək olmurdu. Bir təhər zirvədən aşağı düşdük, orada da yenə həmin mənzərə – qatı duman-çən var idi. Bilmirdik hansı tərəfə gedək, kompas deyilən cihazımız yox idi, ümid ona idi ki, bəlkə, bir yol tapaq, o da bizi bir çoban binəsinə çıxardar. Buralarda yol dedikdə, göy otun, çəmənliyin üstü ilə getmiş bir yük maşınının izi nəzərdə tutulur. Yoxsa, kim idi buralarda yol salan. Heç bir yol tapmadıq, Allaha güman yola düşdük. Tanıdığımız qayalara, dərələrə və yamaclara görə binələrimizə doğru getdik, amma bunların hamısı bir qeyri-müəyyənlik idi, hava qaralmışdı, bizi canavarlar parçalaya bilərdilər. Xeyli belə qeyri-müəyyənlik içində gedəndən sonra (artıq gecə saat 12-yə yaxınlaşırdı, möhkəm qoruxurduq) qulağımıza itlərin səsi gəldi, bir azdan binələrimizdən olan və bizi axtarmağa gələn kişilərin harayını eşitdik. Demək, onlara demişdilər ki, biz səhər getdik Xanımçıxana doğru, onlar da bu istiqamətdə axtarmağa başlamışdılar. Nə isə, bu səslərə doğru getdik, bizi axtaranları tapdıq. Bizi yaxşıca danladılar, hətta döymək cəzası da vermək istədilər, amma bunu etmədilər, ciddi danlamaqla kifayətləndilər, səhəri isə Dəli dağa aparıb oradakı pirdə qurban kəsdilər.
Bu dağ həyatının öz aləmi vardı. At-eşşək minib yarışlar təşkil etmək, top-qırma, dirədöymə, qumar oynamaq, qonşu Sarvan, Təhlə dağlarına qonaq getmək və qonaq qəbul etmək, kəndlərin dağları arasında futbol yarışları keçirmək bizim yaylaq həyatımızın unudulmaz anları idi. Dağda ən qaynar həyat şənbə-bazar günləri olurdu. Bu günlərdə dağa “arançı”lar gələrdilər, özü ilə azuqə, uşaqlara isə təzə paltar və digər hədiyyələr gətirərdilər. Biz uşaqlar xeyli yol gedib arançını uzaqda qarşılayar və sonra onun maşınının arxasından sallaşıb onunla dağa, binələrin yanına gələrdik. Belə şeylər bizə ləzzət verərdi. Kəndin kişilərinin çoxusu həmin günlərdə dağa gələr, bulaq başında heyvan kəsər, yeyib-içər, qumar oynayar, bəzən də keflilikdən dava salardılar. Bazar günü axşam kişilərin hamısı təcili maşına minib arana qayıdardılar, ona görə ki, bazarertəsi səhər işdə olmalı idilər. Onlar getdikdən sonra bir sakitlik, sükut yaranırdı, səhəri günü isə dağda yenə həyat əvvəlki axarına düşərdi...
(Davamı var)
xEBERDAR.NET