"Soyundurub, iyrənc hərəkətlər ediblər"- Xırdalanda İranlı iş adamının şəriki niyə öldürülüb?

808 23-02-2018, 16:14 cemiyyet / gundem


"Soyundurub, iyrənc hərəkətlər ediblər"- Xırdalanda İranlı iş adamının şəriki niyə öldürülüb?Xırdalanda ölümlə nəticələnən atışmaya görə həbs edilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar, Məhəmməd Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisi Yeganə Nəcəfova da məhkəmədə iştirak edib.

Məhkəmədə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Xəyal Paşayev bir qrup şəxslə birləşərək özgənin əmlakı ələ keçirməyi planlaşdırıb.

Qeyd edilir ki, Xəyal Paşayev bir qrup şəxslə İran vətəndaşı Bəşir Qəhramaninin şəriki olmuş Valeh Nəcəfovu oğurlayaraq onu hədələyiblər. Məqsəd Nəcəfovun Bəşir Qəhramaniyə olan 31 min dollar pulunu geri qaytarmasını tələb etmək olub.

Onlar Nəcəfovu oğurlayaraq Manqal restoranına gətiriblər. Orada onu soyunduraraq döyüblər. Ailə üzvlərinə və yaxınlarına işgəncə verəcəklərini deyərək onu hədələyiblər.

V.Nəcəfov dəstə üzvləri ilə razılaşıb və evdə olan xanımına məxsus qızılları verəcəyini deyib. Birlikdə evə gedərək evdən 15 min manat dəyəri olan qızıl zinət əşyaları götürüblər.

Daha sonra pulun qalan hissəsini də hədə-qorxu ilə tələb ediblər. Pulu vermədikdə isə Nəcəfovu yenidən görüşə çağıraraq onu döyüblər.

İttihamda yazılır ki, Nəcəfov görüşə silahla gəlib. Dəstə üzvləri tərəfindən döyülən Nəcəfov əlini silaha atıb. Bu zaman Xəyal Paşayev və digərləri silahı Nəcəfovun əlindən alıblar. Daha sonra isə silahla atəş açılıb və güllə Nəcəfovun baş nahiyəsinə dəyib. Xəsarət alan şəxs hadisə yerində dünyasını dəyişib.

Təqsirləndirilən şəxslər xuliqanlıq niyyəti ilə adam öldürmə, hədə-qorxu ilə tələb etmə, adam oğurluğu və digər cinayətləri törətməkdə ittiham edilirlər.

Xəyal Paşayev ittihamla özünü qismən təqsirli bildiyini, borcunu istədiyini söyləyib: "Xuliqanlıqda təqsirli bilirəm. Amma mən özüm zərərçəkmişəm. 3 güllə yarası almışam. Borcu istəmək hədə-qorxu gəlməkdisə, nə deyə bilərəm?".

Təqsirləndirilən Kənan Həsənov ittihamla özünü təqsirli bilmədiyini deyib. Bilal Bayramov da özünü təqsirli bilməyib. Digər təqsirləndirilənlər Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədov da özünü təqsirli bilməyiblər.

Prosesin davamında mərhumun xanımı, hüquqi varis kimi Yeganə Nəcəfova ifadə verib. O, söyləyib ki, hadisə günü yoldaşı evdən gedib. Sonra qayıdanda isə deyib ki, şəriki onu sifariş verib:

"Soruşdum ki, nə olub? Dedi ki, Xırdalan uşaqları gəlib. Şərikinin onu sifariş verdiyini pulunu istədiyini söylədi. Qızılları istədi. Götürüb getdi. Mən də qorxdum ki, başına iş gələr. Bir neçə saat sonra gəldi. Sevindim ki, salamatçılıqdır. Qızılı ucuz qiymətləndirmişdilər. O da deyirdi ki, qızılı öz zərgərinə aparacaq. Bir neçə gün sonra yenə görüşə getdi. Zəng elədik, amma telefona cavab vermədi. Növbəti dəfə zəng edəndə bir nəfər açıb dedi ki, Valehin ayağı qəzada sınıb. Mən də telefonu Valehə verməsini istədim. Amma vermədi. Təcili xəstəxanaya getdim. Bilmirdik ki, başına nə gəlib? Səhərə yaxın öyrəndik ki, yoldaşım dünyasını dəyişib".

Y.Nəcəfova təqsirləndirilən şəxsləri tanımadığını söyləyib. Suallara cavabında bildirib ki, yoldaşının Bəşir adlı İran vətəndaşı ilə şərikli biznesinin olduğunu təsdiqləyib. Söyləyib ki, 30 min aralarında borc söhbəti olub: "Yoldaşım Moskvaya göyərti göndərirdi. Həmin ərəfədə xeyir iş var idi. Malın üstündə Valeh özü gedə bilmədi. Mal xarab çıxdığı üçün aralarında mübahisə olmuşdu".

Y.Nəcəfova bu barədə polisə məlumat verməyə cəhd etdiyini, amma yoldaşının bina icazə vermədiyini söyləyib:

"Mən gördüm ki, yoldaşımı hədələyirlər. Dedim ki, polisə gedək. İcazə vermədi. Dedi ki, sən arvadsan, kişi işinə qarışma. Onu da söylədi ki, ailəsi ilə hədələyirlər. Yoldaşım üzərində silah gəzdirən adam olmayıb. Heç vaxt görməmişəm. Soyundurulub döyülməsi məsələsindən xəbərim olub. Həmin olanları danışıb, bir daha xatırlamaq istəmirəm. İyrənc hərəkətlər ediblər, işgəncə veriblər".

Qeyd edək ki, hadisə ötən il Xırdalan şəhərində baş verib.

Atışmada 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğlu başından güllələnərək qətlə yetirilib.

Hadisə zamanı digər bir şəxs - 1985-ci il təvəllüdlü Qəbələ sakini Paşayev Xəyal Oqtay oğlu isə üç odlu silah yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. O, qarın və qol nahiyələrindən yaralanıb. Yaralını xilas etmək mümkün olub.

Daha sonra Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədov saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

Xeberdar.net

XƏBƏR LENTİ