Sovet hakimiyyəti illərində dinə qarşı mübarizədə Azərbaycan filosoflarının rolu

1 064 21-02-2018, 15:18 kose / gundem

Sovet hakimiyyəti illərində dinə qarşı mübarizədə   Azərbaycan filosoflarının rolu
1920-ci il aprelin 28-də qırmızı bolşeviklər Azərbaycanı işğal etdilər. Musavatın hakimiyyəti devrildi. Azərbaycan Sovet Sosialist Respublikası elan edildi. Bundan sonra Azərbaycanda sosialist tədbirləri həyata keçirilməyə başladı. Əvvəlcə mülkədar torpaqları müsadirə olunub kəndlilərə verildi. Meşələr, sular, təbii sərvətlər, neft, balıq sənayesi, banklar, nəqliyyat, Xəzər Ticarət Donanması və başqaları milliləşdirildi. Bərbad hala salınmış kənd və xalq təsərrüfatının dirçəldilməsi vəbərpa edilməsi üçün yeni tədbirlər planı hazırlanıb həyata keçirilməyə başladı.
Neft sənayesində birinci olaraq texniki yeidənqurma dövrünə qədəm qoyuldu. 1937-ci ildə istehsal olunan neftin 75 faizini Aazərbaycan verirdi. İşsizlik ləğv edilir, fəhlələrin maddi rifahı yaxşılaşır, mədəni-texniki səviyyəsi yüksəlirdi. Respublikada əsil mədəni inqilab həyata keçirilirdi.
“ 1940-cı ildə məktəb və texnikumlarda 32 min tələbə təhsil alırdı. Azərbaycanda 60 elmi-tədqiqat müəssisəsi var idi. İnqilabın ən böyük nailiyyətlərindən biri də qadınların azad edilməsi və onların sosializm quruculuğunun bütün sahələrinə cəlb olunmasından ibarət idi. 1940-cı ildə ali məktəb və texnikum tələbələrinin 25 faizi q1adınlar idi”.(ASE.1970).
Müharibədən sonrakı illərdə ağır və yangül sənaye, energetikanın bazası, nəqliyyat, rabitə və başqaları daha sürətlə inkişaf etməyə başladı. Elm və mədəniyyət, ədəbiyyat və incəsənət, maarif sahəsində əsil inqilab baş verdi. Azərbaycan başdan-başa savadlılar ölkəsinə çevrildi. 12 ali məktəb, Elmlər Akademiyası, elmi-tədqiqat müəssisələrinin böyük şəbəkəsi fəaliyyət göstərirdi.
Xalq təsərrüfatında, elm və mədəniyyət , ictimai və dövlət işlərində qadınlara daha çox yer verildi. Azaərbaycan xalqının mənəvi həyatında, mədəniyyətinin formalaşmasında mətbuat, radio, mədəni-maarif müəssisələri böyük rol oynadı
İncəsənətimiz müqayisəedilməz səviyyəyə qalxdı.. Azərbaycan Dövlət Konservatoriyası və Filarmoniya yaradıldı. Opera və balet sənəti inkişaf etməyə başladı. Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Akademuk Dram Teatrı, Səməd Vurğun adına Azzərbaycan Dövlət Rus Dram Teatrı, Cəfər Cabbarlı adına Kirovabad(Gəncə) Dövlət Dram Teatrı, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı və başqaları yaradıldı.
Kino sənəti sürətlə inkişaf etdi. Təsviri incəsənətdə görkəmli nailiyyətlər əldə edildi. Ölkədə səhiyyə ocaqlarının sayı sürətlə artmağa başladı. Respublikanın xalq səhiyyə sistemində 12 min nəfərə yaxın həkim, 34 mindən çox tibb işçisi çalışırdı. 475 xəstəxana, 930 ambulatoriya-poliklinika, 1700 feldşer-mama məntəqəsi, 78 sanatoriya-epidemiologiya stansiyası, 74 təcili yardım stansiyası əhaliyə tibbi xidmıət göstərirdi. 11 Elmi –Tədqiqat Tibb İnstitutu, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu, 17 orta tibb məktəbi vardı.
Sovet hakimiyyəti illərində xalq maarifi sürətlə inkişaf etdi. Ana dilində ibtidai, orta və ali məktəblər açıldı.Təhsil pulsuz oldu. Pedaqoji kadrlar ordusu meydana gəldi. Azərbaycan qızları təhsilə cəlb edildi.Yaşlılar üçün savad kursları açıldı. Yeni tədris planları və proqramları yaradıldı, Ana dilində dərsliklər nəşr olundu.
1940-cı ildə Azərbaycanda 1668 ibtidai, 1240 yeddiillik, 654 orta məktəb var idi. 1933-1940-cı illərdə 339 məktəb binası tikildi. 1940-cı ildə Azərbaycanın məktəblərində 22 min müəllim işləyirdi. Respublikada 2650 kütləvi kitabxana, 35 muzey, 1725 klub və b. mədəni-maarif müəssisəsi var idi. Elmin bütün sahələri tarixdə görünməmiş səviyyədə inkişaf etdi.
Azərbaycanda sovet hakimiyyətinin qurulması fəlsəfi fikrin inkişafında da dönüş nöqtəsi oldu. Mətbuatda fəlsəfə və ateizm məsələlərinə dair məqalələr dərc olunur, burjua ideologiyasına və dinə qarşı fəal mübarizə aparılırdı. Fəlsəfə və ictimai fikrin tədqiqində Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutu böyük rol oynamışdır. Fəlsəfə məsələləri: fəlsəfə tarixi, dialektik və tarixi materializm, estetika və etika, məntiq elmi ateizm istiqamətlərində tədqiq edilmişdir. Fəlsəfə tarixinə dair A.Makovelski, H.Hüseynov, Ə.Zəkuyev, M.Qasımov, Ə.Agahi, M.Ağamirov, Ə.Əhmədov, Z.Göyüşov, Z.Quluzadə, S.Rzaquluzadə, V.Səmədov, Ə.Ə.Səidzadə, F.Köçərli və F.Qasımzadənin əsərləri nəşr olunmuşdur.
Bu əsərlərdə sofistlərin, qədim yunan materialistlərinin, Şərq filosoflarının, orta əsr və habelə X1X-XX əsr ictimai fikrinin görkəmli nümayəndələrinin fəlsəfi irsləri tədqiq edilmişdir. Bununla bərabər, Azərbaycan fəlsəfəsində müəyyən yer tutan zərdüştilik, sufilik, xürrəmilik, hürufilik cərəyanları da tədqiqatlara cəlb edilmişdir.
Məntiq, etika və estetikaya aid əsərlərdə Azərbaycanda estetik və etik fikir tarixi, incəsənətin tərbiyəvi rolu, kommunist əxlaqının mühüm norma və prinsipləri, marksist etikanın kateqoriyaları, əxlaqın başqa ictimai şüur formaları ilə əlaqəsi, əmək, vətənpərvərlik və beynəlmiləlçilik problemləri tədqiq olunurdu. Ümumiyyətlə, Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutunun yaradılması marksist-leninçi fəlsəfənin tədqiqində böyük rol oynamışdır. Elm, təhsil, mədəniyyət, təsərrüfat və sənaye sahələrində əldə olunan nailiyyətlərə baxmayaraq, Sovet hökuməti öz fəaliyyətinin ilk günlərindən ümumən ölkədə, o cümlədən Azərbaycanda böyük faciələrə, müsibətlərə, görünməmiş dəhşətli hadisələrə səbəb oldu. V.İ.Leninin başçılıq etdiyi bu dövlətin verdiyi ilk dekretlərdən biri məktəbin kilsədən, kilsənin dövlətdən ayrılması haqqında oldu.
Sələflərindən fərqli olaraq, Sovet hökuməti dinə qarşı çox kəskin və amansız mübarizə aparmağa başladı. K.Marksin “din bəşəriyyət üçün tiryəkdir” fikrini bayraq edərək dinə, xüsusən islam dininə qarşı daha ciddi və təsirli mübarizə aparmağın yolları, vasitələri haqqında pıanlar hazırlandı, layihələr tərtib edildi. Əhaliyə “Allahsız” kitabçaları paylandı. 10 minlərlə müsəlman katorqalara sürgün edildi, əmlakları müsadirə olundu, müqavimət gtöstərmək istəyənlər yerindəcə güllələndilər. Məscidlərin bir hissəsi dağıdıldı, bir hissəsi ambarlara çevrildi. Hər cür dini mərasim və ayinlər qadağan edildi. Dinə və onun bütün təzahür formalarına qarşı mübarizə dövlətin başlıca ideologiyasına çevrildi. Bütün dövlət strukturlarında: uşaq bqğçalarından tutmuş ali məktəblərə qədər, idarə və müəssisələrdə, fabrik və zavodlarda ateizmin təbliğat maşını gecə-gündüz işlıyərək, insanlarda dinə qarşı inamsızlıq yaratmağa, onları dindən uzaqlaşdirmağa, Allaha inanmamağa, mövhumata uymamağa, özlərinə, öz qüvvə və bacarıqlarına, biliklərinə güvnəməyə çağırırdı.

Bu fırtına Azərbaycandan da yan keçmədi. Bolşeviklər 1920-ci ildə Azərbaycanın milli dövlətini yıxdılar. Azərbaycanı özlərinin müstəmlələrinə çevirdilər. Ədalətsiz və sərt qanunlar tətbiq oluindu. Burada da minlərlə müsəlman”molla” damğası ilə məhv edildi Ölənlərin dəfn mərasimi belə nəzarət altına alınır, dini ayinlərin icrasına icazə verilmir, yığıncaqlar yasaq edilirdi. Minlərlə insanın taleyi haqqında hələ indi də məlumat yoxdur. Artıq ölkədə ateistlər hərəkatı meydana gəlmişdi. Bu hərəkatdan kənarda qalmağın təhlükəli olduğunu anlayanlar da öz iradələrinin əksinə gedərək, həmin hərəkata qoşulmaq məcburiyyətində qalır və bir növ, özlərini sığorta etdirmiş olurdular.
Ölkə əhalisinin, demək olar ki, əksəriyyəti: bəziləri öz razılığı, bəziləri də qorxudan ateistə çevrildilər. Ateizm təbliğatı bütün fəaliyyət sahələrini öz əhatəsinə aldı. Ədəbiyyatçı da, tarixçi də, fizik də, coğrafiyaçı da, bioloq da, bir sözlə,bütün ixtisas sahələrində çalışanlar ateist oldular. Bu işdə tarixçilər və filosoflar birincilik qazandılar. Dinin mahiyyətini başa düşüb-düşməməsindən asılı olmayaraq,böyük bir qrup filosof ateizm cəbhəsinə keçdi və bütün səy və bacarıqlarını bu sahəyə həsr etdi.
Ateizm ruhunda çoxlu məqalələr, kitab və kitabçalar, dissertasiyalar, monoqrafiyalar yazıldı. Ateist filosoflara fəxri fərmanlar, döş nişanları, mükafatlar və s. verildi. “Fədakarlıq” göstərdiklərinə görə vəzifəyə seçilənlər də oldu. İslam dininin irəli sürdüyü bütün mülahizə və müddəalar ağına-bozuna bazmayaraq, ucdantutma “yalan”, “əfsanə”, “uydurma”, “ gülünc və mənasız şeylər” kimi qələmə verildi. Din xadimlərini təhqir edən karikaturalar çəkildi, teatr tamaşaları hazırlandı, şair və yazıçılar arasında müsabiqələr keçirildi, təbliğat və təşviqat dəstələri yaradıldı, bir sözlə, Sovet hökuməti islam dininə qarşı çox ciddi və qəti mübarizə üçün bütün imkanları, qüvvələri səfərbərliyə aldı.
Dinin, şəriətin , dini mərasimlərin və ayinlərin əleyhinə yönəlmiş və Sovet hakimiyyətinin siyasi platformasının düzgünlüyünü təbliğ edən yazılar müzakirəyə qoyulur, müəllifləri mətbuatda işıqlandırılır, əsil Sovet ziyalısı kimi qələmə verilirdi.
Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Cəlil Məmmədquluzadənin, Seyid Hüseynin, Cəfər Cabbarlının və s. onlarla müəllifin əsərləri əsasında hazırlanmış tamaşalar onilliklər ərzində səhnədən düşmədi. Yeni nəslin—kommunist gənclərin (komsomolçuların) ateizm ruhunda tərbiyəsində bu əsərlər çox böyük “rol” oynadı. Əgər 1300 il bundan qabaq insanlar dinsizlikdə təqsirləndirilərək qılıncdan keçirilirdilərsə, XX əsrdə , əksinə, onlar dindarlıqda suçlanır, böyük fəlakət və müsibətlərə düçar olurdular.
Sovetlərə qədər dindarlar çoxluq və dinin bəzi cəhətlərini dənqid edənlər azlıq təşkil edirdilərsə, indi tamamilə əks hadisə özünü göstərirdi: dinsizlər, ateistlər çox, dindarlar isə, demək olar ki, yox idi. Əlbəttə, bu, zahiri görüntü idi. İnsanların ətinə, qanına, sümüyünə, iliyinə qədər işləmiş dini ideologiyanı ləğv etmək, aradan qaldırmaq mümkün deyildi.
Sovet hökuməti özünün strukturuna və platformasına görə mövcud dövlətlərdən tamamilə fərqli idi. O özünü “əli qabarlı zəhmətkeş xalq kütlələrinin dövləti” kimi qələmə verir, kapitalizmi məhv edib sosializm quruluşunu həyata keçirməklə xalq kütləılərinin xoşbəxt və firavan həyatını təmin edəcəyini qətiyyətlə bildirirdi. Həm də göstərilirdi ki, bu mühüm və vacib vəzifəni yerinə yetirmək üçün bir sıra maneələri aradan götürmək lazımdır. Birinci növbədə, xalqın şüurunu, beynini köhnəliklərdən, ətalətdən, cəhalətdən təmizləmək, onlarda özünə qarşı inam yaratmaq, dünyanı dəyişdirmək qabiliyyətinə malik olduğunu onlara sübut etmək lazımdır. İnsanlar bilməlidirlər ki, zülm, istismar, təqib və təzyiq altında yaşamaq, kiminsə köləsi və qulu olmaq, hüququ əlindən alınıb heyvan kimi ömür sürmək heç bir alın yazısı, allahın məsləhəti, taleyin qisməti və hökmü deyildir.
Bunlar cəhalətin, mövhumatın, nadanlığın nəticəsidir. İnsanın taleyi, xoşbəxt həyatı, xoş gələcəyi onun öz əlindədir. Elmin, maarifin köməyi ilə insan mövhumat və xurafatdan qurtulub əsil həqiqəti, reallığı dərk edər, düşdüyü vəziyyətin səbəbini araşdırar, həmin səbəbi aradan götürmək üçün yollar axtarar, nəhayət, axtardığını tapa bilər. Lakin din, mövhumat, fanatizm insanlara bu barədə düşünməyi qadağan edir və bildirir ki, hər çey allahın iradəsindən asılıdır. Sən allahın iradəsinə qarşı çıxa bilməzsən, gücün çatmaz. Allah insanın alnına hər nə yazıbsa, o da olacaq. O, hər şeyi görür və bilir.İstədiyi admı hər şeylə təmin edir, istəmədiyi adamı zəlalətə salır, məhrumiyyətlərə düçar edir. İnsanlar həmişə şükür etməlidirlər ki, onlar sağ-salamatdırlar, görürlər, eşidirlər, hərəkət edə bilirlər.
İnsanın taleyi o, hələ dünyaya gəlməzdən əvvəl “lövhi-məhfuzda” allah tərəfindən müəyyən edilmişdir ki, buna da “alın yazısı” deyirlər. Bu yazı heç bir qüvvə tərəfindən dəyişdirilə və ya pozula bilməz. Hər bir insan həmin yazı çərçivəsində hərəkət edə, fəaliyyət göstərə bilər. İnsan aciz bir məxluqdur.Həyatını dəyişdirmək haqqında hər hansı bir təşəbbüsü allaha qarşı çıxmaqdır və cəzası axirət dünyasında cəhənnəm odunda yandırılmaqdır”
Sovet hökuməti dinin bu göstərişlərinə qarşı çıxaraq, onu əfsanə, heç bir məntiqə, fakta, ağıla sığmayan cəfəngiyat hesab edir, insanları dünyanın dəyişdiricisi, qurucusu, onun sirlərini öyrənməyə, öz həyatını istədiyi kimi qurmağa, dünyaya meydan oxumağa qadir yeganə varlıq kimi göstərir, heç bir ilahi, fövqəladə qüvvəyə inanmamağı, yalnız elmin sayəsində öz gücünə, iradəsinə, biliyinə, bacarığına inanmağı təkidlə tələb edirdi.
Sosializmin bərqərar olması bu yeni sistemə qarşı mübarizəyə qalxmış dünya dövlətləri ilə ölüm-dirim savaşında qalib gəlmək nətıcəsində mümkün idi. Buna nail olmaq üçün xalq kütlələrinin birliyi, mətinliyi, mübarizliyi uğrunda canlarından keçdikləıri, bu yeni quruluşun, doğrudan da onlara firavan, xoşbəxt və sakit həyat gətirıcıyinə dərin inamın olması vacib idi.
Din xadimləri isə hər cür vasitə ilə bu inamı öldürməyə, insanların belə hərəkətlərini Allahın iradəsinə qarşı çıxmaq kimi qiymətləndirməyə çalışırdılar. Bir sözlə, dindarlar və din xadimləri dünyada hər hansı bir yeniliyi, dəyişikliyi bidət kimi qələmə verir, sosializm quruluşuna düşmən münasibət bəsləyirdilər. Digər tərəfdən, kapitalizm quruluşu din xadimlərinin məınafeyinə uyğun olduğu üçün onlar bu qurulişun əleyhinə çıxan hər cür nəzəri və əməli fəaliyyətə qarşı müxalif mövqe tutur, sovet hökumətini də tənqid və təkfir edirdilər. Xalq kütlələri içərisində əks təbliğat aparır, onları allahın işinə qarışmamağa, sovet hakimiyyətinə qarşı aparılan mübarizə cəbhəsində iştirak etməyə xüsusi səy göstərirdilər
Qeyd etmək lazımdır ki, Sovet hökuməti aparatında erməni millətindən olan nümayəndələrin müəyyən vəzifələr tutması, Azərbaycanın bolşeviklər tərəfindən işğalında erməni əskər və zabitlərinin fəal iştirakı, Azərbaycan hökumətində ermənilərin yüksək vəzifələrə təyin edilməsi nəinki din xadimlərinin, heç din ilə əlaqəsi olmayan minlərlə müsəlmanın “ingilis casusu”, “əksnqilabçı” damğası ilə Rusiyanın ölüm düşərgələrinə sürgün edilmələrinə səbəb oldu.
Millətin düşünən beyni hesab olunan yüzlərlə ziyalısı erməni millətçilərinin əli ilə həbsxanalara salındı, işkəncə və təhqirlərə məruz qaldı, vəhşıcəsinə güllələndi. Bütün bunalara baxmayaraq, islam dinini, onun mərasimlərini, qayda-qanunlarını yaradanlar, onlara riayət edənlər yenə də mövcud idi, öz fəaliyyətlərini gizli şəkildə davam etdirirdilər. Hökumət , ilan yarpızdan qorxan kimi, İslam dinindən qorxur, min illər ərzində insanların qanına, canına, sümüyünə hopmuş bu dinin təsirini zəiflətmək, insanların beynindən, şüurundan silmək üçün bütün vasitələrə əl atırdı.
Xalq Daxili İşlər Komissarlığının yerli rayon şöbələrində əsas vəzifələrə ermənilərin təyin edilməsi kəndlərin, rayonların ağsaqqallardan, , başbilənlərdən məhrum olması və get-gedə boşalmasına səbəb olurdu. Yaşlı insanlar söyləyirlər ki, kəndlərdə xüsusi “agentlər” işləyirdilər və onlar ehtiyatsızlıq üzündən avam və savadsız qocaların, uşaqların ağızlarından çıxan hər bir sözü öz “ağalarına” çatdırır və sabahkı gün kənddə “toy-bayram” başlayırdı. İş o yerə çatmışdı ki, yas məclislərində qadınlara ağı demək də qadağan edilmişdi.
Yas mərasimləri ciddi nəzarət altında idi. Dinə qarşı təbliğat aparmaq üçün xüsusi mühazirəçilər qrupu rayonlara, kəndlərə göndərilir, onlar da ən təhqiramiz sözlərlə islam dinini gözdən salır, onu insanların əsas və əsil düşməni kimi qələmə verirdilər. İslam dini ilə heç bir əlaqəsi olmayan, beş minillik tarixə söykənən milli bayramımız – bahar bayramı (Nobruz bayramı) da yasaq edilmişdi. Azərbaycan xalq mahnıları Cənubi Azərbaycanda oxonduğuna görə bizdə bu mahnıların (məsələn, “qaragilə” mahnısını)ifası qadağan idi. Bunu bədxah erməni millətçiləri çirkin məqsədlə təşkil edirdilər.
Qəribəlik bundadır ki, ermənilərin Azərbaycan xalqının-türklərin məhv edilməsinə, soyqırımına yönəlmiş bu fəaliyyətlərini azərbaycanlı rəhbərlər (türklər) başa düşməmiş, bunun qisasçılıq məqsədilə həyata keçirildiyini dərk etməmişlər. Ermənilərin verdikləri məlumatları saf-çürük etmədən, yoxlamadan, yaxşı-yaxşı öyrənmədən irəli sürülən ittihamları təsdiq etmiş və həyata keçirmişlər. Bəlkə də bu siyasətin mahiyyətini başa düşmüş, lakin gücləri çatmadığı, “yuxarıdan” verilən göstərişlərə qarşı çıxa bilmədikləri və ya hakimiyyət, mənsəb, vəzifə hərisliyi onların gözlərini qapadığı üçün belə faciələrə, müsibətlərə rəvac vermişlər. Hər halda bu kimi məsələlərin araşdırılması, əsil həqiqətin üzə çıxarılması çox vacibdir. Bugünkü dövlətçiliyimizin demokratik yolla idarə olunması üçün kadr seçimində bu məsələ mühüm rol oynaya bilər.

Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi Işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru,Qabaqcıl Maarif Xadimi

XƏBƏR LENTİ