“Ya mənim səlahiyyətlərimin doğru – dürüst icrasına imkan verin, ya da mən istefa verirəm.”
Şamaxı rayon İcra hakimiyyəti artıq bir neçə ildir ki, memarsız fəaliyyət göstərirdi. Rüstəm adlı baş memar təxminən 3 il əvvəl vəzifəsindən azad edilsə də, RİH - in səlahiyyətliləri həmin posta münasib şəxs tapa bilmirdilər. Şamaxı RİH-nin rəsmi saytında “Aparatın strukturu” bölməsində “şöbə müdiri – baş memar” qrafası boş göstərilsə də, İcra Hakmiyyətindəki mənbədən Conflict.az-a daxil olan məlumatda bildrilir ki, rayon rəhbərliyi peşəkarlığı ilə seçilən Rüstəm müəllimi bir neçə ay öncə yenidən uzaqlaşdırıldığı görəvinə qaytarıb. Lakin bu dəfə fərqli statusda. Mənbənin verdiyi məlumata görə RİH-də hər bir işi öz monopoliyasında saxlayan I müavin Qasım Qasımov baş memarında işinə ciddi müdaxilə edir.
Yəni Qasım Qasımovun göstərişinə əsasən baş memarın görəvi I müavinın təlimatı ilə hazırlanan sənədə imza çəkməkdən başqa bir şey deyil. Mənbənin bildirdiyinə görə bu vəziyyətdən kifayət qədər narazı olan baş memar, ötən gün istefa ərizəsi yazıb. “Ya mənim səlahiyyətlərimin doğru – dürüst icrasına imkan verin, ya da mən istefa verirəm.” Məlumat verən mənbə baş memarın istefa ərizəsinin RİH rəhbərliyini kifayət qədər narahat etdiyini bildirdi. Çünki bir neçə il öncə vəzifəsindən çıxarılan Rüstəm müəllimi əvəz edən tapılmdığı üçün yenidən onun özünü həmin görəvə təyin edən rəhbərlik, baş memarın şərtini yerinə yetirməyi düşünür. Qasım Qasımov isə hələ ki, baş memarın iddiası ilə bağlı əzələ nümayiş etdirir.
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, mövqelərini dərc etməyə hazırdır.
Xeberdar.net