Qardaş qatilinin məhkəməsi - "Uşaq vaxtı yıxılmışdı, başından xəsarət almışdı"

635 21-02-2018, 14:03 cemiyyet / gundem

Qardaş qatilinin məhkəməsi - "Uşaq vaxtı yıxılmışdı, başından xəsarət almışdı"Qardaşını öldürməkdə təqdirləndirilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Əliyev Əli Ramazan oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin atası Ramazan Əliyev ifadə verib. O söyləyib ki, hadisə zamanı evdə olmayıb. Hadisəni eşitdikdən sonra da evə gəlib.

Göz yaşlarını saxlaya bilməyən Ramazan Əliyev danışa bilməyib.

Məhkəmədə təqsirləndirilən şəxsin anası Gülzar Əliyeva da ifadə verib. O, hadisənin adi bir mübahisə üstündə baş verdiyini söyləyib.

G.Əliyeva mərhum oğlunun əsəbi olduğunu və bəzən qardaşı ilə məişət məsələlərinə görə mübahisə etdiklərini söyləyib. Hadisə günü baş verənlər haqda danışan G.Əliyeva söyləyib ki, mətbəxdə olarkən övladlarının mübahisəsini eşidib. Ana bu zaman övladlarının həmişə olduğu kimi mübahisə etdiklərini düşünüb.

Muradın qışqırdığını eşidən zaman isə otağa gedib.

"Gördüm ki, otaq qandır. Murad da yıxılıb. Əli orda yox idi. Qışqırmağa başladım. Təcili yardım çağırdım"- deyə mərhumun anası bildirib.

G.Əliyeva qeyd edib ki, təqsirləndirilən oğlunun psixi problemləri var. O, oğlunun uşaq vaxtı yıxıldığını və başından ağır xəsarət aldığını deyib.

"Əli Moskvada təhsil alırdı. Bir müddət sonra Bakıya qayıtdı. Evdə olanda da görürdüm ki, başını yun şalla bağlayır. Səbəbini soruşurdum. Deyirdi ki, başı möhkəm ağrıyır. Düşünürdüm ki, bəlkə Moskvada nədənsə qorxub, dalaşıb. Deyirdi ki, heç nə olmayıb. Əli atasının sağ əli, qardaşı da sol əli idi. İndi atasının hər iki qolu yoxdur"- deyə G.Əliyeva söyləyib.

Məhkəmə təqsirləndirilən Əli Əliyevə də ifadə verməyi təklif edib. Hakim Ə.Əliyevin qapalı məhkəmə iclasında dindirilməsi barədə qərar verib.

Hadisə ötən ilin avqustunda Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada baş verib.

Əli Əliyev qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb.

1990-cı il təvəllüdlü Əli Əliyev Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib, həm də cüdoçudur. Onun bıçaqlayaraq öldürdüyü qardaşı, 1983-cü il təvəllüdlü Murad Əliyev isə konq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı imiş.

Hadisənin ilkin təfərrüatına görə qardaşlar televizora baxmaq üstündə mübahisə ediblər. Daha sonra əlbəyaxa dava yaranıb. Əli mətbəx bıçağını götürərək qardaşına hücum edib və çoxsaylı zərbələr endib.

Əli Əliyev hadisədən sonra evdən qaçıb. O, polis əməkdaşları tərəfindən həbs edilib.

Xeberdar.net

XƏBƏR LENTİ